"İndi aydın oldu, Qərb niyə birbaşa meydanda deyil və oyunu uzatmaqla məşğuldur? "

25-02-2022, 08:52           
"İndi aydın oldu, Qərb niyə birbaşa meydanda deyil və oyunu uzatmaqla məşğuldur? "
Sosial şəbəkələrin Azərbaycan seqmentinə rus mərkəzli iki tezis sırınıb. Avropa, Amerika meydanda niyə yoxdur? Sanksiyalarla rusu durdurmaq olmayacaq...
Bu iki tezis ilk baxışda məntiqli görünən yalnışlardır və Qərbin nəyə, niyə oynadığını bilməməkdən, ya da bilərəkdən anti-qərb əhvalı yaratmaq istəyindən qaynaqlanır...
Gələk birinci tezisə. Qərb Rusa qarşı açıq mövqe sərgiləyəcəyini, meydanda olacağını əyani göstərsəydi, böyük ehtimal, Putin hücum qərarı verməyəcəkdi, ki, Qərb bunu istəmirdi. Bütün çəkingən addımlar onu göstərirdi ki, Qərb rusu bu addıma cəsarətləndirmək istəyir. Həm də keçmiş Gürcüstan və Krım təcrübəsi rus da bu qənaəti yaratmalı idi ki, kollektiv Qərb yenə susqun qalacaq. Təəccüblü də olsa Putin asan yemi uddu. Hətta Qərb liderləri israrla müharibənin vaxtını açıqlamaqla Putini çıxılmaza saldılar. Elə bir vəziyyət yaratdılar ki, Putin geri çəkilsə, küləkləyən durumuna düşsün, eqosuna yenilib, hücuma keçsin. Qəribə də olsa ssenari işlədi...
Bəs yaxşı, müharibə başlayandan sonra Qərb niyə meydanda yoxdur deyə bilərsiz. Bunun da sadə səbəbi var. Ukrayna ilə rus xalqı arasında qan düşməsi lazımdır ki, rus birdə Ukraynada hakimiyyəti dəyişə, öz nüfuz dairəsinə ala bilməsin. Qan qədər millətlərarası ciddi sədd yoxdur, olmayıb. Qərb bunu yaxşı bilir. Ona görə hələ ki, Ukraynanı müdafiəsiz göstərib, Putini Kiyevi belə tuta biləcəyinə həvəsləndirirlər.
Bəs əsas məqsədi nədir Qərbin? Sanksiyalarla niyə başlayıb?
Qərb başa düşür ki, Rusa qarşı hərbi müqavimət qeyri-effektiv olacaq. Əksinə, Putin propaqandası Qərb dövlətlərinin hərbi müdaxiləsini "Rusiyanı çökdürmək istəyirlər", "Biz böyük vətən müharibəsinə qalxmalıyıq" təbliğatına çevirə bilər və ondan narazı böyük çoxluğu ətrafında konsolidasiya edər ki, Putinin son məqsədlərindən biri də budur. Özünü Böyük Rusiya üçün fəda edən lider kimi təqdim etmək... Məhz bunların baş verməməsi üçün Qərb Ukraynaya maddi, silah və kəşfiyyat məlumatları ötürməklə kifayətlənir ki, Putin xalqı öz ətrafına konsolidasiya edə bilməsin...
Bəs sanksiyalar doğrudan da təqdim edildiyi kimi qeyri-effektivdirmi? Əksinə, ən effektiv vasitə olduğu üçün Rusiya blef edir, sanksiyaları ən qorxmadığı təsir vasitəsi kimi təqdim edir. Putin sanksiyalardan niyə daha çox qorxur? Birinci ona görə ki, sanksiya yumşaq gücdür, rus xalqını qıcıqlandırıb, onun ətrafına yığmır. Böyük pullar Putin və ətrafında cəmləşdiyi üçün sadə rus xalqının heç vecinə də deyil. Hələ buna sevinir də. Putinin də ən çox qorxduğu nə Ukraynadır, nə də Qərb. O, xalqın ayaqlanacağından çəkinir. Müharibə uzansa, ki, Qərb buna çalışır, itkilər artacaq, Qərb sanksiyaları oliqarxları ondan soyudacaq və narazı kütlə üçün qardaş qırğınından yaranan itkilər dözülməz olmağa başlayacaq. Putin onu da yaxşı başa düşür ki, narazı kütlə ilə ondan soyuyan oliqarxlar birləşsə, Qərbə meylli müxalifətin də dəstəyi ilə onu aşıracaqlar. Bunun sonu isə Haaqa məhkəməsidir...
İndi aydın oldu, Qərb niyə birbaşa meydanda deyil və oyunu uzatmaqla məşğuldur?
Sadiq Musa
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.