Vətənpərvərliyi şovinizmdən ayıran incə sədd: onlar bu həddi çoxdan tapdayıblar

25-02-2022, 08:06           
Vətənpərvərliyi şovinizmdən ayıran incə sədd:
Moskvanın ətraf ölkələrə səpdiyi separatçılıq toxumu elə Rusiyanın öz daxilində cücərəcək və bir gün udmurt, o biri gün tatar, üçüncü gün çeçen öz müstəqilliyini elan edəcək

Son aylar ərzində dünya gündəmini zəbt edən Rusiya-Ukrayna münasibətlərindəki gərginlik səngimək bilmir. Rəsmi Moskvanın qondarma “DXR” və “LXR”-i tanıması alovlanan tonqalı bir qədər də şiddətləndirdi. Vladimir Putin özünə xas, sağlam düşüncəyə isə zidd olan qərarı ilə yenə də bəşərin qalan hissəsinə meydan oxudu və faktiki olaraq sivil cəmiyyət qanunlarının Rusiya üçün yazılmadığını növbəti dəfə təsbit etdi.

Tarixə nəzər salsaq, müxtəlif dövrlərdə və ictimai formasiyalarda hegemon imperiyaların yer üzündə özbaşınalığı və cəngəllik qanunları əsasında davranmalarına kifayət qədər misal taparıq. Bu imperiyalar zaman ötdükcə bir-birini əvəzləyib, siyasətlərində dəyişikliklər baş verib. Lakin Rusiya barədə (XIII – XV əsrlər istisna olmaqla, onda da ruslar monqol-tatar boyunduruğunda olublar) bunu söyləmək mümkün deyil. İstər feodalizm dövründə, istər çar zamanında, istər kommunistlərin idarəçiliyində, istərsə də SSRİ dağıldıqdan sonra şimal qonşularımız təcavüzkar və qəsbkar xislətindən imtina etməyiblər.



Və bu gün cərəyan edən hadisələr, eyni zamanda sözügedən torpaqlarda formalaşan xalqın psixologiyası və DNT yaddaşı əsirlərin mirasının məntiqi davamıdır. Nəticədə isə şovinist bir düşüncə tərzinə malik geniş kütlə 21-ci əsrin üçüncü onilliyinin acı reallığına çevrilib. Bəs, nədir şovinizm?

Şovinizm termini 1831-ci ildə Fransada yazılmış komediyalardan birinin qəhrəmanı - Napoleonun işğalçılıq siyasətinin pərəstişkarı Nikola Şovenin adından yaranıb. Millətçiliyin ifrat, mürtəce formalarından biridir. Şovinizm siyasəti "ikinci dərəcəli" millət və irqlər üzərində hökmranlıq etməli bir millətin milli müstəsnalığını təbliğ edir. Bu təbliğat aşkar da ola bilər - necə ki, faşist Almaniyasının siyasəti bu anlayış üzərində təşəkkül tapmışdı.

Amma onun gizlin formaları da mövcuddur ki, bunu Rusiya imperiyasının nümunəsində aşkar sezmək mümkündür. Hakim dairələr tərəfindən aparılan təbliğat sadə insanlarda, əhalidə özlərinin fövqəladə düşüncəyə sahib olmaları barədə bir əminlik yaradıb. Bəli, tam yəqinliklə demək olar ki, bu proses indi də davam etsə də, sözügedən əminlik artıq insanların beyinlərində məskən salıb. Bunu anlamaq üçün sosial şəbəkələrin rus seqmentində, müxtəlif xəbər saytları və portalların şərh bölmələrində Rusiya-Ukrayna qarşıdurması və rəsmi Moskvanın qondarma “DXR” və “LXR”-i tanımasına dair yer alan fikirlərə nəzər salmaq kifayətdir.

Bir qayda olaraq istifadəçilər Kremlin ortaya qoyduğu mövqeyi dəstəkləyir, hətta bu zaman qarşı tərəfin ünvanına əxlaqsız və vulqar ifadələr işlətməkdən də çəkinmirlər. Bütün söylənənləri ümumiləşdirsək, belə bir mənzərə alınır: ruslar dünyanın ən qabaqcıl, mütərəqqi, fövqəladə insanı xüsusiyyətlərinə malik bir toplumudur və onlar dünyanın digər – geridə qalmış, düşüncəsiz, öz mənafeyini və zərərini dərk etməyə qadir olmayan xalqlarına görə məsuliyyət daşıyır, onları zülmətdən nura daşımaqla vəzifələniblər.

Maraqlıdır ki, bu zaman nə dünyanın siyasi xəritəsi, nə xalqların öz müqəddaratlarını özləri tərəfindən müəyyən etmək hüquqları, nə də suveren dövlətlərin qanuni ərazilərini müdafiə etmək hüququ xatırlanır. Nəticə isə göz önündədir. Rusiya onunla qonşuluqda yerləşmək bədbəxtliyinə düçar olan, taleyin bu acı qədərini yaşayan ölkələrin demək olar, hamısına qarşı ərazi iddiaları irəli sürür və imkan daxilində onların torpaqlarını quldurcasına zəbt edir. Gürcüstan, Ukrayna, Moldova artıq bu siyasətin qurbanına çevrilib. Daha neçəsində isə Kremlin gözü var, sadəcə uyğun zaman və uyğun şərait gözlənilir.



Rusiyada yaranmış vəziyyətin digər tərifi isə - kütləvi psixozdur. Bu, olduqca təhlükəli tendensiyadır: həm bu mərəzə düçar olan xalq üçün, həm də digər xalqlar üçün. Buna bariz nümunə kimi Hitler Almaniyasında yaşayan almanların psixoloji durumu, onların necə sidq niyyət və ürəklə faşizm ideologiyasına xidmət etmələrini göstərmək olar. Nəticənin necə olduğu isə hamıya bəllidir.

Bəli, nəticə acınacaqlı oldu. Faşizmə transformasiya olan qatı millətçilik və şovinizm sonunda bu ideologiyaya sarılan xalqın elə öz başında çatladı. Yalnız bundan sonra alman xalqı qəflət yuxusundan ayıldı. Lakin... Bu qayıdış neçə milyonlarla digər xalqların verdikləri qurbanlar nəticəsində hasil oldu? Nə qədər ağrılı, nə qədər acılı oldu bu oyanış! Sözsüz ki, günəş altında heç nə əbədi deyil.

Və bir gün Rusiyanın bu zorbalığına, qəsbkarlığına da son qoyulacaq. Sual oluna bilər: necə və hansı qiymətə? Qəti cavab vermək çətindir. Bəlkə də illərdir rəsmi Moskvanın ətraf ölkələrə səpdiyi separatçılıq toxumu elə Rusiyanın öz daxilində cücərəcək və bir gün udmurt, o biri gün tatar, üçüncü gün isə çeçen öz müstəqilliyini elan edəcək. Bundan sonra baş verənlər isə artıq prosesin “qiymətini” müəyyənləşdirəcək.

Kim bilir?! Əlbəttə ki, belə bir ssenari heç kimə sərfəli deyil. Lakin əbəs yerə deməyiblər: “Evin büllurdandırsa, qonşunun pəncərəsinə daş atma”.

Sonda isə qeyd etmək istərdik ki, hər bir normal şəxs mənsub olduğu xalqı, milləti, vətəndaşı olduğu dövləti sevməlidir, zərurət yarandıqda onun uğrunda canını da fəda etməlidir. Amma həmişə diqqət etmək lazımdır ki, bu sevgi çox zərif və həssas həddi aşaraq millətçilik və şovinizmə çevrilməsin. Çünki onun bədəli ağır olur: həm bu həddi aşan, həm də digər xalqlar üçün.

Müəllif: Polad Xudayarlı
ayna.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.