Ukraynada qazanan tək qüvvə - VİDEO
1-03-2022, 10:28

Ukrayna ilə müharibəyə başladığına görə Qərbin sanksiyaları üzləşən Rusiyanın birbaşa maliyyə itkiləri 500 milyard dolları keçir. Qərbin ilk zərbəsi Rusiyanın qızıl-valyuta rezervlərini vurub.
Avropa Komissiyasının başçısı Ursula fon Der-Leyen bildirib ki, Rusiyanın malik olduğu 630 milyard dollar qızıl-valyuta rezervlərinin hamısı dondurulub. Ursula fon Der-Leyenin sözlərinə görə, Rusiya Mərkəzi Bankının tranzaksiyaları dondurulacaq ki, Rusiya tənzimləyicisi rublun məzənnəsini beynəlxalq maliyyə əməliyyatları ilə dəstəkləyə bilməsin. Həmçinin Rusiya oliqarxlarına Qərbin maliyyə bazarlarında öz vəsaitlərini istifadə etmək imkanı verilməyəcək.
Rusiya Mərkəzi bankının rezervləri fevral ayının ortalarına 643 milyard dollar təşkil edib. Bunun 311 milyard dolları xarici emitentlərin qiymətli kağızlarıdır. 152 milyard dollar xarici banklardakı nağd valyuta və depozitlərdir. Bu valyutanın təxminən 14 faizi Çinə yerləşdirilib, yəni bu vəsaitin 21,28 milyard dolları Qərbin sanksiyalarından qorunur. 132 milyard dolları qızıl külçələr şəklində Rusiya ərazisində saxlanır, yəni Qərb sanksiyaları rezevlərə şamil olunmayacaq. 30 milyard dollar Beynəlxalq Valyuta Fondunda xüsusi borclanma hüququ ilə saxlanır. Bu hissə də dondurulmadan qorunur. Yəni Qərb birbaşa Rusiyanın 441 milyard dollarını dondurub.
Millət vəkili Aydın Hüseynov REAL TV-yə müsahibəsində Rusiyanın itkiləri sırasında müharibə xərclərinin də olduğunu bildirib.
Bundan başqa, Avropa İttifaqı Rusiya iqtisadiyyatının bir sıra sahələrinə - maliyyə, müdafiə sənayesi, aviaqayırma və gəmiqayırma sahələrinə qarşı sanksiyalar tətbiq etməyi qərara alıblar. Onlarla müqavilə bağlamaq, onlara mal və texnologiyalar satmaq, həmçinin maliyyə yardımı etmək qadağan edilib.
Bu, iş adamlarına da böyük zərər vurub. «Bloomberg» agentliyinin məlumatına görə, Ukraynada hərbi əməliyyatların başlamasından bu yana Rusiya mliyarderlərinin toplam itkisi 68 milyard dolları ötüb. «Lukoyl» şirkətinin rəhbəri, həmyerlimiz Vahid Ələkbərov bu sırada ən çox pul itirənlərdəndir. Fevralın 27-nə onun itkiləri 6,7 milyard dollar olub.
Dünyanın aparıcı transmilli neft şirkətlərindən biri olan BP də artıq 30 ildir işlədiyi Rusiyanı tərk etmək qərarına gəlib. BP-nin başçısı Bernard Luni bildirib ki, öz iki təmsilçisini «Rosneft»dən geri çağırmaq niyyətindədir. O, bu Rusiya şirkətində malik olduqları 19,75 faizi satmaq niyətində olduqlarını açıqlayıb. 2021-ci ilin sonuna BP-nin Rusiyadakı payının balans qiyməti 1,4 milyard dollar qiymətləndirilib. BP-nin gedişi Rusiyanın neft-qaz sektornun yeni texnologiyalara çıxışı üçün ciddi problem sayılır.
Təbii ki, bu, bazarda rublun məzənnəsi ilə bağlı ciddi ajiotaj yaradıb və fevralın 28-də səhər saatlarında Moskva bircasında 1 dolların qiyməti 113 rubl olub. Hərraclar başladıqdan sonra isə məzənnə 100 rubl ətrafında qərarlaşıb. Bir gün öncə isə dollar 82 rubldan satılırdı. Rublun bir neçə saat ərzində bu cür kəskin dəyər itirməsi Rusiya Mərkəzi Bankını da hərəkətə keçirib və Mərkəzi Bank hiperinflyasiyadan qaçınmaq üçün uçot dərəcəsini 20 faiz müəyyən edib.
Yaranmış vəziyyət Rusiya iqtisadiyyatının itkilərinin getdikcə artacağını göstərir. Uyğun olaraq, müharibə Ukrayna iqtisadiyyatına daha çox zərər vuracaq, çünki dağıntılar məhz bu ölkənin ərazisində gedir. Amma bu müharibədən qazanan bir tərəf var, o da Qərbdir. Bu fikri ilk ortaya atanlardan biri ABŞ politoloqu Devid Hendriksondur. O, «National İnterest» portalında yazdığı məqaləsində bildirib ki, Ukrayna ilə Rusiya arasında müharibəni qızışdıran üçüncü qüvvə var və bu ABŞ-dır. Politoloqun fikrincə, ABŞ kəşfiyyatı «Şimal axını-2» layihəsinə mane olmaq üçün bu müharibəni körükləyib. Bunun nəticəsidir ki, hazırda Avropanın maye qaz bazarında liderlik ABŞ-ın əlindədir.
Təbii ki, bu müharibədə Amerika ilə birgə Avropa İttifaqı ölkələrinin də öz maraqları var. Bu ölkələr öz əmək bazarında yaranmış boşluğu məhz Ukrayana miqrantları ilə doldumağa çalışırlar. Sirr deyil ki, Qərbi Avropada millət qocalır və əmək bazarındakı boşalan yerlər Yaxın Şərq və Afrika miqrantları ilə dolur. Bu isə Avropa ölkələrinin ənənəvi görkəminin pozulması ilə nəticələnir.
Həm də Ukrayna miqrantalarının, məsələn, Polşa kimi ölkələrdə məskunlaşması üçün ciddi xərc çəkməyə ehtiyac yoxdur. Ukraynalılarla həm təhsil, həm dil, həm mədəniyət baxımından yaxınlıq var. Buna görə də, Yaxın Şərq miqrantlarını öz ərazisinə buraxmayan Polşa çox həvəslə bir neçə gün ərzində 300 min Ukrayna qaçqınını qəbul edib. Səbəb aydındır, artıq 10 ilə yaxındır ki, Polşada millətin qocalması ilə yanaşı, əhali sayının azalması da baş verir. Bu isə Polşa üçün gələcəkdə ciddi problemlər vəd edir. Varşava bu problemi slavyan qardaşı Ukraynanın hesabına həll etməkdədir.