“Çirkli pullar”: Maliyyə amnistiyası niyə düyünə düşüb? - AÇIQLAMA
1-03-2022, 18:13

Rusiya Maliyyə Nazirliyi əvvəlki illərdə olandan daha irimiqyaslı kapital amnistiyasının həyata keçirilməsinə dair təkliflər hazırlayıb.
Rusiya mətbuatı xəbər verir ki, bunu qurumun rəhbəri Anton Siluanov deyib.
Onun sözlərinə görə, bu, hazırda xaricdə yerləşən Rusiya kapitalının təminatı məqsədilə edilir.
Xatırladaq ki, Rusiyaya qarşı Qərb ölkələri tərəfindən tətbiq edilən sanksiyalar fonunda hökümət və Rusiya Bankı ölkədə maliyyə və iqtisadi sabitliyin təmin olunması üçün tədbirlər həyata keçirir. Belə ki, Maliyyə Nazirliyi bu gün ixracatçıların üzərinə xarici valyuta gəlirlərinin 80%-ni satmaq öhdəliyi qoyan qərar qəbul edəcək.
Rusiya Bankı isə rublun kəskin ucuzlaşmasının qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 10,5 faiz bəndi artıraraq 9,5 %-dən 20 %-ə qaldırıb.
Qeyd edək ki, Azərbaycanda da “çirkli pullar”a amnistiya məsələsi gündəmdə idi.
Ekspertlərin fikrinə, Azərbaycanda vəsaitlərini qanunsuz yolla toplamış şəxslərin onu ölkədən çıxarmasının qarşısını almaq üçün kapitala amnistiya verilməlidir. Yəni hər kəs qeyri-leqal əmlakını bəyan etməklə və müəyyən vergi (məsələn, 10%) ödəməklə həmin əmlakı leqallaşdırma imkanına malik olmalıdır.
Maraqlıdır, niyə ölkədə maliyyə amnistiyasının tətbiqi reallaşmır?
İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, bu istiqamətdə konkret nəticə yoxdur:
“Bu məsələ barədə xeyli danışılmasına, fikir mübadiləsi aparılmasına baxmayaraq, dövlət tərəfindən hansısa layihənin hazırlanması ilə bağlı məlumat yoxdur.
Hesab edirəm ki, maliyyə amnistiya haqqında qanun layihəsinin müzakirəsi yalnız Azərbaycanda məhkəmə-hüquq sahəsində real və köklü islahatların aparılmasına başladıqdan sonra ola bilər. Çünki biz maliyyə amnistiyası ilə bağlı hansısa qanun qəbul edə bilərik, bəs insanlar ona etibar edəcəkmi? Etməyəcək. Çünki fikirləşəcək ki, “dövlət amnistiya elan etdi, mən də gəldim nəyim varsa təqdim etdim, haradan bilim ki, sabah məhkəmələr qanunu necə tətbiq edəcək?”. Azərbaycanda məhkəmələrin vəziyyəti acınacaqlıdır. Ağa-qara, qaraya isə ağ deyirlər. Yəni bu şəraitdə qanun elə kağız üzərində də qalacaq. Ona görə də məhkəmə-hüquq sistemində islahatları dərinləşməlidır”.
Azərbaycanda köklü məhkəmə islahatlarının meyarları nədir?
Ekspertin fikrincə, meyar odur ki, bütün yuxarı məhkəmələr, yəni Konstitusiya, Apellyasiya, Ali Məhkəmə, Ədliyyə sistemində rəhbərliklər dəyişilməlidir:
“İndiki rəhbərlərlə məhkəmə islahatı aparmaq mümkün deyil. İkinci meyar odur ki, məhkəmə qərarları üzrə axtarş sistemi olmalıdır. Prezident 3 aprel 2019-cu il tarixli Fərmanında bunu tapşırmışdı və hələ də icra olunmayıb. Məhkəmə qərarları üzrə axtarış sistemi o deməkdir ki, istənilən şəxs o sistemə daxil olub, istənilən sözü, qanun maddəsini axtarışa verir və həmin sözün, maddənin hansı məhkəmə qərarlarında istifadə olunmasını görmək olur.
Bununla da hamı bilir ki, məhkəmələr işə necə baxır, vahid təcrübəsi olur. Ən azından bu olduğunda, Azərbaycanda hansısa məhkəmə-hüququ islahatlarından danışmaq olar. Bu da yoxdursa, maliyyə amnistiyası qeyri-mümkündür”.