Eldar Mahmudov necə nazir oldu? – DTX zabitinin şok qeydləri

20-05-2022, 08:25           
Eldar Mahmudov necə nazir oldu? – DTX zabitinin şok qeydləri
Birinci və ikinci yazı
Əslində nəinki bir və ya bir neçə posta yerləşəcək mövzu deyil, hətta bu haqda kitablar yazmaq da yetərli olmaz. Ümumiyyətlə, bizim kimi yeni müstəqil dövlətlərdə mütləq imperiya tarixini, texnologiya və metodologiyasını öyrənən xüsusi institutlar olmalıdır. Əks halda nəinki imperiyanın nə istədiyini, heç özümüzün də nə etməli olduğumuzu tam aydınlaşdıra bilməyəcəyik.

Amma təəssüf ki, əksər postsovet ölkələrdə olduğu kimi, Azərbaycanda da araşdırma, təhlil, tədqiqat kimi həyati əhəmiyyətli işlər heç ən sonuncu məsələlər də deyil. Ona görə də belə mövzularda bütün müzakirələr yalnız sosial media səviyyəsində və formatında aparılır. Onların nəticələri isə hər kəsə bəllidir məncə.

İmperiya siyasətini anlamaq üçün isə onu ən azı əhatəliliyi, dərinliyi və zaman kəsimində dinamikası kimi parametrlər üzrə dəyərləndirə bilməliyik. Başqa sözlə, onun miqyasını. Amma hətta belə dəyərləndirmə də yalnız ümumi mənzərə yarada bilər ki, bu da yetərli deyil. Lakin heç bu da olmadığından bizdə "Rusiya dağılacaq!" tezisi və ya "Rusiya dağılacaqmı?" sualı aktuallıq kəsb edir.

Burda söhbət təkcə Rusiyadan deyil, ümumiyyətlə imperiyalardan gedir. Onların isə hamısı metodoloji və strateji baxımdan aşağı-yuxarı eyni siyasəti yürüdür. Tarixin müxtəlif dönəmlərindən keçmiş imperiyaların bütün dövrlər, o cümlədən də kritik tarixi dönəmlər üçün hazır siyasəti var. Bir növ ölümdən xilas etmə resepti kimi.

Bunu anlamaq üçün elə Rusiya imperiyasının 20-ci əsrdəki 1917 və 1991-ci illərdə baş vermiş iki süqutuna baxmaq kifayət edər. Birinci Dünya Müharibəsindəki məğlubiyyətin ardınca baş verən qanlı süqutdan sonra (1917) imperiyaya cəmi 5 il lazım oldu və 1922-ci ilin dekabrında o, SSRİ adı altında bərpa olundu.

Maraqlıdır, amma heç də təzadlı deyil ki, bu dəfə onu bərpa edən Çar Rusiyasını "xalqlar həbsxanası" adlandıran bolşevik lideri Lenin idi. Sonrası bəllidir. 1991-ci ildə isə parçalanmış SSRİ-nin yerində yaranmış müstəqil dövlətlərə müxtəlif yollarla öz təsirini yayan Rusiya onları mümkün olan format çərçivəsində bir araya gətirdi.

Bunu edən isə Rusiya tarixinin ən liberal lideri sayılan Boris Yeltsin idi. Bu arada qeyd edim ki, heç bugünkü Rusiya liberalları, demokratları da imperiya təfəkküründən çox da uzaq deyillər. Amma bunun səbəbi də təkcə liderlərin baxışında imperialist təfəkkürün dominantlığı deyil, həm də ictimai şüurun imperiya şüuru olmasıdır.

Bu səbəbdən də "imperiya yaşamalıdırmı?" sualı Rusiyanın nə siyasi çevrələri, nə də sadə xalq kütlələri üçün aktual deyil, heç mövcud da deyil və nəhayət, sual da deyil. Bu - aksiomdur, müzakirəsi olmayan mütləq həqiqətdir. Amma bizim kimi ölkələr üçün problem təkcə bunlar deyil, həm də imperiyanın dövlət institutlarıdır.

Daha doğrusu, onların necə işləməsi. Bu, həm də bizim təkcə anlaya bilmədiyimiz yox, həm də anlamaq istəmədiyimiz problemdir. Səbəbi də bəllidir: cəmiyyətdə, ölkədə həmin məsələlərin instutusional səviyyədə öyrənilməsi yoxdur, yalnız mütləq əksəriyyəti arzusunu reallıq kimi təqdim etməyə çalışan ayrı-ayrı fərdlər səviyyəsində spontan müzakirələr mövcuddur.

Belə müzakirələr isə ən yumşaq tərzdə ifadə etdikdə "mənasız deyişmələr" adlandırıla bilər. Başqa cür də ola bilməz, çünki siyasətin institusional səviyyədə öyrənilmədiyi toplumda az qala hamı siyasətşünasdır, amma həm də heç kim siyasətşünas deyil. Nə qədər ziddiyyətli səslənsə də belədir.

Belə reallıqda isə siyası strategiyalar və siyasi planlaşdırma kimi həyati vacib məsələlər haqda danışmağa isə heç ümumiyyətlə dəyməz. Amma elə bu səbəbdən də yuxarıdakı suallara cavab axtarmaqdan daha çox onları qondarmağa üstünlük veririk. Təbii ki, hər kəs öz istəyinin və fantaziyasının imkanları çərçivəsində.

Amma bütün bunlar bizə heç bir halda kömək etmir və edə də bilməz, çünki bu halda sanki özümüzün yaratdığımız paralel dünyada qalmış oluruq. Orda isə bizim məsələlər həll olunmur...

Amma imperiya işləyir və sistemli şəkildə öz siyasətini davam etdiri. Bəli, hətta o dağlanda da siyasəti davam edir.

Keçən əsrin 90-cı illərinin əvvəllərində (1992 ya 1993, dəqiq xatırlamıram) ünlü KQB generallarından biri olmuş, 3 il ərzində xarici kəşfiyyata rəhbərlik etmiş general-leytenant Leonid Şebarşin "Moskovskie novosti" qəzetinə müsahibəsində bunları demişdi: "Bizim bu gün gördüyümüz işlər özünü hələ 30 ildən sonra göstərəcək".

Şebarşinin o zaman nəyi nəzərdə tutduğunu bu gün xülya, dezinformasiya, boşboğazlıq və ya başqa necə istəsək adlandıra bilərik, amma ən düzgünü elə son 30 ildə baş verənləri təhlil etməyə çalışmaq olardı.

Biz bəzən sadəlövhcəsinə tarixi hadisələri qısa vadəli dəyərləndiririk və ilk, həm də əsas yanlışımız elə burdan başlayr.

İmperiya isə 5-10 günlük və hətta 5-10 illik planlar qurmur. Hələlik, bizim gördüklərimizə nəzər salaq. 1991-ci ilin sonunda SSRİ süquta uğradı və onun yerində müstəqil dövlətlər yarandı, amma həm də Müstəqil Dövlətlər Birliyi, yəni MDB. İlk baxışdan inert qurum olan MDB əslində imperiya üçün geniş imkanlar və iş şəraiti yaradırdı.

MDB-nin yaradılmasının əsas məqsədlərindən biri keçmiş SSRİ respublikaları arasında iqtisadi əlaqələrin qorunub saxlanması olsa da, baş verənlər bunun tam əksini göstərirdi: SSRİ-dən qalma sənaye (ilk növbədə də hərbi sənaye) və kənd təsərrüfatı infrastrukturu sürətlə dağıdılırdı. Dağılmırdı, dağıdılırdı.

Məsələn, artıq o dövrdə müharibə vəziyyətində olan Azərbaycanın ərazisindəki hərbi-sənaye müəssisələri göz bəbəyi kimi qorunmalı, inkişaf etdirilməli olduğu halda onun olan-qalan potensialı da sıradan çıxarılırdı. Bunun səbəblərindən biri artıq müstəqil olmuş keçmiş sovet respublikaları arasında iqtisadi əlaqələrin qırılması idi.

Amma bu, səbəblərdən yalnız biri idi. Bunun digər səbəbləri isə məqsədli və planlı şəkildə dağıtmağa yönələn kompleks tədbirlər idi. Eyni proseslər bütün sahələrdə baş verirdi. Müstəqillik əldə etmədən müharibəyə çəkilən ölkədə vahid ordu olmaması səbəbindən çoxsaylı özünümüdafiə dəstələrinin yaranması təbii idi.

Amma bu, həm də imperiya üçün hadisələri idarə etmək imkanı idi. Konkret halda - müharibənin gedişini. Belə də olurdu. Hətta MN-nin yaradılması vəziyyəti dəyişmirdi. Bir çox özünümüdafiə dəstələri komandirləri vahid komandanlığa tabe olmaqdan imtina edərək MN-nin rəsmilərinin agent, satqın və s. olduğunu iddia edirdi.

MN rəsmiləri də öz növbəsində eyni ittihamları bəzi özünümüdafiə dəstələrinin komandirlərinə qarşı irəli sürürdülər. Ədalət naminə deməliyik ki, hər iki tərəf müəyyən qədər haqlı idi, amma nəticədə yaranan pərakəndəlik, özbaşınalıq, xaos məlum nəticələrə gətirib çıxardı. Bu, qısa vadəli baxdıqda 1993-cü ilin hərbi qiyamı idi.

Amma uzunmüddətli isə bu, SSRİ dağıldıqdan 24 ildən sonra ölkənin hərbi dəniz qüvvələrinin dağıdılması və 26 il sonra isə Tərtər qətliamı törədilməsi idi. General Şebarşin də bunu nəzərdə tuturdu. Həmin müsahibədən 30 keçib, amma 30 il əvvəl orduya yeridilmiş təsir agentləri bu gün də orada yüksək vəzifələrdə qərar tutublar.

Amma eyni uzunmüddətli planların qurulması təkcə ordu və siyasi sistemlə məhdudlaşmırdı, onlar iqtisadiyyatı, xüsusilə də maliyyə sektorunu, hüquq-mühafizə və təhlükəsizlik orqanlarını, məhkəmələri, elm və təhsili, və ümumiyyətlə bütün sferaları əhatə edirdi. Özü də çoxpilləli və bir neçə nəslə hesablanmış şəkildə.

1992-93 illərdə Azərbaycanda təkcə mənə məlum olan 3 şirkət vardı ki, onlar müxtəlif kiçik biznes sahələrində fəaliyyətlə maskalanaraq əslində tamamilə fərqli işlərlə məğul idi. Onlardan ikisi həmin dövrdə beynəlxalq sanksiyalara məruz qalan İraqa hərbi-strateji əhəmiyyətli metal ixrac edirdi. Xeyr, Rusiyadan yox, Ukraynadan.

Sonradan həmin şirkətlərdən birinin rəhbəri mühüm bir rayonun icra hakimiyyətinin başçısı, digərininki isə nazir olacaqdı. Yenicə müstəqil olmuş Azərbaycanın hansısa şirkətlərinin beynəlxalq sanksiyalar altında olan Səddam Hüseyn rejiminə strateji metalı özbaşına satması ancaq kəmağıllı üçün inandırıcı ola bilərdi.

Bu gün oxşar işlərin hansı miqyasda olmasını təsəvvür etmək belə mümkünsüzdür. Digər bir misal: Azərbaycanı tərk edən Sovet- Rusiya ordusu hərbçilərinin geyimlərini "hansısa yolla əldə etmiş iş adamı" onları müstəqil ölkənin hərbi qurumlarına satırdı. Sonralar o, ölkənin milli təhlükəsizlik naziri olacaqdı. Düz tapdınız, Eldar Mahmudov!

Bu gün hakimiyyətdə nəsil dəyişikliyi adı altında vəzifələrə gətirilən gənc kadrların xeyli hissəsi sovet nomenklaturasına aid olan ailələrdən çıxmış uşaqlar olublar. İmperiya bunu 30 il əvvəldən nəzərə alıb, amma həm də həmin müddətdə prosesi tam idarə edib.

General Şebarşin də müsahibəsində bunu deyirdi.

Başqa bir metod isə yüksək vəzifələrə yerləşdirilmiş təsir agentlərinin əlilə yeni nəsil "5-ci kolon”un yetişdirilməsidir. Buna tipik nümunə 90-ların əvvəllərində Azərbaycan Ordusuna yeridilmiş nəcməddinlərin əlilə bugünkü bir çox generalların yaradılmasıdır. Həmin şəbəkə başqa bir işin də öhdəsindən layiqincə gəlib - Türkiyədə təhsil almış hərbçilərin kütləvi şəkildə sıxışdırılaraq ordudan kənarlaşdırılmasının. Təbii ki, bu işi yalnız inzibati üsullarla görmək çətindir, ona görə də sistemin saat müxanizmi kimi işləməsini polis, təhlükəsizlik, prokurorluq, hərbi prokurorluq və siyasi hakimiyyətin orqanlarına yerləşdirilmiş agentura təmin edir.

Bu gün SSRİ-nin dağılmasından 31 il keçir, amma Azərbaycan dövləti həmin dağıdıcı ünsürlərdən xilas olmaq əvəzinə onların yağışdan sonra göbələk kimi artmasına məruz qalmaqdadır. Bugünkü vəziyyət 30, 20 hətta 10 il əvvəlkindən daha acınacaqlıdır, amma buna rəğmən heç də ümidsiz deyil.

Vəziyyətdən çıxmaq üçün imperiyaların necə işlədiyini dərindən öyrənməliyik. Onların zaman və məkan çərçivəsindəki fəaliyyətinin qanunauyğunluqları ilə tanış olmalıyıq. İmperiyaların cəmiyyətləri necə təbəqələşdirdiyini və yaratdıqları müxtəlif təbəqələri necə qarşı-qarşıya qoyması metodologiyasını bilməliyik.

Bunların hamısı planlı, sistemli, metodik görülən işlərdir və həmin işləri imperiyanın çoxsaylı təcrübəli institutları hazırlayır. Buna qarşı effektiv mübarizə də yalnız həmin işin incəliklərini bilən mütəxəssislərdən ibarət institutlar tərəfindən aparıla bilər. Fərdi qaydada, QHT və ya partiya şəklində fəaliyyətin bu halda heç bir şansı yoxdur.

Ərəstun Oruclu
/yenipress.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.