Banklar müştərilərin sirrini yayır - kütləvi narazılıq var
22-04-2016, 12:03
Ölkə bankları borcluların sirlərini yayır. Problemli kreditlərin artması səbəbindən banklar borclulara qarşı müxtəlif təzyiq metodlarından istifadə edirlər. Bunlardan biri də borcluların işlədiyi təşkilatların rəhbərlərinə yazılan məktublardır. Redaksiyamıza müraciət edən onlarla müəllim bu problemlə bağlı narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, bank borcluların sirlərini yayır və işlədikləri məktəb rəhbərliyinə məktub göndərərək narahatlığa səbəb olurlar.
Müəllimlər bu halın kütləvi şəkildə yayıldığını vurğulayırlar. Borcluların ciddi şəkildə narahatlıqları var. Bank onların bu sirrini yaymalıdırmı? Bu, qanunidirmi? Növbəti mərhələdə məktəb rəhbərliyi tərəfindən onların maaşları tutulub banka ödənilə bilərmi? Bu suallar ətrafında müzakirə apardığımız ekspertlərin açıqlamaları bankların xeyrinə deyil.
Ekspert Əkrəm Həsənov musavat.com-a açıqlamasında bildirib ki, müştərinin borcu, kredit alması barədə məlumatlar bank sirridir və müştərinin icazəsi olmadan yayılması qanunsuzdur: “Kredit haqqında da məlumatlar bank sirrini təşkil edir. O məlumatı banklar yalnız müştərinin özünə və məhkəmə qərarı ilə ancaq dövlət orqanlarına verə bilərlər.
Başqa heç kəsə verə bilməzlər. Yaxud müştəri özü banka desə ki, filan məlumatı kiməsə ver, o zaman məlumat verilə bilər. Buna görə də iş yerinə məlumatın verilməsi, qohumlara, dostlara verilməsi bank sirrinin pozulmasıdır. Əlbəttə ki, bu, yolverilməzdir. Bank müştərinin tələbi ilə məhkəmə qaydasında da vurduğu mənəvi zərəri həmin müştəriyə ödəməlidir. Üstəlik, müvafiq dövlət orqanı tərəfindən də həmin banka qarşı müvafiq sanksiyalar tətbiq edilə bilər. Orqanlar dedikdə, bu, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasıdır və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İslehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətidir.
Hansı ki, buna görə həmin bankları onlar cəzalandırmalıdır. Yəni bunu banklar niyə edir, bu, aydındır. Bu, əslində faktiki olaraq müştəriyə göstərilən təzyiqdir. O ki qaldı əmək haqqından tutmaya, yalnız məhkəmə ilə bu, həyata keçirilə bilər. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, yəni bank müştərini məhkəməyə verib, məhkəməni udub, həmin məhkəmənin qərarı qanuni qüvvəyə minibsə, maaşdan tutulma ola bilər. Bankın vətəndaşın iş yerindən maaşdan tutulmanı tələb etmək ixtiyarı yoxdur. Qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda, icra məmuru vətəndaşın maaşından, pensiyasından müəyyən məbləğ tuta bilər. Tutma da maksimum 50 faiz ola bilər. Bu zaman da vacib məqam odur ki, vətəndaşın yaşayış minimumu da toxunulmazdır. Əgər vətəndaşın gəliri onun və onun ailəsinin və yaşayış minimumunu təmin etmirsə, heç ümumiyyətlə həmin maaşdan, pensiyadan heç nə tutula bilməz”.
Hüquqşünas Müzəffər Baxış isə musavat.com-a açıqlamasında qeyd edib ki, müştəri bankla müqavilə bağlayır və həmin müqavilənin tələblərinə görə bank da, müştəri də kredit müqaviləsinin tələblərinə əməl etməlidir: “Əgər əməl etmirsə, Mülki Məcəllənin tələblərinə görə, bank həmin kredit üçün ipoteka, girov qoyulubsa, öhdəliklərdən istifadə üçün məhkəməyə müraciət etməlidir. Yaxud kredit müqaviləsinin müddəti bitibsə, müştəri müqaviləni icra etməkdən imtina edirsə, belə halda da məhkəməyə müraciət edilməlidir. Qanunvericilikdə bankın müəllimlər tərəfindən kredit müqaviləsinin şərtlərinə əməl etməməsinə görə həmin müəllimlərin işlədiyi iş yerinə müraciət səlahiyyəti nəzərdə tutulmayıb. Bundan əlavə, hətta belə bir müraciət olsa da, işəgötürən bu əhvalata görə işçiyə heç bir irad tuta bilməz. Onun barəsində heç bir tədbir görə bilməz. Bu, sadəcə olaraq, Azərbaycanda qeyri-qanuni təsir imkanlarından istifadə metodlarından biridir. Qanun belə halları əslində qadağan edir. Yəni mən səndən kredit götürmüşəm, müqavilənin tələblərinə əməl etməmişəmsə, sən qanunda olan səlahiyyətlərdən istifadə edib kreditin ödənilməsinin təmin edilməsi üçün qanunda nəzərdə tutulan imkanlardan istifadə etməlisən. Digər təsir imkanlarından istifadə etmək əslində həmin şəxsin hüquqlarının pozuntusudur. Belə halda müəllim özü bankın rəhbərliyi ilə bağlı məhkəməyə müraciət edə bilər. Hadisə nəticəsində ona vurulmuş mənəvi ziyana görə ondan tələbi ola bilər. Yəni bildirə bilər ki, bu yolla mənəvi sarsıntılar keçirib”.