Çekləri əllərində qalan vətəndaşlar üçün ümid işığı - “İnvestisiya haqqında” yeni qanun

29-03-2022, 08:04           
Çekləri əllərində qalan vətəndaşlar üçün ümid işığı -
Deputat: “Dövlətin borcudur ki, ya tədavül müddətini artırsın, ya da dəymiş ziyanı kompensasiya etsin”

Deputat: “Pay sahibi olan vətəndaşların haqqıdır ki, qanunun onlara tanıdığı bu imkandan yararlansınlar”

Hüquqşünas: “Əgər vətəndaşlar bu hüquqdan istifadə edə bilməyəcəkdilərsə, o zaman bu boyda həngaməyə nə ehtiyac vardı?!”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi müzakirə olunur. Parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq yeni qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində investisiya yalnız dövlət ehtiyacları üçün, habelə Mülki Məcəllədə nəzərdə tutulan digər hallarda bu qanuna uyğun olaraq milliləşdirilə və dövlət tərəfindən alına bilər.

Qanunda investisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrı-seçkiliyə yol verilməməsi və dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin qanunsuz qərarları (inzibati aktları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində investorlara dəyən zərərin əvəzinin, o cümlədən əldən çıxmış faydanın Azərbaycan Respublikası və ya müvafiq yerli özünüidarəetmə orqanı tərəfindən ödənilməsi öz əksini tapıb.

Qeyd edək ki, ötən əsrin 90-cı illərinin sonunda mərhum Prezident Heydər Əliyev əhaliyə əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması ilə bağlı fərman imzalasa da, bu günə qədər fərmandan irəli gələn məsələlərin çoxu öz həllini tapmayıb. Bu xüsusda “İnvestisiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlara dəymiş zərərin ödənilməsi ilə bağlı təkliflər də gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, həm yerli, həm də xarici investorların ölkəmizə sərmayə axınını sürətləndirmək üçün yüz minlərlə vətəndaşın hüquqlarını bərpa etmək, onlara dəymiş zərəri kompensasiya etmək vacibdir.

Bəs, görəsən, bu qanun tarixi ədalətin bərpa olunacağını gözləyən və çekləri əllərində yüzminlərlə vətəndaşın maraqlarını qoruyacaqmı?

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa AYNA-ya açıqlamasında deyib ki, yüzminlərlə vətəndaşın hüquqlarının pozulması müzakirə mövzusudur: “Ötən əsrin 90-cı illərində mərhum Prezident Heydər Əliyev əhaliyə əvəzsiz özəlləşdirmə çeklərinin verilməsi ilə bağlı fərman imzaladı. Fərmanda qeyd olunurdu ki, ölkə vətəndaşları sovetdən miras qalmış dövlət əmlaklarının pay sahibidirlər və onların özəlləşdirmə prosesində iştirakı təmin olunmalıdır. Çox təəssüf ki, proses yarımçıq saxlanıldı və yüzminlərlə vətəndaş çekləri əllərində bu gün də tarixi ədalətin bərpa olunacağını gözləyir”.

“Başqa ölkələrdə dəymiş zərərə görə kompensasiya ödənilməsi təcrübəsi mövcuddur. Azərbaycanda da bunu həyata keçirmək lazımdır. Vətəndaşları Allahın ümidinə buraxmaq olmaz və bu məsələ tezliklə öz həllini tapmalıdır. Dövlətin borcudur ki, ya tədavül müddətini artırsın, ya da dəymiş ziyanı kompensasiya etsin”, - deyə deputat bildirib.

Qeyd edib ki, həmkarları ilə birlikdə bu məsələni gündəmə gətirəcəklər: “Əslində, bizim mövqeyimiz məlumdur. Hesab edirik ki, zərər çəkmiş vətəndaşların hüquqları təmin olunmalıdır. “İnvestisiya fəaliyyəti haqqında” yeni qanunda da bu məsələ öz əksini tapa bilər. Bütün hallarda müvafiq mexanizm tapılmalıdır ki, prosesə yekun vurulsun. Çünki bu vauçerlər vətəndaşların halal haqqıdır və onların öz sərmayələrindən istifadə etmək hüquqları var. Bu hüququ isə heç bir halda məhdudlaşdırmaq olmaz”.

“Müvafiq mexanizmlər tapılmalı, birdəfəlik olmasa belə, ardıcıl və sistemli şəkildə kompensasiya ödənişləri həyata keçirilməlidir. Əminəm ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Vətəndaşın itkilərə məruz qalması ilk növbədə dövlətin özünün ziyanınadır. Dövlət özü maraqlı olmalıdır ki, kompensasiya ödənişləri vaxtında həyata keçirilsin. Çox təəssüf ki, mütəmadi olaraq bu kimi məsələlərdə icraçı məmurlarının yersiz müdaxiləsi ilə qarşılaşırıq. Bunlar yolverilməzdir və məmurların bu prosesə mane olmaq, ləngitmək cəhdləri aradan qaldırılmalıdır”, - deyə Mustafa vurğulayıb.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da AYNA-ya söyləyib ki, özəlləşdirmə çeklərinin təkrar tədavülə qaytarılması üçün qanunverici bazaya yenidən baxılmalıdır: “Bununla bağlı təkliflərimizi irəli sürmüşük. Özəlləşdirmə çeklərinin 20 faizi hələ də əllərdədir və bu, kifayət qədər ciddi rəqəmdir. Pay sahibi olan vətəndaşların haqqıdır ki, qanunun onlara tanıdığı bu imkandan yararlansınlar”.

“Bu günə qədər bir neçə dəfə tədavül müddəti artırılsa da, 2011-ci ildən prosesə yekun vurulub. Çekləri əllərində qalan vətəndaşların əksəriyyəti hesab edir ki, proses yarımçıq aparılıb deyə onlar vauçerləri satışa çıxarmaqdan imtina ediblər. Buna görə onları ittiham etmək düzgün deyil. Bütün hallarda yüzminlərlə insanın hüquqları bərpa edilməlidir”, - deyə həmsöhbətimiz bildirib.

Bayramovun sözlərinə görə, bu məsələni həll etmək üçün müvafiq mexanizmlər hazırlanmalıdır: “Ya onların özəlləşdirmə prosesində iştirakına şərait yaradılmalı, ya da müvafiq kompensasiyalar ödənilməlidir. Bunun necə həyata keçirilməsi üçün statistik araşdırmalar aparmağa və saxta çeklərin bazara yol tapmasını aradan qaldırmağa ehtiyac var. Hazırda bunu həyata keçirmək mümkündür. Ortada iradə və ya qərar olarsa, bu məsələ tezliklə öz həllini tapa bilər. Təbii ki, qanunverici orqanda təmsil olunan deputat kimi biz də bu məsələdə vətəndaşlardan yanayıq və onların probleminin tezliklə həll olunacağına ümid edirik”.



Hüquqşünas Namizəd Səfərov məsələ ilə bağlı AYNA-ya şərhində deyib ki, özəlləşdirmə prosesi məmurların SSRİ-dən miras qalan dövlət mülkiyyətini oğurlaması ilə başa çatıb: “Bu fərmanda qeyd olunurdu ki, özəlləşdirmə prosesində əsas payçılar vətəndaşlar olacaq. Lakin nəticədə nə baş verdi? Müəllimlər, həkimlər, kəndlilər, sadə vətəndaşlar bu prosesdən kənarda qaldılar”.

“Ümumiyyətlə, hökumət açıqlama veribmi ki, özəlləşdirməyə çıxarılan müəssisələr hansılar idi və sonradan onların aqibəti necə oldu? Heç kimin heç nədən xəbəri olmadı. Bir də onda ayıldıq ki, “lələ köçüb, yurdu qalıb”. Milyonlarla insan hüquqsuz duruma düşdü. Müəyyən bir qismi əllərində olan çekləri dəyər-dəyməzinə satışa çıxarsa da, bəzi vətəndaşlarımız sona qədər prinsipiallıq nümayiş etdirdilər və oğru işbazların “oyununda” alət olmadılar”, - deyə mütəxəssis qeyd edib.

Xatırladıb ki, bu gün də həmin vətəndaşlar vauçerləri əllərində gözləyirlər: “Əvvəla, bir məsələyə aydınlıq gətirilməlidir: əgər vətəndaşlar bu hüquqdan istifadə edə bilməyəcəkdilərsə, o zaman bu boyda həngaməyə nə ehtiyac vardı?! Bir halda ki, elan etmisiniz, yüzminlərlə insan bu gün də çekləri əllərində gözləyir, buyurun, onların hüquqlarını bərpa edin. Daha neçə il keçməlidir ki, bu məsələyə ədalətli şəkildə yekun vurulsun?”.

“Baş verənlər dövlət və hüquq anlayışına uyğun gəlmir və nə qədər ki, yüzminlərlə əhalinin hüququ bərpa edilməyib, hökumət-vətəndaş münasibətlərinin inkişafından danışmaq olmaz. Dövlət vətəndaşın təminatçısı olmalıdır ki, vətəndaş da dövlətini sevsin, ona etimad göstərsin. Bəzi işbazların üzündən bu balans pozulub və təcili sürətdə bərpa olunmasına ehtiyac var”, - deyə Səfərov fikrini yekunlaşdırıb.

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var. Hansı ki, 2011-ci ildən etibarən bu vauçerlərin tədavül müddəti başa çatıb. Bu xüsusda ölkə ziyalıları, deputatlar, ictimai-siyasi fəallar, iqtisadçılar tədavül müddətinin artırılması, dəymiş zərərin ödənilməsi təşəbbüsü ilə çıxış edirlər.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.