Taxıl yenə dalana dirəndi: Lavrov və Çavuşoğlu razılaşmadı

9-06-2022, 10:36           
Taxıl yenə dalana dirəndi: Lavrov və Çavuşoğlu razılaşmadı
Xəbər verildiyi kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ukrayna taxılının dəniz yolu ilə ixracı məsələsini müzakirə etmək üçün Ankaraya gedib.

Rusiya hərbi xüsusi əməliyyatı başlayandan bəri ixrac üçün nəzərdə tutulan 20 milyon tondan çox taxıl Ukrayna ərazisində ilişib qalıb. Əvvəllər taxıl Qara dəniz vasitəsilə quru yük gəmiləri ilə təyinat ölkələrə daşınırdı, lakin Odessa vilayətindəki Ukrayna limanları hərbi əməliyyatlar başlayandan sonra minalanıb.

Eyni zamanda, onlara Rusiya donanması tərəfindən nəzarət olunur.


Teref.az-ın yazdığına görə, cebhe.info xəbər verir ki, Ukrayna taxıl ixracına görə dünyada beşinci ölkədir. Bir sıra Afrika ölkələrini buğda, qarğıdalı və günəbaxan yağı ilə təmin edir.

BMT-nin ərzaq proqramının satınalmalarının 50%-ə qədəri bu ölkənin payına düşür. Humanitar yardım yoxsul ölkələrə, o cümlədən ərzaq qıtlığı olan Yəmən və Liviyaya paylanır.

Hələ may ayının sonlarında Çavuşoğlu “Anadolu” agentliyinə verdiyi müsahibədə gəmilərin Qara dənizə gedib-gəlməsinə cavabdeh olan Türkiyənin taxıl ixracı məsələsində tərəflər arasında etimadın yaradılmasına kömək etməyə hazır olduğunu açıqlamışdı. BMT-nin müvafiq dördtərəfli əlaqə qrupunun yaradılması təşəbbüsü dəstəklənmişdi. Nazir qeyd etmişdi ki, Ankara buna razılıq verib və texniki səviyyədə məsləhətləşmələrə başlanıldığını elan edib:

“Ukrayna Rusiya gəmilərinin Odessaya daxil olmasını, Rusiya isə bu dəhliz boyu digər gəmilərin Ukraynaya silah çatdırmasını istəmir. Hər iki tərəfin etimada və zəmanətə ehtiyacı var”.

Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə telefon danışığı aparıb.


Təxminlər doğrulmadı...

Bir neçə gün sonra “Anadolu” türk diplomatik mənbələrinə istinadən tərəflərin Qara dənizdə gəmilər üçün dəhlizinin yaradılmasına yönəlik “yol xəritəsi” hazırladıqlarını açıqlayıb. Dəhlizin BMT-nin himayəsi altında fəaliyyət göstərəcəyi və taxılın bu məqsədlə İstanbulda tikiləcək xüsusi paylama mərkəzinə daşınacağı təxmin edilirdi. Müqaviləni üç ölkənin və BMT nümayəndələri imzalamalı idi. Lavrovun Ankaraya səfərindən bir neçə gün əvvəl İstanbulda ekspertlər səviyyəsində Rusiya-Türkiyə məsləhətləşmələri başlayıb və iyunun 7-də axşam Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar taxılın daşınması zamanı gəmiçiliyin təhlükəsizliyi məsələlərini telefonda ətraflı müzakirə ediblər.

Lakin gözlənildiyinin əksinə olaraq, iyunun 8-də keçirilən danışıqlardan sonra mətbuat konfransında Lavrov və Çavuşoğlu dəhliz yaradılması ilə bağlı razılaşmanı açıqlamayıblar. Türkiyəli nazir BMT-nin təklif etdiyi planı “ağlabatan və həyata keçirilə bilən” adlandıraraq, naviqasiya təhlükəsizliyinin təmin edilməsi məsələsində Rusiya və Ukrayna arasında əlavə məsləhətləşmələrin aparılmasının zəruriliyini qeyd edib. Çavuşoğlu nazirlərin görüşü "məhsuldar" adlandırıb.

O, həmçinin bildirib ki, Rusiya nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünü dəstəkləmək qərarına gələrsə, Türkiyə ona qarşı sanksiyaların qismən götürülməsinin tərəfdarı olacaq. Üstəlik türkiyəli nazir belə bir şərti “kifayət qədər qanuni” adlandırıb.

Kreml nə istəyir?


Lavrov isə öz növbəsində bildirib ki, Ukrayna taxılını mənzil başına sərbəst daşımaq olar və Rusiya tərəfindən heç bir maneə yoxdur. Onun sözlərinə görə, bunun üçün Ukrayna Prezidenti Vladimir Zelenski limanlarda xarici gəmilərin Qara dənizə daxil olmasını əmr etməlidir. Nazirin sözlərinə görə, Rusiya Qara Dəniz Donanması bir aydan artıqdır ki, Ukraynanın ərazi sularından Bosfor boğazına kimi bütün gəmilərin daimi qeydiyyat limanlarına göndərilmək üçün istifadə edə biləcəyi humanitar dəhlizlər barədə məlumat verir.

“Son vaxtlara qədər Ukrayna hakimiyyəti, o cümlədən Prezident Zelenski bu prosesə başlamaq üçün bu ərazi sularını təmizləməyə hazır olduqlarını açıq şəkildə inkar edirdi. Amma əgər indi türk dostlarımızın bizə dediyi kimi, Ukrayna tərəfi keçid təmin etməyə və ya minalardan təmizləməyə, ya da minalanmış sahələrdən keçidi təmin etməyə hazırdırsa, o zaman ümid edək ki, problem həll olunacaq”, - deyə Lavrov bildirib. O əlavə edib ki, Rusiya əməkdaşlıqdan məmnun olardı.

Putin zəmanət verir, ancaq ona inanan yoxdur


Rusiyalı nazir vurğulayıb ki, Moskva Kiyevə limanın minalardan təmizlənməsindən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair zəmanət verməyə hazırdır. “Bunlar Rusiya Prezidentinin zəmanətləridir, biz onları bu və ya digər şəkildə rəsmiləşdirməyə hazırıq”, - deyə o, vurğulayıb.

“Taxıl probleminin əsas, gizli tərəfi ondan ibarətdir ki, Ukraynanın məqsədi taxıl problemindən istifadə edərək minimum yanacaq və sürtkü materialları, maksimum isə silah və sursat idxal etmək üçün limanları tamamilə açmaqdır. Digər tərəfdən, Rusiya taxıl ixracı üçün gəmiləri yoxlamağa israr edəcək ",-deyə Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Vasili Kaşin deyib.

Ekspert izah edib ki, taxıl daşıyıcılarının hansı mərhələdə Rusiya gəmilərini, hansı mərhələdə isə Türkiyə gəmilərini müşayiət edəcəyi müzakirə olunur. Kaşin əmindir ki, gəmiləri yoxlamaqdan imtina Rusiya üçün birbaşa hərbi risklərə səbəb olacaq:

“Rusiya yanacaq-sürtkü materialları, döyüş sursatları və silahların tədarükünü əngəlləmək üçün qəsdən nəqliyyat infrastrukturu obyektlərinə, məsələn, dəmir yolu dartma yarımstansiyalarına və bəzi hallarda körpülərə və yanacaq anbarlarına zərbələr endirir. Əgər dəniz yolu ilə asan çıxış olarsa, bütün bu səylər öz mənasını itirəcək”.
Kiyev də inanmır

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ankaradakı danışıqların nəticələrini şərh edərkən bildirib ki, Kiyev Ukrayna taxılının ixracı ilə bağlı danışıqları alqışlayır, lakin bu məsələ ilə bağlı istənilən qərarda ölkənin təhlükəsizliyi nəzərə alınmalıdır. O qeyd edib ki, Ukrayna hakimiyyəti bu məsələdə BMT ilə əməkdaşlıq edir.

"Bütün digər yollar və səyləri alqışlayırıq, lakin bir şərtlə ki, yekun qərar Ukraynanın təhlükəsizliyinin maraqlarını 100% nəzərə almalıdır",- deyə nazir vuğulayıb. Bunun üçün kifayət qədər çox sayda silah tələb olunduğunu deyib.

Həmçinin, onun sözlərinə görə, gələcək dəniz dəhlizində Ukraynanın etibar edə biləcəyi ölkələrin gəmiləri ilə patrul missiyası yaratmaq lazımdır. Kuleba Türkiyənin də onlardan biri ola biləcəyinə işarə edib.

“Lavrovun sözləri boşdur. Ukrayna dəniz limanları ilə bağlı mövqeyini dəqiq müəyyən edib, ona sahil zolağının qorunması üçün hərbi texnika və Qara dənizdə ixrac marşrutlarını patrul etmək üçün Hərbi Dəniz Qüvvələrinin missiyası lazımdır. Rusiyaya Ukraynanın cənubuna hücum üçün taxıl dəhlizlərindən istifadə etməyə icazə verilə bilməz”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko “Twitter” səhifəsində yazıb.

Yenə silah tələbi...


Bundan əvvəl Zelenski bildirmişdi ki, Kiyevə gəmi əleyhinə raketlərin tədarükü Ukrayna limanlarının blokdan çıxarılması üçün “ən yaxşı zəmanət” olacaq: “Regionda yerləşdirə biləcəyimiz silahların alınması üzərində işləyirik və gəmi əleyhinə sistemlər alacağıq”.

Ukrayna Prezidenti Rusiya gəmilərinin blokdan çıxarılan limanlara daxil ola bilməyəcəyini də vurğulayıb.

Danimarka isə tələb olunan sistemləri təmin edə bilər. Mayın 23-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin jurnalistlərə bildirib ki, Kopenhagen Ukraynaya “Harpun” gəmi əleyhinə raketlər və onlar üçün buraxılış qurğusu verəcək. Bir neçə gün sonra Pentaqonun yüksək rütbəli rəsmisi bildirib ki, 20-yə yaxın ukraynalı əsgər artıq onlardan istifadə üzrə təlim keçir. Təlimlər Ukraynadan kənarda, ABŞ hərbçilərinin iştirakı ilə keçirilir.

Göründüyü kimi, taxıl yenə dalana dirənib...
Çevirdi: Elnarə Kərimova












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.