İlham Əliyevin, “Xankəndi bizim daxili məsələmizdir”, tezisi nə qədər doğru olsa da...

27-11-2022, 00:11           
İlham Əliyevin, “Xankəndi bizim daxili məsələmizdir”, tezisi nə qədər doğru olsa da...
Siyasi bəyanatlar, siyasi ritorika, həm də məsuliyyət yaradır, siyasətçinin “silahı” sözdür, tezislərdir, bəyanatlardır. Ölkədə sözün çəkisi yüksək deyil, siyasətçilərə səsləndirdikləri tesizlərə görə deyil də, davranışlarına, kimlərinsə qəsdən yaratdığı alqıya, önyarğıya görə qiymət verməyə alışdırılan toplum yaradılıb. Ölkədə kimlərsə özünü “siyasi keşiş” (və ya molla) elan edərək siyasətçilərə, “niyə ora getdi, nədən flankəslə görüşdün”, kimi davranış qaydalarına görə irad bildirməyə çalışırlar. Halbuki, siyasətçinin sözü, dediyi müzakirə predmeti olmalıdır, siyasətçiyə görüşlərə, iştirak etdiyi tədbirlərə görə irad bildirmək absuddur – siyasətçinin işi elə görüşmək, danışmaq, müzakirə etmək, siyasi-ictimai tədbirlərə qatılmaqdır.
Siyasi bəyanatların yaratdığı yükün ağırlığını, sözün çəkisini önəmsəməsək normal diskurs da yaranmayacaq. Müstəqillikdən üzü bəri siyasi tezislər, ideoloji diskurs heç vaxt əsas müzakirə predmeti olmayıb, bu da siyasət sənətinin keyfiyyətini aşağı salıb.
İkinci Qarabağ savaşında hərbi qələbəmiz, dünyanın yeni geo-siyasi reallıqları, Rusiyanın Ukraynaya təcavüzü, qlobal Dünyadan fraqmental Dünyaya keçid məmləkətimiz üçün yeni fürsətlər açmaqla yanaşı çağırışlar da yaradıb. İndi ən vacib məsələlərdən biri Ermənistanla sülh müqaviləsinin bağlanmasına çalışmaqla yanaşı, həm də Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə siyasi-iqtisadi-sosial-mədəni inteqrasiyası yollarının tapılmasıdır. İlham Əliyevin, “Xankəndi bizim daxili məsələmizdir”, tezisi nə qədər doğru olsa da, “Orada yaşayan erməni əsilli azərbaycanlıların hüquqları ölkə vətəndaşlarının tamamının hüquları kimi qorunacaq”, yanaşması bir o qədər suallar doğurur. Məsələnin həlli üçün elan olunan “Vaşinqton planı” Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi varsayımı ilə təklif olunub, burası çox yaxşı, amma həmin planda Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların təhlükəsizliyi, inteqrasiya ilə bağlı çağırışlar da var – yaxşı, əgər bütün ölkə vətəndaşlarının haqq-azadlıqları, hüquqları ilə bağlı, yumşaq desəm, problemlər varsa, biz Dünyanı necə inandıra biləcəyik ki, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızla bağlı heç bir problem olmayacaq?! Deməli, bunun üçün ölkənin tamamında vətəndaş hüquqları, seçki, azadlıqların təminatı, iqtisadi və sosial məsələlərin həlli, məsuliyyətli və hesabatlı hökumət, yerli özünüidarə institutlarının təsisi – bütün bu problemlər də öz həllini mütləq tapmalıdır.
Dünən ADA-da keçirilən tədbirdə İlham Əliyev İranda, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla da bağlı doğru, emosional çıxış etdi – dedikləri, sadaladıqları məsələlər həqiqətdir. Amma bu ritorikanın altını doldurmaq üçün də mütləq Şimali Azərbaycanda, məmləkətimizdə demokratik, haqq-hüquq qorunan, hesabatlı və ədalətli idarəçilik modelininə malik rifah dövləti təsis etməlidir!
Uzun sözün qısası, yeni geo-siyasi reallıqda yaranan fürsətləri dəyərləndirmək üçün məmləkətin idarəetmə sisteminin dəyişməsi artıq olmazsa-olmazdır, həm də məmləkətin gələcək təhlükəsizliyinin təminatı üçün qaçılmazdır. Siyasətçilərin tezisləri, sözləri, bəyanatları məsuliyyət yaratmalı, məsuliyyət isə davranış qaydalarını, ona uyğun qərarların alınmasını diktə etməlidir. Belə...
Nati1 Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.