Haqlı-haqsız hegemonlar, sıxıla biləcək “push”-“pusk” düymələri - bir də bizim Qarabağ...

27-03-2022, 10:24           
Haqlı-haqsız hegemonlar, sıxıla biləcək “push”-“pusk” düymələri - bir də bizim Qarabağ...
“Bilirsiz, necədir? Bunun nə Amerikası ədalətli dövlətdir, nə də Rusiyası. NATO onu dedi, Kondoliza Rays bunu dedi, Lavrov belə dedi, hamısı boş-boş danışır. Onlar xiyar yarışdırırlar”.

Bu sözləri təxminən 15 il qabaq mərhum politoloq Hikmət Hacızadə “Gün səhər” qəzetinin müxbiri Nemət Orucova, hələ bir balaca da biədəb şəkildə demişdi.

Yaxından tanıyanlar yaxşı bilir, rəhmətlik fenomenal adam idi. Əsl demokrat idi, intellektual idi, ən ümdəsi, prinsipial və ədalətliydi, həm də çox səmimiydi. Heç vaxt pafoslu şərh verməzdi, ədalətsiz, birtərəfli söz danışmazdı.

Onun ABŞ və Rusiyanın arasında hansı səbəbdənsə başlanmış növbəti ixtilafa münasibəti də bu cür olmuşdu.

Bu sözləri deyən adam rusdilliydi, Rusiya dövlətində səfir olmuşdu, bir müddət ABŞ-da da yaşamış, təhsilini artırmışdı və ABŞ-ın qeyri-hökumət təşkilatları ilə ciddi əlaqəsi, ortaq layihələri vardı. Hikmət Hacızadə ABŞ-ın dünyadakı demokratiya hərəkatına verdiyi töhfələr barədə kitablar, məqaələlər yazmışdı, amma iki dövlət arasındakı mənasız və xroniki ixtilaflara münasibətini açıq şəkildə söyləyirdi, heç vaxt tərəf tutmurdu

İndi bir yarısı Rusiyaya, o biri yarısı da ABŞ toz qondurmayan politoloqların, ictimai-siyasi fəalların birtərəfli şərhlərini oxuyanda adam həm Hikmət Hacızadənin dəyərini anlayır, həm də “pərəst”lərin gerçəkliklərdən nə qədər uzaq, ədalətsiz mövqedə olduqlarını görür.

Bir tərəf üçün Rusiya həmişə haqlıdır, o biri tərəf üçün isə ABŞ. Reallıq isə belədir ki, bu iki dövlətin ikisi də müəyyən yerlərə qədər haqlı ola bilirlər, bəzən ikisi də haqsız olur, ikisi də ədalətsiz mövqe tutur, közü öz qabaqlarına eşir, öz mənfəətlərini güdürlər və başqalarının haqqını yeyirlər.

Hazırda bu iki superdövlət 30-40 il əvvəl olduğu kimi, yenə də ağac-ağaca, müasir terminlərlə desək, raket-raketə durublar. Barmaqlar nüvə başlığı daşıyan ballistik raketləri hərəkətə gətirəcək cihazın “PUSH” və “PUSK” düymələrinin üzərində oynayır, dillər nüvə müharibəsindən bəhs edir.

Son qovğada haqsız mövqedə olan Rusiyadır. Çünki məhz o, başqa bir müstəqil dövlətin ərazisini işğal və ilhaq etməkdədir. Dünya düzənini, dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipini pozan odur.

Amma bu durum ABŞ-ın dünyadakı bütün münaqişələrə münasibətini həmişə haqlı etmir.

ABŞ rəhbərliyinin Ukraynaya verdiyi böyük siyasi, maddi, maliyyə, mənəvi dəstəyə rəğmən Zelenskinin əsas xahişini nəzərə almayaraq, Ukraynanın hava məkanını qorumaması tənqid hədəfidir. ABŞ belə etməklə Rusiyanın nüvə silahından qorxduğunu büruzə verir (eləcə də NATO ölkələri), bu isə Rusiyanın əl-qolunu daha da açır, Kremli şantaj diliylə danışmağa həvəsləndirir.

Bundan başqa, ABŞ rəhbərliyi Türkiyəyə Rusiyadan aldığı S-400 raketlərini Ukraynaya verməyi tövsiyə edərkən də haqsızdır. Bu, Türkiyənin müharibəyə cəlb edilməsi, qonşuluğa, strateji tərəfdaşlığa, hətta adi ticarət partnyorluğuna xəyanət etməsi, özünü etibardan salması demək olardı. Bu, həm də ABŞ-ın öz müttəfiqi ilə “əl-ayaq işlərinə baxan oğlan” kimi davranmasının təzahürüdür. Ondan sonra Türkiyənin dünyada, eləcə də regionda hansı reputasiyaya malik olacağı ABŞ-ın vecinə deyil.

Öz enerji problemini hərtərəfli həll etmiş, üstəlik, özünün bəs qədər karbohidrogen ehtiyatları olan ABŞ Rusiyadan qaz və neft almağa məcbur olan Avropa dövlətlərini Rusiya ilə müvafiq ticarəti dayandırmağa vadar edərkən də tam haqlı deyil. “Kök arıqlayınca arığın canı çıxar” kəlamının hikmətinə uyğun proses gedəcək.

Fəqət, bütün bunları açıqlığı ilə, hətta üstüörtülü şəkildə yazanda amerikapərəstlərin xoşuna gəlmir, dərhal damğa vururlar: “Bu mövqedə olmaq Rusiyanın mürtəce siyasətinə haqq qazandırmaq, aqressor Putinə dəstək verməkdir”.

Eyni mövqe ruspərəstlərə də xasdır. Onlar da Rusiyanın Ukraynanın şəhərlərinin darmadağın edilməsindən, mülki şəxslərin, xüsusilə də uşaqların amansızcasına öldürülməsindən bəhs edən, bunu yolverilməz sayan şəxsləri damğalayırlar: “Bu, ABŞ-ın, NATO-nun məkrli siyasətini dəstəkləməkdir”.

Sanki üçüncü yol yoxdur, neytral mövqedə olmaq, pisə pis, əyriyə əyri, düzə hamar demək mümkün deyil, mütləq tərəf tutmaq lazımdır.

İndi gələk öz məsələmizə, öz münaqişəmizə. Baxaq, görək, adı çəkilən dövlətlər Qarabağ münaqişəsinə münasibətdə hansı mövqedədirlər.

Əzəl başdan bunu deyək: 1992-ci ildən, müstəqil dövlət olaraq beynəlxalq arenaya çıxandan ta 2020-ci ilin sentyabrına qədər hər iki dövlətin bizə münasibəti normal olmayıb, bəzi hallarda düşməncəsinə olub, bəzi illərdə qeyri-dost səciyyəsi daşıyıb, müəyyən mərhələlərdə isə əməkdaşlıq, tərəfdaşlıq xətti güclənib.

Rusiya ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan və olmayan rayonlarımızın işğalı üçün Ermənistan dövlətinə bəs qədər hərbi dəstək, silah, maliyyə vəsaiti verib, siyasi dəstəyini də əsirgəməyib, erməniləri hərtərəfli himayə edib.

Rayonlarımızın ard-arda işğal olunduğu, mülki insanlarımızın genosid aktına məruz qaldığı bir vaxtda ABŞ Konqresi də hələ müstəqilliyinin 6 ayı tamam olmamış ölkəmisə qarşı qısaca “907-ci düzəliş” adlandırılan qanunvericilik aktı qəbul edib. "Azadlığa dəstək" aktına edilən bu düzəlişlə Azərbaycana birbaşa dövlət yardımı yasaqlanıb. Həmin sənədin qanuni qüvvəsi sonradan dondurulsa da, hələ də ləğv edilməyib.

Göründüyü kimi, dünyanın hər yerində bir-birilə çəkişən, dalaşan bu iki dövlətin yeganə müttəfiq olduğu məsələ Qarabağ münaqişəsi olub. Hər iki dövlət (eləcə də onlara qoşulmuş Fransa) məhz Ermənistanın yanında yer alıb. Əslində ATƏT-in Minsk qrupunun hər üç həmsədri sırf Ermənistanın müttəfiqləriydi – biri (ABŞ) gizli, çox da büruzə vermədən, biri (Fransa) açıq, çox da gizlətmədən, o biri (Rusiya) gah elə, gah belə görünərək, amma daha effektiv işləyərək.

Ən qəribəsi o idi ki, Rusiyanı qatı rəqibi sayan ABŞ onun Qafqazdakı satellitinə qahmar çıxırdı. Amma Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistan ABŞ-ın vassalı olmağa çalışanda Rusiya buna təhəmmül etmədi.

Beləliklə, uzun illər bölgədə oturuşmuş geosiyasi durum 2020-ci ilin yayından etibarən dəyişilməyə üz qoydu. Rusiya rəhbərliyi təxminən iki ay neytral mövqe tutdu (eyni şeyi rus cəmiyyəti, mediası haqda demək olmazdı) və biz ermənilərlə təkbətək qaldıq, 44 günə aramızdakı “söhbət”i böyük ölçüdə çürütdük. Sonra Rusiya yenə araya girdi, durduq. Amma həmin 44 gündə Fransanın tam, ABŞ-ın isə natamam şəkildə Ermənistanın yanında olduğunu gördük. Kartlar tamam açılmışdı. Həmin vaxt ABŞ-da qızğın prezident seçkisi kampaniyası getməsəydi, ermənilər okeanın o tayından daha ciddi dəstək alacaqdılar. Necə ki, seçki başa çatandan sonra ABŞ-dan Ermənistana verilən dəstək xeyli intensivləşdi və açıq xarakter aldı.

İndi dünyada, postsovet məkanında olduğu kimi, Qafqazda, konkret olaraq Qarabağda da situasiya dəyişib. Bölgədə sülhməramlı qüvvələr saxlayan Rusiyanın başı öz müharibəsinə qarışıb və o, “arsax”lıların kaprizi ilə oynayacaq halda deyil. Belə anlaşılır ki, Rusiya düşdüyü mürəkkəb geosiyasi duruma görə Qarabağdakı ermənilərə “başlı başını saxlasın” tövsiyəsi verib.

İndi də okeanın o tayından ermənilərə açıq dəstək mesajları, rəsmi Bakıya isə təzyiq mənası verən məktublar gəlir. ABŞ açıq mətnlə əmr edir ki, Azərbaycan öz ərazisindəki qanunsuz təsisat və təşkilatlara, eləcə də hərbi birləşmələrə toxuna bilməz, toxunmamalıdır. Sanki Qarabağın ermənilər yaşayan hissəsi müstəqil dövlətdir və onun sərhədini pozmaq olmaz.

Burada ABŞ tamamilə haqsızdır. Onun ölkəmizdəki tərəfdarlarının nə deməsindən, hansı arqumentlər göstərməsindən asılı olmayaraq, bu, belədir. Sabah Texasda yaşayan meksikalılar Dallasda “dövlət” yaradıb, silahlı qüvvələr təsis edərək, ABŞ-dan ayrıldıqlarını elan etsələr, “lənət olası federallar” onlara neçə gün mövcudluq haqqı tanıyarlar? Heç həftə çəkməz, hücum edər, o qurama “dövlət”i darmadağın edərlər. Amma Azərbaycan xarici havadarlarının himayəsi sayəsində 30 ildir mövcud olan qondarma təsisatlara hələ dözməlidir. Nəyə görə?

Bu, ondan xəbər verir ki, ABŞ özünə rəva görmədiyi şeyləri başqa dövlətlərə, xüsusilə də özündən qat-qat zəif hesab etdiklərinə rəva görür, “mənə olar, sizə olmaz” siyasəti yeridir.

Beləcə, bu yazının rezümesi belədir: ABŞ Ukrayna məsələsindəki mövqeyində haqlı, Qarabağ məsələsindəki tutumunda haqsızdır. Eyni zamanda Rusiya Ukraynada destruktiv, Qarabağda isə ABŞ-la müqayisədə daha konstruktiv mövqedədir (əslində bu mövqe də bizi qane etmir).

... Rəhmətlik Hikmət Hacızadə sağ olsaydı, situasiyaya daha koloritli şərh verərdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.