Meşə mafiyasına qarşı əməliyyat keçirildi: Lerik meşələrində kütləvi qırıntıların görüntüləri

26-09-2022, 09:59           
Meşə mafiyasına qarşı əməliyyat keçirildi:
Xəbər verildiyi kimi, hüquq-mühafizə orqanları cənub meşələrinin kütləvi şəkildə məhv edilməsinə qarşı geniş miqyaslı əməliyyat keçirib. Əməliyyat nəticəsində Hirkan Milli Parkının direktoru başda olmaqla onlarla şəxsin “iş başında” saxlanılması ilə bağlı məlumatlar yayılmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə mafiyasına qarşı əməliyyatın keçirildiyini qismən təsdiqləyib və araşdırmaların aparıldığını bildirib.

AzToday.az-a daxil olan məlumatlara görə, sözugedən əməliyyat nəticəsində təkcə Lerikin Vizəzəmin meşəbəyliyinin 15, 16 və 18 saylı meşə dolaylarında 70 kub metr işlik material tutulub. Əməliyyatdan dərhal sonra Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov Lənkərana gələrək Regional Meşə Təsərrüfatı Mərkəzində təcili iclas keçirib. İclasda müzakirə olunan məsələlər barədə məlumatımız olmasa da, Xalıqverdi Hüseynovun Lənkərana bu dəfəki qəfil gəlişinin meşə mafiyasına qarşı həyata keçirilən əməliyyatla bağlı olmasına şübhə yoxdur…

Qeyd edək ki, illərdir mətbuatda meşələrin məhv olunmasında adı hallanan Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin (MRMTM) sabiq baş mühafizə mühəndisi Abuturab Bağırov hazırda Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində eyni vəzifəni daşıyır. AzToday.az-a daxil olan məlumatlara görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılan Abuturab Bağırovun qısa müddət sonra Lənkəranda peyda olması Ekologiya Nazirliyində meşə mafiyasının nə qədər böyük güc olduğunu göstərir. Məhz, Abuturab Bağırovun Masallıdan Lənkərana “transfer” olunmasından sonra meşələrdə qırıntılar daha da kütləviləşib. İddialara görə, Abuturab Bağırov rəsmi iş yerindən başqa Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində də əsas söz sahibidir…

Lerik meşələrində soyqırım davam edir

Bu arada Lerik sakinləri meşələrdəki kütləvi qırıntılarla bağlı redaksiyamıza yeni məlumatlar göndərib. Məlumatlarda deyilir ki, Lənkəran Regional Məsə Təsərrüfatı Mərkəzinin Vizəzəmin meşəbəyiliyinin 15 və 16 saylı meşə dolaylarındakı qırıntılarda mərkəzin direktoru Aqil Babaşov başda olmaqla müavini Elşad Şükürovun da böyük payı var. Beləki, sakinlər dəfələrlə Ekalogiya Və Təbii Sərvətlər Nazirliyinə meşələrdə qanunsuz qırıntıların qarşisini almaq və günahı olan məsul şəxslərin cəzalandırılması üçün şikayətlər etsələr də, onların müraciətlərinə əhəmiyyət verilməyib. Sakinlərin dediklərinə görə, nazirlik və yerdəki qurum meşələrimizə taxıl zəmiləri kimi baxırlar:

“Belə getsə bir-iki ilə lerik meşələri Ekologiya nazirinin müavini Vüqar Kərimovun anadan olduğu Şəki rayonundakı meşələrdən betər olacaq”.

Lerikin Razvonaband meşəbəyliyinin 19a, 19b və 19c sayli meşə dolaylarında da kütləvi qırıntıların baş verdiyini deyən Kamal Paşayevin sözlərinə görə, Ekologiya Nazirliyi Lerik meşələrində soyqırımın qarşisini almaqda ya acizlik çəkir, ya da bilərəkdən şərait yaradır. Lerik sakinləri məcbur qalıb kütləvi şəkildə Prezident İlham Əliyevə müraciət edib nadir agac növləri ilə zəngin meşələrinin qorunmasını xahiş etmək niyyətindədirlər…

Lerik meşələrindəki kütləvi qırıntıların bir hissəsinin görüntülərini təqdim edirik:


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.