ZABELİNLƏ DELYAGİNİN “FƏRQİ”... –

30-03-2022, 07:58           
ZABELİNLƏ DELYAGİNİN “FƏRQİ”... –
Məlum olduğu kimi, Milli Məclisin deputatı Mixail Zabelin və bir neçə rus mənşəli Azərbaycan vətəndaşı "rus icması" adından Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən və işğala birmənalı bəraət qazandıran bəyanatla çıxış edib. Bəyanatın əvvəlində Azərbaycanın Qarabağdakı qələbəsi və ərazi bütövlüyünün bərpası guya təqdir edilir. Ardınca isə Donbasdakı separatçıların uzun illər davam edən dağıdıcı, dövlətçiliyə, ərazi bütövlüyünə qarşı yönələn fəaliyyəti, cinayətləri dəstəklənir, separatizmə haqq qazandırılır. Həmçinin, Kiyevdəki hakimiyyət faşizmdə ittiham olunur. O hakimiyyət ki, ukraynalıların 70 faizdən çoxu açıq və demokratik seçkidə ona səs verib.

Ümumiyyətlə, bu bəyanat Ukraynaya münasibətdə Azərbaycanda yaşayan hansısa azsaylı xalqın mövqeyindən daha çox, Rusiyadakı şovinist təbliğatçıların dövlət kanallarındakı çağırışlarını, sərsəm təhdidlərini xatırladır...

Məsələ ondadır ki, Zabelinin timsalında Azərbaycan Milli Məclisinin üzvünün də imzaladığı həmin bəyanat Azərbaycanın xarici siyasətinə, dövlətimizin rəsmi mövqeyinə zidd olmaqla yanaşı, ölkəmizin daxili millətlərarası, xalqlararası münasibətlərlə bağlı strategiyasının da əleyhinədir.

Azərbaycanda milli, dini, irqi və s. ayrıseçkilik yoxdur! Azərbaycandakı milli azlıqlar arasında ruslar kimi ukraynalılar da var. Həmçinin, onların sayı hazırda Rusiya işğalından qaçaraq, ölkəmizə sığınan ukraynalılar hesabına artıb. Bu adamların zatən Rusiyaya, Putini dəstəkləyən rus cəmiyyətinin üzvlərinə qarşı hiddəti pik həddədir. Azərbaycanın rus icması adından yayımlanan bu bəyanat isə həmin münasibəti bir qədər də körükləyir ki, bu da Azərbaycanın daxili təhlükəsizliyinə təhdid elementi olmaqla yanaşı, ara qarışdıran və qətiyyən dövlətimizin maraqlarına uyğun olmayan addımdır.

Maraqlıdır ki, bu bəyanatdan bircə gün sonra Rusiya Dumasının deputatı, iqtisadi siyasət komissiyasının sədr müavini Mixail Delyagin artıq Rusiya dövlət telekanallarında çoxdan adət etdiyimiz həyasız və açıq anti-Azərbaycan tonunda, ölkəmizi təhdid edən bir açıqlama verdi. Bildirdi ki, Azərbaycan Qarabağdakı fəaliyyətlərinə görə cəzalandırılmalıdır, onun neft infrastrukturuna zərbə vurulmalıdır.
Ardınca, bu da azmış kimi, bu “çəpgöz donuz”u xatırladan varlıq öz səhifəsində hətta Azərbaycana nüvə zərbəsi endirilməsinə dair səsvermə keçirməyə başladı və bu səsvermə davam edir. Səsverməyə qoşulan rusiyalılarınsa az qala yarısı Bakıya nüvə zərbəsi endirməyin lehinədir! Mənzərəni təsəvvür edirsiniz?...

Qeyd edək ki, Delyagin heç də Jirinovski qədər aqressiv və “parabeyin” biri sayılmır və Rusiyada nisbətən islahatlara meylli iqtisadçı alimlərdən biri hesab olunur. Deməli, bunların hələ ağıllı sayılanları Azərbaycana qarşı belə nifrət və təhdidlə zəhərləniblərsə, jirinovskilərdən, simonyanlardan, zatulinlərdən nə gözləmək olar?

Yeri gəlmişkən, Rusiya Azərbaycanın rusdilli internet saytlarının öz ərazisində yayımını bloklayıb. Hansı ki, bu saytlarda heç kim Delyagin kimi nə Rusiyanın bombalanmasını təklif edir, nə də Moskvaya qarşı digər təhdidlərə yol verirdi.

Azərbaycanda yayımlanan Rusiya telekanallarında isə göründüyü kimi, hələ 44 günlük müharibədən, hətta ondan öncəki dövrdən başlayaraq, ölkəmizə qarşı açıq təhdid, hədə-qorxu, təxribat dolu təbliğat aparılır. Belə olan təqdirdə, bu telekanalların ölkəmizdə yayımı nə dərəcədə məqsədəuyğundur və dövlət maraqlarımızla uzlaşırmı?

“Bizim deputat”a gəlincə, xatırladaq ki, 1946-cı ildə Bakıda doğulan və bütün həyatını Azərbaycanda yaşayan, müxtəlif yüksək vəzifələr tutan Mixail Zabelin hələ 1990-cı ildən o vaxtkı Azərbaycan Ali Sovetinin deputatı olub, ardınca isə Milli Məclis “gözünü açandan” ardıcıl altı dəfə deputat “seçilib”. Yəni ki, adam üst-üstə 32 ildir(!) Azərbaycanda deputatdır.


Deməli, bu adam Azərbaycan dövlətinin, dövlətçiliyinin maraqları, onun daxili və xarici siyasətinin prioritetləri barədə kifayət qədər məlumatlıdır. Deməli, həm də bilməmiş deyil ki, Azərbaycan dünyanın istənilən nöqtəsində separatizmə qarşıdır, ən azından ona görə ki, uzun illərdir özü bu bəladan əziyyət çəkir və separatizmlə, erməni terrorçuluğu ilə mübarizədə tarix boyu yüz minlərlə qurbanlar verib, şəhərləri, kəndləri dağıdılıb, milyona yaxın azərbaycanlı qaçqın, köçkün düşüb və s.

Deməli, həm də onu bilir ki, Azərbaycan bütün beynəlxalq meydançalarda, platformalarda Ukraynanın ərazi bütövlüyünü və separatizmlə mübarizəsini dəstəkləyib, onun problemlərinin sülh yolu ilə həllinin tərəfdarı olub. Zabelinin başçılığı ilə hazırlanan məlum bəyanatda isə bütün bu məsələlər, ölkəmizin, xalqımızın mövqeyi ayaq altına atılır və Azərbaycan dövlətinin xarici və daxili siyasətinin tam əleyhinə olan mövqe ortaya qoyulur. Açıq şəkildə Rusiyanın işğalı və separatçıların fəaliyyəti dəstəklənir. Bəs, bütün bunlardan sonra Zabelinlə Delyagin arasında çoxmu fərq qalır?...

Təəssüf ki, Azərbaycan əsrlər boyu qoynunda çox ilanlar bəsləyib, yedirib, içirdib, var-dövlət, imkan sahibi edib. Onlarsa sonradan imkan düşən kimi, Azərbaycanın çətin günlərində onu sancıblar. Ancaq bu ilanlardan birinin başını 44 günlük müharibədə bərk əzmişik və belə görünür, təpiyimiz həm də hazırda bu ilanı dirçəltməyə çalışan və daim ona zəhər verən və ondan qat-qat daha böyük olan kərtənkələyə də dəyib. Bizə qarşı hücumların, hədə-qorxuların, təhdidlərin əsas səbəbi də budur...
“AzPolitika.info”
Cəlal Məmmədov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.