Qarabağdakı ermənilərə pulsuz qaz veririk? - İlham Şaban "Azəriqaz"ın açıqlamasından yaranan müəmmaya aydınlıq gətirir

29-03-2022, 08:37           
Qarabağdakı ermənilərə pulsuz qaz veririk? -
“Azəriqaz” İstehsalat Birliyi (İB) elan edib ki, martın 29-dan etibarən Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək.

“Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar edilən qazpaylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub. Normadan artıq qarın yağmasına baxmayaraq, “Azəriqaz” İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər”, – deyə məlumatda qeyd edilir.

Xankəndindəki qondarma rejim təmsilçiləri isə “Azəriqaz” İB-nin bölgənin qaz təchizatı ilə əlaqəsi olmadığını iddia ediblər. “Azadlıq radiosunun erməni xidmətinin separatçılara istinadən yaydığı məlumatda deyilir ki, Qarabağa qaz Ermənistan ərazisindən yeganə qaz kəməri vasitəsilə verilir, təchizatçı şirkətsə “Qazprom Ermənistan”dır. İddia edilir ki, SOCAR, yaxud “Azəriqaz”ın Qarabağda qaz təchizatına hər hansı əlaqəsi yoxdur, bu heç texniki, yaxud coğrafi nöqteyi-nəzərdən də mümkün deyil.

Beləliklə, ziddiyyətli informasiya qeyri-müəyyənlik yaradır və sual yaranır: Qarabağın dağlıq hissəsindəki ermənilər təbii qazı necə əldə edirlər? “Azəriqaz” İB bu prosesdə necə iştirak edir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu barədə “Pressklub.az”ın sorğusuna cavab olaraq bildirib ki, Qarabağın ermənilər yaşayan hissəsinin qaz təminatı istər işğaldan əvvəl, istərsə də hazırkı dövrdə Ermənistan üzərindən həyata keçirilir. Onun sözlərinə görə, qazın satıcısı rolunda “Qazprom Armeniya” şirkəti çıxış edir:

“Bir çoxlarında belə təsəvvür var ki, ora İran qazı gəlir, amma qeyd etmək istəyirəm ki, İran İslam Respublikası və Ermənistan imzalanan hökumətlərarası sazişə görə, ölkə ərazisinə daxil olan İran qazı elektrik enerjisinin istehsalından başqa digər məqsədlər üçün istifadə edilə bilməz. Yəni iki ölkə arasında barter müqaviləsi olduğundan, qazın elektrik enerjisinə çevrilərək geri – İrana ötürülməsi, qazanc olan bir qisminin də Ermənistanın özündə istifadə olunmasını nəzərdə tutulur”.

Ekspert əlavə edir ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə Gorus-Laçın-Şuşa-Xankəndi marşrutu üzrə böyük olmayan gücdə qaz magistral kəməri çəkilib. “Çünki onlar ildə 50-60 milyon kubmetr təbii qaz istifadə edirdilər. Bu həcm ancaq istilik məqsədi ilə məişətdə istifadə olunur. Bir də kiçik biznes sahələrində, çörəkbişirmədə, kafe-restoranlarda istifadəsinə icazə verilib”, – o qeyd edib.

Qarabağda ermənilərin istifadə etdikləri elektrik enerjisinə gəldikdə, İlham Şaban deyir ki, Sərsəng Su Elektrik Stansiyasında, həmçinin kiçik dağ çaylarında qurulmuş kiçik elektrik stansiyaları vasitəsi ilə il ərzində təqribən 200 mln kv.saat elektrik enerjisi əldə edilirdi: “Oradakı əhali daxili tələbatını tam ödəyirdi və Ermənistana da 80-100 milyon kv. saat enerji ixrac edirdilər. Bununla aldıqları qazın pulunu ödəmiş olurdular”.

“Azəriqaz”ın məlum açıqlamasına gəlincə, ekspert deyir ki, söhbət Azərbaycan ərazisindən keçən qaz boru kəmərində baş verən nasazlıqdan gedir: “Azəriqaz” onu təmir edib və bu gündən qazın nəqli bərpa olunacaq. Burada məsələ heç də insanların düşündüyü kimi mürəkkəb deyil. Sosial şəbəkələrdə o cür təsəvvür yaranmışdı ki, guya Azərbaycan orada yaşayan ermənilərə qaz verir. Bəzi sosial şəbəkə istifadəçiləri də Gürcüstanda dini məbədlərə verilən pulsuz qazla analogiya apararaq hiddətlənmişdilər. Ona görə bu məsələ ətrafında geniş diskussiya aparılırdı”.

İ.Şaban ümid edir ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunub, diplomatik münasibətlər qurulduqdan sonra bu cür məsələlər rahat yolla həll ediləcək. “Azərbaycan orada yaşayan ermənilərə də ucuz qaz verəcək ki, onlar da bizə dua etsinlər”, – ekspert vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.