İndi də ermənilər Azərbaycanda kilsə TƏMİR ETDİRİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...

27-09-2022, 11:35           
İndi də ermənilər Azərbaycanda kilsə TƏMİR ETDİRİR... -
Azərbaycan Respublikası Kəlbəcər rayonunun Kolatağ kəndinin “inkişafı və həmin kənddəki “Müqəddəs Hakob”(“Akopavank”) kilsəsinin bərpası üçün 1 milyon ABŞ dolları tələb olunur. Təxminən 25 min dollar toplanıb ki, bu pulla monastır kompleksinin 1 kilsəsində tikinti işlərinə başlamaq olar”.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda Azərbaycan torpağında həyata keçirilməsi nəzərdə tutulan qanunsuz “layihə”nin koordinatoru Qaqik Arutyunyan Xankəndində kerçirilmiş “Artsaxda Müqəddəs Hakob məbədinin bərpası və Kolatak icmasının inkişafı” adlı konfransda bildirib.

“Kompleksin daxilində 3 kilsənin bərpası üçün 350 min dollar kifayət edə bilər. Hazırda 20-25 00 ABŞ dolları yığılıb”- deyə Q. Arutyunyan əlavə edib.

Q.Arutyunyanın sözlərinə görə, Xankəndindəki separatçı-terrorçu rejim “bu məbləği təxminən 40.000 ABŞ dollarına çatdırmağı öhdəsinə götürüb”.

Xatırladaq ki, söhbət Kəlbəcər rayonunun Kolatağ(yaxud Kolətək) kəndindəki "Akobavank" adlandırılmış erməniləşdirilmiş qədim türk xristian məbədindən gedir.
Moderator.az sentyabrın 24-də erməni apostol kilsəsinin və Rusiya pravoslav kilsəsinin Qarabağdakı qanunsuz nümayəndələrinin həmin məbədimizi ziyarət etmələri haqda mediada məlumat yaymışdı.

Ümid edirik ki, Azərbaycan dövləti və ordusunun görəcəyi qəti tədbirlər sayəsində işğalçı və separatçı haykların son illər torpaqlarımızda nəzərdə tutduqları bir sıra qanunsuz “layihə”ləri kimi bu “layihə” də baş tutmayacaq…

Zəruri arayış və xatırlatma:

1992-ci ilədək Ağdərə rayonuna daxil olmuş Kolatağ(yaxud Kolətək) kəndi Qırxqız dağ silsiləsindən axıb Xaçınçay çayına tökülən eyniadlı çayın sol sahilində, Xocalı rayonu ərazisindəki 1706 metr dağ yüksəkliyindən 3 km məsafədə yerləşir. Kəndin adının əsli Kolətəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır.
Kolatağ kəndi 1993-cü ilin yayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib və 44 günlük savaşdan sonrakı 10 noyabr razılaşmasına əsasən Rusiyanın sülhməramlı kontingentinin nəzarətinə və faktiki olaraq separatçı-terrorçu rejimin və Ermənistanın nəzarətinə verilib.

Hələ 2021-ci ilin fevral ayında xəbər verdiyimiz kimi, inzibati-hüquqi cəhətdən Azərbaycanın Kəlbəcər rayonuna aid olan Kolatağ kəndində Milli Ordumuzun müzəffər savaşından sonra işğaldan azad olunmuş digər ərazilərimizdən, əsasən Şuşa və Hadrutdan köçmüş erməni ailələri üçün separatçı rejim tərəfindən yeni evlər tikilməyə başlanıb. İyun ayında isə erməni “xeyriyyəçi” Ayk Maqakelyanın maliyyə dəstəyi sayəsində bu Azərbaycan kəndində tikilmiş yeni 24 ev artıq köçkün(?) ermənilərin istifadəsinə verilib...

Yenicə “Akopavank” məbədinə qanunsuz keşiş təyin olunmuş Ovanes Ovannisyan isə işğal dövründə Kəlbəcər rayonunun qanunsuz keşişi olmuş erməni terrorçusudur. Ovannes Ovannisyan birinci Qarabağ müharibəsində də Azərbaycana qarşı vuruşub, oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak edib. 44 günlük savaş nəticəsində Kəlbəcərdən ermənilərin çıxmalı olduğu elan edildiyi vaxtda, yəni 2020-ci ilin noyabrında isə bu üzdəniraq “keşiş” əlində avtomat Xudavəng məbədinin yanında dayanaraq "Erməni xaçkarlarına toxunmayın. Dadivank Azərbaycana verilməyəcək!” bəyan edərək deyib ki, məbədi tərk etməyəcək...
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.