Region liderinə yaraşmayan əmək haqqı: Niyə hamıdan geridəyik? - AKTUAL

18-05-2022, 08:55           
Region liderinə yaraşmayan əmək haqqı: Niyə hamıdan geridəyik? - AKTUAL
Region liderinə yaraşmayan əmək haqqı: Niyə hamıdan geridəyik?
Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 476 dollara yaxındır. Azərbaycana qonşu və onun kimi keçmiş SSRİ respublikalarından Ermənistanla Gürcüstanın rəsmi qurumlarının məlumatına görə isə, onlarda orta aylıq əməkhaqqı daha yüksəkdir – Ermənistanda bu, təqribən 516, Gürcüstanda isə 488 dollardır.

Zəngin neft və qaz ölkəsi sayılan Azərbaycanda orta əməkhaqqı məbləği Cənubi Qafqazın digər iki respublikası ilə müqayisədə niyə aşağıdır? Üstəlik, rəsmilər, bir qayda olaraq, Azərbaycan haqqında danışanda onu “regionun lider dövləti” adlandırırlar.

“Bizim insanların evinə, geyiminə baxın…”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Turan”a bildirib ki, əməkhaqqı insanların həyat tərzinin bir göstəricisidir və o, yüksəkdirsə, insanların güzəranı yüksək olur: “Heç bir sorğu aparmadan, sadəcə vizual olaraq bizim istənilən bölgədə yaşayan insanların həyat tərzinə, evinə, geyiminə baxın, Ermənistanda yaşayan əhalininkinə baxın”.

Üstəlik, deputat Ermənistanın əməkhaqqı ilə bağlı rəsmi rəqəmlərinə şübhə edir. Onun sözlərinə görə, Ermənistanın xarici borcu ümumi daxili məhsulun (ÜDM) 70 faizini keçib, valyuta ehtiyatı yoxdur, beynəlxalq layihələrdən kənardır: “Ermənistan absurd bir rəqəm verib. Belə bir dövlətin statistikanı götürüb öz əməkhaqqımızla müqayisə etmək düzgün deyil”.

“Azərbaycanda alıcılıq qabiliyyəti daha yüksəkdir”
Komitə üzvü vurğulayıb ki, Azərbaycanda əmək haqlarının alıcılıq qabiliyyəti daha yüksəkdir: “Hərdən müqayisə aparırlar ki, Avropada insanlar 5 min avro maaş alır. Amma bunun min avrodan çoxu kommunal ödənişlərinə gedir. Belə götürəndə bizim alıcılıq qabiliyyətimiz daha yüksəkdir”.

“Çox aşağı göstəricidir”
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda əməkhaqqı ilə bağlı vəziyyətin o qədər də yaxşı olmaması rəsmi rəqəmlərdə də öz əksini tapır: “Yaxınlarda muzdla çalışanların əmək haqlarının bir araşdırması dərc olunmuşdu. Muzdla çalışan 1 milyon 700 min insanların median maaşı 405 manat təşkil edib. Bu işçilərin yarısından çoxu 405 manatdan aşağı maaş alanlardır. Bu, çox aşağı göstəricidir. Orta aylıq əməkhaqqı bizdə 800-900 manat elan olundu, amma median əməkhaqqı daha aşağıdır”.

“Siyahının ortasındayıq”
İqtisadçı deyib ki, əmək haqları aşağı olarsa, ölkədə istehlakı da azalır: “İstehlak azalanda iqtisadi aktivliyə də çox mənfi təsir göstərir. Yəni, insanların alıcılıq qabiliyyəti aşağı düşür. Bu mənada Azərbaycanın vəziyyəti ürəkaçan deyil. Müstəqil Dövlətlər Birliyi (MDB) məkanını götürsək, biz siyahının ortasındayıq. Halbuki, biz resurslarımıza və imkanlarımıza görə daha yuxarı yer almalıyıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.