Ermənilərin təhlükəsizlik strategiyasının iki “qəmbərqulu”su
29-03-2022, 11:44

Teref.az: Erməni analitik Samvel Ovanesyan yazır ki, ya zəlzələdən, ya vəlvələdən ruslar bizi qoruya bilmir. Ukraynada yaşadığı məğlubiyyət Rusiyanı tamamilə dişsizləşirib. Azərbaycan da bundan istifadə edib Qarabağı öz nəzarətinə götürür. Rəsmi İrəvan da artıq qucaq dəyişməlidir. Bu dəfə gedib ABŞ və Fransanın qucağında oturmalı və onların hərbi qüvvələrini sülhməramlı kimi regiona çağırmalıdır. Amma bu məsələdə də bir qəmbərqulu var. Daha doğrusu, iki qəmbərqulu. Qəmbərqululardan biri odur ki, ABŞ və Fransa sülhməramlılarının Qarabağa yerləşdirilməsinə Azərbaycan da razılıq verməlidir. Ondan bu razılığı gözləmək isə sadəlövhlük olardı. Bu vəziyyətdə ermənilər Qarabağı Allahın və Azərbaycan əsgərlərinin ümidinə buraxıb heç olmasa Ermənistanla Azərbaycan sərhədlərinin qorunmasını ABŞ və Fransa sülhməramlılarına həvalə etməlidir. Burda isə ikinci qəmbərqulu ortaya çıxır: ruslar ermənilərin bu qərarına necə reaksiya verər?
Erməni analitik kəlləsini işə salaraq, çıxış yolu tapır: erməni hiylgərliyi. Bəli, Samvel Ovanisyan eynilə belə deyir.
“Əgər Azərbaycanlılar Qarabağ münaqişəsi bölgəsinə “qərblilərin” daxil olmasına razı olmasalar belə, ən azı amerikalıları və fransızları Sünikdə (yəni Zəngəzurda) Ermənistanın sərhədlərini qorumaq üçün bura çağırmaq olar. Bu, bizim ərazimizdir və biz kimi istəyirik, onu çağırmaqda azadıq.
Bəs bizim qərarımızı ruslara necə izah edək? Budur, əzizlərim, diplomatiyamız üçün iş sahəsi var. İzahat elə olmalıdır ki, rusları qəzəbləndirməsin, hətta onlara qərarın onların xeyrinə olduğunu göstərsin. Erməni hiyləsini işə salmaq lazımdır”, - erməni analitik yazır.
Öz hiyləgərliklərinə çox arxayın olan Ovanesyan unudur ki, onun dediyi sərhəddə fransa və ABŞ əsgərlərinin yerləşdirilməsi üçün də Azərbaycanın razılığı lazımdır. Zira iki Azərbaycan-Ermənistan sərhədləri demarkasiya olunmadığından hələ də ərazilərin mənsubiyyəti məsələsi öz həllini tapmayıb. Bu proses başa çatmayanadək ağlı başında olan heç bir dövlət mövcud olmayan sərhədləri qorumağa qüvvə göndərməz. Göndərsə də, bir müddətdən sonra Rusiyanın vəziyyətinə düşər.
Üstəlik, Zəngəzur dəhlizinin NATO qüvvələrinə ötürülməsinə Moskva həyatında izn verməz. Əks halda, bu, NATO qüvvələri Cənubi Qafqaza yerləşdirilməsi demək olar ki, Rusiyanın özünü Ukrayna bataqlığına salmasının əsas səbəbi bu idi. Bir sözlə, bu işdə “erməni hiyləsi”nin heç bir faydası yoxdur. Ruslar yeri gələndə öz hərbi qüvvələrini Ermənistandan çıxması durumu ilə razılaşmalı olarsa, Zəngəzurun bizim tabeliyimizə keçməsinə göz yumarlar, amma onu NATO qüvvələrinə buraxmazlar.
Heydər Oğuz
Teref.az