Paşinyanın əsas hədəfi Rusiyadır: Moskva-İrəvan körpüsü dağılır... - GƏLİŞMƏ

30-09-2022, 09:40           
Paşinyanın əsas hədəfi Rusiyadır:
Ermənistanın Baş naziri Nikol Paşinyan bəzi ölkələrin, o cümlədən müttəfiqlərinin öncədən sifariş olsa da, yüz milyonlarla dollar dəyərində silahı tədarük etməkdən imtina etdiyini deyib. Paşinyan bildirib ki, milyonla dolların ödənilməsinə baxmayaraq, ölkələrin, o cümlədən müttəfiqlərin silah tədarükü öhdəliyini icra etməməsi halları var: "Yüzmilyonlar ödədik, ancaq bizə silah göndərmədilər. Bu, ağır reallıqdır və biz situasiyanı dərindən analiz etməliyik". Onun sözlərinə görə, bu, yalnız bir məqsədlə həyata keçirilir: "Bunu Ermənistanın suverenlikdən, dövlətçilikdən, ərazi bütövlüyündən əl çəkməsi üçün edirlər. Ancaq vurğulamaq istəyirəm ki, bütün amillərə baxmayaraq, biz müstəqilliyimizi və suverenliyimizi müdafiə etməkdə qətiyyətliyik”.
TEREF.AZ-ın məlumatına görə, politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın əsas hədəfi Rusiyadır. Analitikə görə, Paşinyanın "müttəfiqlərin" də eyni davranış sərgiləməsindən şikayətlənməsi Moskvadan bəhs etməsinin bariz nümunəsidir: "Müharibə dövründə Rusiyanın "Su 30" hərbi təyyarələrinin Ermənistan səmasını qoruyacağı, yaxud müharibədə istifadə olunacağı ilə bağlı müəyyən məlumatlar var idi. Ancaq Rusiyanın "Su 30" təyyarələri maket kimi olduqları yerdə qaldılar və heç bir işə yaramadılar. Sonra bəlli oldu ki, Ermənistandakı hərbi təyyarələrin raketləri yoxdur və döyüş üçün yararsızdır. "İsgəndər" raketləri ilə bağlı da Ermənistanın narazılığı olmuşdu. Erməni tərəfi raketlərin çoxunun işlək olmadığını, hədəfləri düzgün vurmadığını, silahların köhnəliyini etiraf etmişdi. Hətta Paşinyan özü də həmin dövrdə açıqlama verərək raketlərin sadəcə 10 faizinin işlək olduğunu söyləmişdi. İndi baş nazir bu məsələni yenidən gündəmə gətirir. Çünki Moskva ilə İrəvan arasında körpülər dağılmaqdadır. Ermənistanda Rusiya əleyhinə narazılıqlar artır. Paşinyan Rusiyadakı sonuncu sammitə qatılmadı və açıq şəkildə boykot etdi. Dəfələrlə bu və ya digər formada bildirilib ki, Rusiya pulu ödənmiş silahları verməkdən imtina edib, yaxud keyfiyyətsiz silahlar verib. Üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da İrəvanı müdafiə etməyib. Paşinyan bu cür ifadələrlə Rusiyaya, daha doğrusu, müttəfiqlərinə öz etirazını bildirir. Onları Ermənistanı tək qoymaqda, yetərli səviyyədə müdafiə etməməkdə ittiham edir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.