HÜCUMUN ƏSL MƏQSƏDİ NƏDİR?
27-02-2022, 02:47

Vaqif Mahmudov
Rusiyanın Ukarynaya hərbi müdaxiləsi şiddətli döyüşlərlə davam edir. Bəs, Rusiyanın Ukraynaya hücum etməsinin əsl səbəbi nədir?
Ukraynadakı qanlı toqquşmalar lokal müharibə ocağı kimi dəyərləndirilməməlidir, o, qlobal xarakterlidir. Dünyada heç bir dövlət qlobal plan qurmaq iqtidarında deyil və hətta ABŞ da istisna sayıla bilməz. Ona görə də Rusiya Ukraynaya özbaşına soxulmayıb. Bu akt pərdə arxasındakı razılaşmalar əsasında həyata keçirilib. Uzun illərdir ki, Rusiyanı bu avantüraya doğru sürükləyiblər, Kreml isə həmin oyunda həvəslə iştirak etmək yolunu tutub. Hay-küylü təbliğata və görüntü yaradılmasına baxmayaraq, 1991-ci ildən indiyədək o, sərbəst siyasət yürütmür. Rusiya Prezidenti Valdimir Putin öz ölkəsinin ən məlumatlı şəxsidir və vəziyyətin necəliyini anlayır. Amma öz ölkəsi barədə məlumatlı olmaq, bir çox mürəkkəb məsələlərin həlli üçün kifayət etmir. Çünki rəsmi təbliğat ruporunun təriflər yağdırmasının əksinə olaraq, o, dərin strateji zəkaya malik şəxs deyil.
Keçən il Cenevrədə Putin və Baydenin təkbətək görüşü zamanı gələcəklə bağlı yol xəritəsi cızılıb və Krımın ilhaqından sonra eyforiyaya düşən Putinə deyiblər ki, qətiyyən çəkinmə, dünyaya yeni dizayn verib, onu təsir sferalarına böləcəyik, sənin də payın olacaq. Beləliklə, Rusiyanı arxayın salıblar və onlar başqasının qurduğu oyuna düşüblər. Qərb dünyası ilə mübarizə adı altında Ukraynaya soxulmaq Rusiyaya qətiyyən yaxşı heç nə vəd etmir.
- Müasir zamanımızda dövlətlərin yeri və rolu
Ukraynadakı müharibə Ukrayna və Rusiya qarşıdurması, Rusiya ilə Qərbin geostrateji mövqe uğrunda mübarizəsi prizmasından təhlil olunur. Ancaq Ukraynadakı hadisələrə dövlətlərin strateji maraqlarının toqquşması kontekstindən baxılması səhvdir. Orada baş verənlərin mahiyyəti sözügedən geostrateji platformadan qat-qat üstdə dayanır. Müasir zamanımızda dövlətlərin dünya iqtisadiyyatındakı, qlobal strateji planlamadakı yeri və rolu bütün beynəlxalq KİV-lərdə “trafaret qəlib” çərçivəsində şərh edilir.
Əgər dünya tarixinə diqqətlə və ətraflı göz gəzdirsək, onda mürəkkəb sosial sistem olan dövlətin yeri və rolu aydınlaşar. Dövlət və kapital arasındakı ziddiyyətin yoluna qoyulması prosesi və onların simbiozunun yaradılması mərhələsi geridə qalıb.
Kapital çoxdandır ki, təmərgüzləşərək qlobal hal alıb və indi o, milli dövlətlərin üzərində dayanır. İqtisadiyyatın maliyyə sektoruna nəzarət edən elita transmilli şirkətlər vasitəsi ilə iqtisadiyyatın istehsal sektorunu da öz orbitində saxlayır. Dövlətlərin iqtisadiyyatı beynəlxalq maliyyə institutlarının planları əsasında tənzimlənir. Burada ABŞ-ın üstünlüyü dünya ticarətinin vahid ölçü meyarı - dolların emissiya mərkəzi FRS-in orada yerləşməsi ilə əlaqədardır. Dollar ABŞ dövlətinə birbaşa bağlı deyil. ABŞ superdövlət adlandırılsa da, əslində o, nəhəng bir konsern kimi idarə olunur.
İkinci Dünya müharibəsindən sonra milli dövlətləri və beynəlxalq kapitalı bir yerdə tutan ümumdünya iqtisadi maliyyə modeli və beynəlxalq nizam sistemi quruldu. Onların hər ikisinin üstündə elitar planlayıcılar korpusu dayanır. Həmin elitanın özündə də yekcinslik yoxdur. Sözsüz ki, böyük dövlətlərin siyasi çəkisi və onlara ayrılan rol, kiçiklərə nisbətən artıqdır.
Geostrateji məsələlərə milli dövlətlərin maraqları çərçivəsindən baxanda baş verənlərin yalnız zahiri tərəfi görünür və xeyli sayda anlaşılmazlıqlarla qarşılaşırıq. Məsələn, bir nümunə söyləyim: necə oldu ki, yefreytor Adolf Hitler Almaniyada hakimiyyət başına keçdi? Hələ üstəlik, necə oldu ki, o, hamıya kələk gələrək, Birinci Dünya müharibəsində diz üstünə çökmüş Almaniyanı nəhəng hərb maşınına çevirə bildi? Əlbəttə, bunun obyektiv gerçəklik olmasını söyləyən o qədər siyasi icmalçı var ki. Ancaq faktlar və məntiqli arqumenlər qarşısında bu izahlar alt-üst olur.
Belə nümunələr çoxdur - bolşevik inqilabının baş verməsi, SSRİ-nin böyük sənayə ölkəsinə dönüşməsi və sairə. Bu qəbildən olan hadisələr az qala silsilə xarakter daşıyır.
- Ukraynada baş verənlərin qlobal iqtisadi problemlərlə nə əlaqəsi var?
Kapitalizm sosial iqtisadi quruluşu tıxanıb, onun perspektivi görünmür. Soruşula bilər ki, Ukraynada baş verənlərin qlobal iqtisadiyyatla nə əlaqəsi var? Oradakı hadisələrin təkcə qlobal iqtisadiyyatla yox, hətta daha mürəkkəb məsələlərə də aydiyyatı var.
Mövcud iqtisadi sistemdə yaranmış dərin problemlərin həll edilməsində müharibə xüsusu bir vasitə kimi istifadə olunur. Hazırda bir neçə həll yolu var. Ancaq böyük planlayıcı güc hansı istiqaməti tutacağını kokret olaraq müəyyənləşdirməyib. Əgər 1970-ci illərdə gələcək 50 ilin proqramı hazırlanmışdısa, lakin hazırda konkret çıxış yolu görünmür. Bütün bunlara baxmayaraq, üç meqa plan üzərində çalışılır. Beynəlxalq ictimaiyyətə açıq şəkildə dünya iqtisadiyyatının ümumən çətin durumda olması söylənilmir. Beynəlxalq Valyua Fondu iqtisadiyyatın (dünya üzrə) böyüdüyündən danışır.
- Rusiya meqa proqramın alətidir
Rusiya dünyanın strateji xəttini müəyyənləşdirəcək qlobal plan qurmaq iqtidarında deyil. Kənardan elə görünə bilər ki, Rusiya həqiqətən də güclüdür və sairə. Rusiya mövcud dünya sxeminin tərkib hissəsidir və həmin sxemin qurulmasında onlar iştirak etməyiblər. Düzdür, həmin arxitekturanın özündə xeyli vaxtdır ki, problem yaranıb, ancaq burada Rusiyalıq bir şey yoxdur. Çünki Rusiya qlobal planın həyata keçirilməsi yolunda alət kimi istifadə olunur. Ona sadəcə rol ayırıblar.
Dünya iqtisadiyyatının üç böyük mərkəzi var - ABŞ, Çin və Avropa. Rusiyanın yeri autsayderlər arasındadır. Bu qarşıdurma birbaşa Rusiya və ya onun rəhbəri Valdimir Putinin siyasi dünyagörüşü, arzusu ilə bağlı deyil. Digər tərfdən isə, Kreml Çinə tam arxayın olmasın, çünki çinlilərin də iqtisadi yüksəlişi Pekinin proqramı əsasında baş tutmayıb. Pekin ümumi qlobal xəttdən kənara çıxa bilməz. Çinin dünyanın mövcud iqtisadi-maliyyə modelini və siyasi sistemini özbaşına dəyişəcəyi barəsində yazılanların əsası yoxdur.