XARKOV ŞƏHƏRİ UĞRUNDA ŞİDDƏTLİ DÖYÜŞLƏR BAŞLAYIB... - Rusiya qoşunları Sumı bölgəsində məğlub olub geri çəkilib + VİDEOLAR (YENİLƏNİR)

25-02-2022, 08:18           
XARKOV ŞƏHƏRİ UĞRUNDA ŞİDDƏTLİ DÖYÜŞLƏR BAŞLAYIB... - Rusiya qoşunları Sumı bölgəsində məğlub olub geri çəkilib + VİDEOLAR (YENİLƏNİR)
Ukraynanın əhalinin sayına görə ikinci böyük şəhəri Xarkov uğrunda şiddətli döyüşlər başlayıb. Ukrayna ordusu işğalçı Rusiya ordusuna ciddi müqavimət göstərir.

“Sumı vilayətində ərazi müdafiə bölməsi Rusiya ordusunun döyüş hissələrini atıcı silahlardan istifadə edərək məğlubiyyətə uğradıb”. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Rusiya qoşunları geri çəkilib.

“Düşmən qorxur! Biz düşməni məhv etməyə hazır olan Ukrayna vətəndaşlarına müraciət edirik - balkondan bir şüşə yandırıcı məhlul və ya düşmənin şəxsi heyətinin olduğu maşına atıcı silahlardan atəş açmaq düşmən üçün əvəzedilməz itkidir”, - deyə Malyar bildirib.

Eyni zamanda Ukrayna ordusu Qostomeldə mövqelər uğrunda vuruşur..

Operativ məlumatlara görə, Rusiyanın hücumu nəticəsində 57 ukraynalı həlak olub.

Bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.

O, qeyd edib ki, hərbi əməliyyatlar zamanı daha 169 ukraynalı yaralanıb.

Bu arada Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb. Əməliyyatlar zamanı Çernobıl Atom Elektrik Stansiyası, Qostomel hava limanı, Xerson şəhərləri ələ keçirilib, bir sıra obyektlərə hava zərbələri endirilib.

Çerniqov yaxınlığında məğlub olan rus qoşunlarının videosu yayılıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiya qüvvələrinin zirehli texnika karvanını məhv edib.

Bundan əlavə, Snovsk şəhərində yerli müdafiəçilər Rusiyaya məxsus minaaxtaran tankı ələ keçirib, ekipaj isə əsir götürülüb.
“Hazırda Rusiya Federasiyası ilə bütün sərhədboyu döyüşlər gedir. Rusiya ordusu Ukraynaya hücum edir”.

Bunu Ukrayna prezidenti ofisinin rəhbəri Mixaylo Podoliak brifinqdə bildirib.

Onun dediyinə görə, hazırda vəziyyət nəzarət altındadır.

“Şəhərlər, xüsusilə də hava limanları, hərbi infrastruktur və sairin atəşə tutulması ilə bağlı təbii fəsadlar ola biləcəyini deməliyəm. Bu fəsadların gün ərzində olacağı yəqindir" - deyə Ukrayna rəsmisi vurğulayıb.

Ukrayna KİV-nin məlumatına görə, hazırda Axtırka və Sumı şəhərləri uğrunda şiddətli döyüşlər gedir.

Rusiya Ordusu Ukraynanın Sumı vilayətində bir neçə istiqamət üzrə irəliləyir.

“Hazırda Sumı vilaəytinin ərazisində Rusiya Federasiyasının texnikası hərəkət edir”, - deyə vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski Facebook-da yazıb.

Rusiya Ordusunun tank kolonlarının Sumı şəhəri, Xotın, Mezenovka kəndində, Bolşoy Pisarevka qəsəbəsində hərəkət edir.

***

Ukrayna hərbi qüvvələri Luqanskdakı Sçastye və Mariupol şəhərlərini tam nəzarətinə qaytarıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukrayna qüvvələri həmçinin Çerniqov əyalətində düşmənin hərəkətini dayandırıb. Lakin bununla yanaşı, Xarkov istiqamətində ağır döyüşlər davam edir.

Bu arada Rusiya Hərbi-dəniz qüvvələrinə məxsus gəmilər Ukraynaya aid Zmeinıy adasına yaxınlaşaraq İzmails sərhəd dəstəsinə təslim olmağı tələb ediblər.

Bu barədə Ukrayna Sərhəd xidməti məlumat yayıb.

Rusiyalılar ultimatum üçün gəmiçilik təhlükəsizliyi üzrə beynəlxalq əlaqə kanallarından istifadə ediblər.

“Siz tam təcrid olunmusunuz və atəş zonasında qalmısız. Müqavimət halında məhv ediləcəksiniz. Yaşamaq şansınız sıfıra bərabərdir”,-deyə müraciətdə bildirilib.

***

Ukrayna Sərhəd Xidməti Rusiya texnikalarının hücumundan əvvəl ərazilərə artilleriya zərbələri endirildiyini açıqlayıb.

Qeyd olunub ki, Rusiya texnikası artıq Çerniqovsk, Sumı, Luqansk, Xarkov əyalətləri istiqamətində sərhədi keçib.

Dojd” telekanalı məlumat verir ki, Rusiya ordusu Ukraynaya qarşı irimiqyaslı hərbi əməliyyatları genişləndirir. Bu dəqiqələrdə yayılan xəbərlərə görə, Belarusda cəmləşdirilmiş Rusiya ordusu qüvvələri də Ukrayna ərazisinə daxil olub.

CNN telekanalı Rusiya tanklarının Ukrayna-Belarus sərhədindəki sərhəd-keçid məntəqəsindən ölkə ərazisinə necə daxil olduğunu əks etdirən kadrları yayıb. Ukraynanın sərhəd qoşunlarının onlara müqavimət göstərməsi barədə məlumat yoxdur.

Habelə Ukrayna Dövlət Sərhədi Rusiya qoşunlarının ilhaq edilmiş Krım ərazisindən də hücuma keçdiyini açıqlayıb. Hazırda yarımadanın inzibati sərhədindən Ukrayna ərazisinə hərbi texnikanın keçməsi müşahidə olunur.

Virtualaz.org-ın məlumatına görə, hücum şərq istiqamətindən də davam edir, şahidlər Çerniqov vilayətinin Novqorod-Seversk rayonu istiqamətindən Rusiya tanklarının ölkə ərazisinin içərilərinə doğru irəlilədiyini bildirir. Ukraynanın Quru Qoşunlarının komandanlığı Luqansk vilayətində gedən döyüşlər zamanı Rusiya ordusunun bir neçə tankının, avtomobil texnikasının və digər döyüş vasitələrinin məhv edildiyini bildirir.


***

“Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılır”. Bunu jurnalist Andrey Tsaplienko Telegram kanalında yazıb.

Bundan başqa, Kiyevin Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilir. Kramatorskda ən azı dörd partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayış baş verib.

Şahidlər Kiyevdə artilleriya atəşi və partlayış səsləri barədə Reuters agentliyinə məlumat veriblər.

"The Guardian" qəzetinin Kiyevdəki müxbiri Lyuk Hardinq bildirib ki, Ukrayna aerodromları, hərbi qərargahları və komanda mərkəzləri qanadlı və ballistik raketlərlə vurulur.

Rusiya Müdafiə Nazirliyi Ukraynın bütün hərbi hava hücumundan müdafiə sisteminin sıradan çıxarıldığını iddia edib. Qurum həmçinin Ukrayna sərhəd qüvvələrinin Rusiya qoşunlarına heç bir müqavimət göstərmədiyini, ölkənin hərbi aerodromlarının məhv edildiyini iddia edir.

Rusiya Ukraynaya qarşı Qara dənizdən və Azov dənizindən də hücuma keçib. Artıq Odessaya Rusiya desantı çıxarılıb. Bu haqda İnterfaks-Ukrayna bildirir.

Ukrayna Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, Nikolayev vilayətində Rusiyanın raket zərbələri nəticəsində güclü yanğınlar başlayıb. Xarkovda raket-artilleriya mərmiləri anbarı məhv edilib.

Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko isə bildirib ki, Rusiya ölkənin iri şəhərlərinə hücuma keçib, qanadlı raketlərlə və ballistik raketlərlə aramsız zərbələr endirilir. O cümlədən Kiyevdə strateji obyektlər vurulur, Borispol aeroportu ətrafında da partlayış səsləri eşidilir.

Prezident Volodimir Zelenski isə xalqa növbəti müraciətində onları evdən çıxmamağa çağırıb. Mülki əhalinin Lvova doğru qaçdığı haqda xəbərlər də var.

Youtube platformasında yayılan görüntülərdən isə aydın olur ki, gecə saatlarında Rusiya ordusu paytaxt Kiyev istiqamətinə də raketlər yağdırıb. Rusiya lideri hədəfin Donbas və Luqans cəbhəsi olduğunu bəyan etsə də, görüntülər paytaxt Kiyevin də təhlükə altında olduğu qənaətini yaradır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.