İlham Əliyev 2 yeni dövlət qurumu yaratdı - rəsmi
21-04-2016, 09:28
Azərbaycan prezidenti İlham Əliyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, müəyyən edilib ki, “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır, Şuranın sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.
Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
nizamnamənin və maliyyə hesabatlarının təsdiq edilməsi;
nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
Mərkəzin yenidən təşkil və ləğv edilməsi;
Nazirlər Kabinetinə:
təsərrüfat cəmiyyətlərinin yaradılması, habelə idarə, filial və nümayəndəliklərin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə Mərkəzə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, fərmanla “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddini bir ay müddətində müəyyən etmək, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etmək;
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.