“Vəziyyət hökumətin istəmədiyi qaydada dəyişərsə, o zaman seçkilərin ertələnməsi...” – ŞƏRH

27-05-2022, 15:38           
“Vəziyyət hökumətin istəmədiyi qaydada dəyişərsə, o zaman seçkilərin ertələnməsi...” – ŞƏRH
“Vəziyyət hökumətin istəmədiyi qaydada dəyişərsə, o zaman seçkilərin ertələnməsi...”
“Azərbaycan parlamentinin formalaşdırılması qaydaları və seçki sisteminin dəyişdirilməsi kimi məsələlər də aktualdır”. DİA.AZ xəbər verir ki, bu fikirləri ölkədə Konstitusiya referendumunun keçirilməsi ehtimalını qiymətləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hakimiyyətin referenduma getməsi həm daxili, həm də xarici çağırışlarla şərtlənir:

“Proseslərin məntiqi analizi onu deməyə əsas verir ki, hökumət islahatlar prosesini həyata keçirməyə cəhd göstərir. Başqa sözlə ifadə etsək, hökumət də indiyə kimi islahat olaraq təqdim etdiyi prosesin bu adı ehtiva etmədiyini özü də başa düşür. Çünki hər hansı kadr dəyişikliyi islahat kimi qəbul edilə bilməz.

O baxımdan, hökumət zərurətə çevrilən bir sıra hüquqi məsələləri də nəhayət həll etmək istəyir. Keçiriləcək referenduma hökumətin qarşısında dayanan bir neçə məsələnin çıxarılacağı ehtimal edilə bilər. Buraya rayonların təyinatının dəyişdirilməsi, icra hakimiyyəti orqanlarının səlahiyyəti və başqa vacib məsələlər daxildir.

Eyni zamanda, Azərbaycan parlamentinin formalaşdırılması qaydaları və seçki sisteminin dəyişdirilməsi kimi məsələlər də aktualdır. Hökumətin buna getməsi isə daha çox istər daxili, istərsə də xarici çağırışlarla şərtlənir. Bundan başqa, parlamentdəki deputat sayının artırılması da həllini gözləyən məsələlər sırasındadır.

Ola bilsin, proporsional seçki sisteminin tətbiqi ilə deputatların sayı iyirmi beş nəfər artırılsın. Bununla da deputatların və əhalinin sayı arasında uyğunluq yaratmaq düşünülür. Çünki hazırda bir seçki dairəsinə təqribən qırx min seçici düşür. Seçici sayı artıq olanda, müəyyən problem yaranır.

Bütün bunlar ölkədə referendum keçirilməsi zərurətini diqtə edir. Fikrimcə, hökumət referendu yamun tarixini elə müəyyənləşdirməyə çalışacaq ki, prezident və parlament seçkilərini ertələməyə ehtiyac qalmasın. Ancaq vəziyyət hökumətin istəmədiyi qaydada dəyişərsə, o zaman seçkilərin ertələnməsi də istisna deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.