Bu, ilk hadisə deyil! – “İran davamlı surətdə bizə qarşı narkotik…”
23-02-2022, 00:05

Azərbaycan-İran sərhədində silahlı insident olub. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, fevralın 21-i Şahağacı kəndinin cənubunda 2 nəfər saxlanılıb. Onlar kolluqda gizlədilən 1 ədəd kisəni götürəndə şübhə yaradıblar. Tutulanların Astara rayon sakinləri 44 yaşlı Ağayev Qurban Fərhad oğlu və Ağayeva Gülşən Vaqif qızı olması müəyyənləşdirilib. Q.Ağayev tapança ilə atəş açaraq sərhəd naryadının iki üzvünə yüngül xəsarət yetirib.
Hadisə yerindən götürülən kisəyə baxış keçirilərkən içərisindən ümumilikdə 16 kq 965 qr narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülüb.
Qeyd edək ki, tarix boyu İran Azərbaycana müxtəlif yollarla təsir edib. Farslaşdırma siyasəti aparıb, dini amillərlə idarə etməyə çalışıb.
Hər vəchlə öz məkirli planlarını həyata keçirməyə cəhd edib. Son zamanlar narkotika ilə bağlı cənub qonşumuz tərəfindən təhlükə genişlənir. Lakin rəsmi Tehran susur. Görünür, müəyyən mənfəətləri var.
Məsələ ilə bağlı “Sherg.az”a məlumat verən politoloq Sədrəddin Soltan İranın bilərək bu mövzu ilə bağlı tədbir görmədiyini vurğulayıb:
“Bu, Azərbaycan-İran sərhədindəki ilk hadisə deyil. Əvvəllər də bu xüsusda hadisələr baş verib. Məsələn, heç kim müşahidə etməyib ki, Azərbaycan tərəfindən İrana narkotik maddə aparılsın, onların bələdçiləri atəş açsın və s.
Bu tipli şeylər olmayıb. Belə nəticəyə gəlmək olar ki, İran davamlı surətdə bizə qarşı narkotik ixrac edir. Gedişat bu və ya fərqli formalarda aparılır. Məsələnin qarşısının alınmasında rəsmi Tehran maraqlı görünmür.
Əks halda belə vəziyyət tez-tez meydana gəlməzdi. Deməli, qanunsuz narkotikanın sərhədlərimizdən keçirilməsi mütəşəkkil həyata keçirilir. İranın məsul qurumları məsuliyyət daşıyırlar.
Onların bu hərəkəti Azərbaycan gənclərinin məhvinə rəvac verir. Ailələr dağılır, əzab çəkirlər və vətəndaşlar həbsxanalarda çürüyür”.