Şuşada “bu gecəni pis deyiblər” və Ukraynanın çıxış yolu

13-02-2022, 18:45           
Şuşada “bu gecəni pis deyiblər” və Ukraynanın çıxış yolu
Qərbin Ukraynaya müdaxiləsi o qədər kobud oldu ki, Moskva nəyə əli yetdisə, onu Kiyevdən qoparıb aldı, indi isə əraziləri nə müharibə ilə geri qaytarmaq mümkündür, nə də sülhlə...
Ukraynada baş verənləri həyəcansız izləmək mümkün deyil. Qoca Baydenin “fevralın 16-da müharibə başlayır” kimi münəccimliyi, digər Qərb ölkələrinin vətəndaşlarını Kiyevdən qaçırması, davamlı olaraq bu əsəbi həssas ölkəyə silah daşınması, bəzi hava yolları şirkətlərini qorxuya salıb Ukraynanın hava sərhədlərinə daxil olmaqdan imtinaya vadar etməsi nə yazıq ki, günümüzün reallığıdır.

Çin olimpiadasında gopçuluq üzrə də yarış keçirilsəydi, xüsusilə Ağ Ev administrasiyası yəqin ki, son yalanlarına görə qızıl medala iddia edə bilərdilər. Rusiyanın aqressiv, daima işğalçı planları olduğunu heç kim inkar etmir, amma görünən odur ki, Moskvanın indilikdə belə bir açıq hərbi müdaxilə planı yoxdur. O halda Ukrayna xalqı və dövləti üzərindən bu cür çirkin oyun ikrah doğurur.

Ukrayna bu cür gərgin “müharibə basqısı” altında çox qala bilməz. Öz təcrübəmdən deyirəm: müharibə vaxtı Şuşada “bu gecəni pis deyiblər” kimi bir deyim vardı. Haradan gəlirdi bu dezinformasiyalar, indi əhəmiyyəti yoxdur, amma bu şayiələr şəhəri daima psixoloji basqı altında saxlayırdı, onsuz da zəif olan müdafiəni laxladırdı, xüsusilə mülkü adamlar qorxu altında yaşayırdılar. Və bu “pis gecələr” heç bitmirdi ki...

Ukrayna fəal müharibə zonası deyil, amma həm Donbasda, həm digər bölgələrdə əhalinin hazırda necə gərginlik içərisində yaşadığını o günləri görmüş adam üçün anlamaq çətin deyil...

O fikrimdə yenə qalıram ki, Ukrayna dövlət olaraq bir çox ciddi səhvlərə yol verib və indi də xalq onun altını çəkir. Əvvəla, Rusiyanın “ağzının içində” birbaşa Qərbin maraqlarına xidmət edəcək siyasi kurs götürmək kökündən yanlış idi. Ukrayna xalqı da, dövləti də bu siyasətdən heç nə qazanmadı. Rusiya əlbəttə ki, Ukraynanı gözündən uzağa buraxmaq istəmirdi, amma bu “ayrılıq” bu cür qan-qadalı, Kiyev üçün bunca ağır nəticələr vermədən də mümkün ola bilərdi. Rusiya Ukraynanın müstəqil siyasi kurs götürməsinə etiraz edəcəkdi, hətta müqavimət də göstərəcəkdi. Amma Kiyev həm Krımı, həm şərq vilayətlərini itirməyə bilərdi. Qərbin Ukraynaya “Avromaydan”la müdaxiləsi o qədər kobud oldu ki, Moskva nəyə əli yetdisə, onu Kiyevdən qoparıb aldı. İndi isə itirilmiş əraziləri nə müharibə ilə geri qaytarmaq mümkün olur, nə də sülhlə...

Məlumdur ki, Ukraynanın şərqindəki münaqişə 2014-cü ildə Donbas sakinlərinin Maydan hərəkatının hakimiyyətə gətirdiyi qüvvələri tanımamaqla başlayıb. Separatçıları ram etmək üçün başlamış silahlı münaqişə Rusiyanın birbaşa dəstəyi ilə Ukrayna ordusunun məğlubiyyəti ilə nəticələnib, Kiyev bu bölgəyə nəzarəti tam itirib.

Minsk razılaşmalarına(2014-2015) əsasən, Kiyev Donetsk və Luqansk vilayətlərinin müəyyən ərazilərinə xüsusi status verməyi öhdəsinə götürüb. Bu da əlbəttə ki, o zamankı hakimiyyətin tələskənliyi olub. (Azərbaycanı atəşkəs və ondan sonrakı illərdə nə yaxşı ki, bu cür tələyə sala bilməyiblər). Ukrayna 2014-cü ildə Donbasın xüsusi statusu haqqında qanun da qəbul edib. Qanuna görə, Donbasın Ukrayna hakimiyyətinin nəzarətində olmayan bəzi ərazilərinə yalnız Ukrayna qanunları və beynəlxalq müşahidəçilərin nəzarəti altında yerli seçkilər keçirildikdən sonra xüsusi status verilməlidir. Bundan əlavə, qanun bu ərazilərdə özünüidarə seçkilərinin şərtlərini müəyyən edir. Bunlar arasında silahlı birləşmələrin və hərbi texnikanın çıxarılması, ifadə azadlığının təmin edilməsi, seçki prosesinə müdaxilənin qarşısının alınması və sairə daxildir.

2018-ci il yanvarın 18-də isə Ali Rada “Ukraynanın Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal olunmuş ərazilər üzərində dövlət suverenliyinin təmin edilməsi üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” qanun qəbul edib. Bu qanun isə Ukraynanın öz ərazilərinin qaytarması mexanizmini nəzərdə tutur. Qanun faktiki olaraq Ukrayna hakimiyyətinin Minsk razılaşmalarından imtinasını kimi qiymətləndirilir.

2019-cu ilin aprelində isə Rusiya prezidenti Vladimir Putin “DXR” və “LXR” sakinlərinə sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını almağa icazə verən fərman imzalayıb ki, bu da Rusiyanın da Minsk razılaşmasına əməl etmədiyinə sübutdur. Yəni nə Ukrayna, nə Rusiya istinad etdikləri yeganə sənəd olan Minsk razılaşmasına faktiki əməl etmirlər.

Birləşmiş Ştatların dövlət katibi bu günlərdə bəyan edib ki, Ukrayna Minsk razılaşmalarının həyata keçirilməsində “lazımi” ardıcıllıq təmin olursa, Donbasın xüsusi statusunun tanınmasında “irəli getməyə” hazır olacaq. Eyni zamanda o, “Normand formatını” (Rusiya, Almaniya, Fransa və Ukrayna) razılaşmaların həyata keçirilməsinin əsas mexanizmi adlandırıb. Amma illərdir deyilir, danışılır, ortada isə heç bir irəliləyiş yoxdur və bu gedişlə olmayacaq da...

Siyasi böhrandan həll yolu tapmaq diplomatların, siyasətçilərin işidir, vasitəçilik də prinsip etibarilə münaqişədə təməlli heç nəyi həll etmir. Ukrayna Donbasa hər hansı xüsusi status verdiyi halda, ölkənin federallaşacağlından ehtiyat edir. Rusiyada isə nə qədər ki, hakimiyyətdə Putindir, ərazi iddialarında çətin ki, geri çəkilsin...

Ukrayna isə Qərbin bu cür oyunlarından çıxıb ağıllı siyasət yürütməli, nə qədər çətin olsa da, çıxış yollarını özü tapmalıdır...

Nazim SABİROĞLU,
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.