YAP şərh vermir, Müsavat pisləyir, qalanlar isə... - Partiyalar Rusiyanın Ukraynaya təcavüzünə necə yanaşır?

25-02-2022, 08:14           
YAP şərh vermir, Müsavat pisləyir, qalanlar isə... -
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü Azərbaycanda diqqətlə izlənir. Sosial şəbəkələrdə yer alan paylaşımlarda əksəriyyət Ukraynaya dəstəyini ifadə edir. Maraqlıdır, siyasi partiyalar beynəlxalq ictimaiyyəti silkələyən bu hadisəni necə qiymətləndirirlər?

Yeni Azərbaycan Partiyasından deputat Aydın Mirzəzadə "AzPolitika.info"-nun sorğusuna cavab olaraq deyib ki, bu barədə heç bir açıqlama verə bilməz.

ADP sədri Sərdar Cəlaloğlu isə qonaqlarının olduğunu bildirib və şərh vermək istəmədiyini söyləyib.

VHP sədri Sabir Rüstəmxanlı Xocalı faciəsinə həsr olunmuş tədbirlə əlaqədər Türkiyədə səfərdə olduğunu deyib və daha sonra şərh verəcəyini bildirib.

Müsavat Partiyasının başqanı Arif Hacılı "AzPolitika.info"-ya açıqlamasında Rusiyanın Ukraynaya qarşı hərbi hücumunu beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması adlandırıb: "Bu işğal dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənir və Azərbaycan cəmiyyəti də haqlı olaraq Ukraynada dövlətinin və xalqının yanındadır. Bu təkcə onunla bağlı deyil ki, 44 günlük müharibə zamanı Ukrayna postsovet ölkələri arasında Azərbaycana ilk dəstək verən ölkə olub. Həm də ona görə ki, Ukrayna dövləti tamamilə haqlıdır, Rusiya tərəfindən işğala məruz qalıb".

A.Hacılı əlavə edib ki, bu gün Rusiyanın Ukraynda etdiyi hərəkətlər dünya nizamına, beynəlxalq hüquqa qarşı da hücum sayılmalıdır: "Bu avantüra Ukraynada uğur qazansa, Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənsə, beynəlxalq təhlükəsizliyə, o cümlədən Şərqi Avropa ölkələrinə, Azərbaycana, Gürcüstana və s. dövlətlərin milli təhlükəsizliyinə qarşı ciddi təhlükə yaranacaq. Rusiya çalışacaq ki, postsovet regionunu, Şərqi Avropanı, Polşa və Finlandiyanı da ram edərək keçmiş SSRİ imperiyasını yenidən qursun. Ümid edirəm ki, sivil dünya Rusiyanın bu avantürasını dayandıracaq və dünya bu problemdən yaxa qurtaracaq".

A.Hacılı vurğulayıb ki, Müsavat Partiyası olaraq haqqın, ədalətin və Ukrayna dövlətinin yanındadırlar.

Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa “AzPolitika.info”-ya şərhində bildirib ki, Ukraynada baş verən hadisələr gözlənilən idi: “Qərbin qeyri-ciddi hədələri Rusiyanı dayandıra bilmədi. Eyni zamanda Ukrayna da vəziyyəti yumşaltmaq adına ciddi addım atmadı. Ukrayna arxayın oldu ki, Qərbin təzyiqləri təsirli olacaq və bu yolla Rusiya geri çəkiləcək. Amma məlum oldu ki, Rusiyanın bu mövzuda başqa planları var və hansısa formada geri çəkilmək niyyəti yoxdur. Ona görə də, ilkin hadisələr fonunda daha real siyasətə dönüş etmək lazımdır. Çünki Ukraynanın əlindəki imkanları da itirmə riski var".

F.Mustafanın sözlərinə görə, döyüşlər Ukraynanın ərazisində getdiyindən, bu hadisələrdən ən çox zərər görən Ukrayna xalqı olacaq: "Bu müharibə Ukraynanın böyük bir faciə yaşamasına gətirib çıxaracaq. Təbii ki, Rusiya da qazanclı tərəf olmayacaq”.

Deputat qeyd edib ki, indiki halda Rusiyanı durduracaq qətiyyətli bir lider yoxdur: “Nə ABŞ Prezidenti, nə də Avropa ölkələrinin başçıları bu istiqamətdə addım atmaq xarakterinə malik deyillər. Belə olan halda Ukrayna öz taleyini özü həll etməlidir. Düşünürəm ki, Ukrayna təcili surətdə Rusiya ilə hansısa formada danışıqlar aparmalıdır. Yoxsa müharibənin dəhşətləri yaxın günlərdə ortaya çıxacaq və böyük faciələr yaşanacaq. Hazırda Qərbin əlində prosesi yavaşlatmaq üçün hansı resursların olduğunu proqnozlaşdırmaq çətindir. Ancaq hər halda Qərbin təsirli mexanizmi olsaydı işə salardı".

Partiya sədri əlavə edib ki, Ukraynada baş verən hadisələr Azərbaycan üçün də arzuolunan deyil. Onun sözlərinə görə, hər hansı bir ölkənin ərazisinin işğal olunması, bunun adi bir hala çevrildiyini göstərir. "Bu hadisə digər ölkələr üçün də analoji narahatlığın yaranmasına əsas verir”.

Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirib ki, təcavüzkara qarşı və təcavüzə məruz qalanın yanındadırlar: "Rusiyanın təcavüzünü qətiyyətlə pisləyirəm. Dövlətimiz üçün olduqca məsuliyyətli andır. Azərbaycan hakimiyyətini qeyd şərtsiz və birmənalı şəkildə beynəlxalq hüququn, ədalətin, Türkiyənin yanında olmağa çağırıram. Təcavüzkar dayandırılmalı və cəzalandırılmalıdır!"

REAL Partiyasının sədri İlqar Məmmədov Rusiya ordusunun Ukrayna ərazisinə daxil olmasını beynəlxalq hüququn pozulması adlandırıb: "O da görünür ki, hazırda beynəlxalq hüquq və beynəlxalq əməl Ukraynanı qorumaq imkanında deyil. Rusiya qarşı Amerika və Avropa İttifaqı tərəfindən qoulan sanksiyalar var. Hesab edirəm ki, bu sanksiyaların ardınca Rusiyanın Avropa Şurasında üzvlüyünün dondurulması gəlməlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.