İRİ MƏMURLARIN GENERAL ÖVLADLARI... - Naxçıvandakı “gömrük əməliyyatı” hansı gerçəkləri bir daha üzə çıxardı?

27-11-2022, 14:20           
İRİ MƏMURLARIN GENERAL ÖVLADLARI... -
Stalin rejiminin əsas sütunlarından biri hesab olunan Lavrenti Beriya hər nə qədər mənfi, qəddar, repressiv, cinayətkar əməllərin sahibi kimi tarixdə qalsa da, onun istənilən ölkənin kadr siyasətilə bağlı çox maraqlı bir fikri var. Beriya deyirdi ki, idarəetmədəki hər bir problemin konkret adı, soyadı və ata adı var. Yəni ki, hansısa idarəetmə sahəsində problem varsa, onun arxasında mütləq konkret məmur, idarəçi, rəhbər adı durur...

Son illər ərzində tez-tez səslənən islahat bəyanatlarına rəğmən Azərbaycandakı idarəetmə strukturlarında baş verənlər – “MTN işi”ndən tutmuş Rabitə Nazirliyi, Mədəniyyət Nazirliyi, icra hakimiyyətləri və digər qurumlarda aşkar olunan korrupsiya və digər cinayət əməllərinə qədər ardı-arasının kəsilməyən faktlar göstərir ki, bu bəlanın kökünü kəsmək olduqca çətindir. Burada “DTX əməliyyatları” hər nə qədər effektli olsa da, problemin tam həlli üçün yetərli deyil...

Naxçıvan gömrüyündəki son əməliyyat və orada AMEA Prezidenti, akademik İsa Həbibbəylinin general oğlunun, eləcə də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qohumunun adının keçməsi iri ranqlı məmurların yaxınlarının yüksək vəzifələrə təyinatı və ümumilikdə ölkədəki kadr bazası mövzusunu yenidən gündəmə gətirir.


Əlbəttə ki, yüksək vəzifəyə, mövqeyə malik şəxsin övladı da istənilən ölkə vətəndaşı kimi hansısa dövlət vəzifəsinə təyin oluna bilər. Qanunla heç kim bunu qadağan edə bilməz. Ancaq bir də yazılmayan qanunlar, əxlaq və davranış normaları var ki, onlara görə tanınmış, yüksək ranqlı şəxsin vəzifədə olan övladı yeri gələndə digərlərindən daha məsuliyyətli, daha intizamlı və dürüst olmalıdır. Ən azından valideyninin adı xatirinə ictimai qınağa tuş gəlməmək üçün. Ancaq bizdə əksinədir.

Hansı iri məmurun vəzifədəki övladına, yaxud yaxın qohumuna baxırsan, nə ictimai rəy nə ictimai qınaq, nə ictimai nəzarət veclərinə də deyil, öz işlərindədirlər. Demək olar, hamısı da “yağlı” vəzifələri seçiblər. Məsələn, maraqlıdır, özü akademik, elm adamı, alim kimi tanınan və məntiqlə daha çox elmə, tərəqqiyə xidmət etməli, yeri gələndə övladlarını da bu sahəyə yönəltməli olan İsa Həbibbəylinin oğlu nədən böyük alim, ixtiraçı, yazıçı, rəssam və s. deyil də, məhz gömrükçü, gömrük generalı olmağı seçib?

Eyni sual digərlərinə də aiddir. Ramiz Mehdiyevin, Vasif Talıbovun və saymaqla bitməyən digər iri ranqlı şəxslərin övladları və yaxın qohumları ya general, ya nazir müavini, ya idarə rəisi, ya da ən azı səfirdirlər. Axı, hardandır onlardakı bu “istedad”?...

Necə olur ki, iri məmur övladlarının sıravi azərbaycanlı gənclərin xəyallarına belə gətirə bilmədikləri “uğur hekayələri” yaranır? Yəni, doğrudanmı bu adamlar hədsiz istedadlı, bacarıqlı, savadlıdırlar ki, “müstəqil həyata” qədəm qoyar-qoymaz istər biznesdə, istərsə də dövlət vəzifələrində “yüksək nailiyyətlərə” malik olur, yüksəldikcə yüksəlirlər? Bu sualların cavabları məlumdur və təbii ki, həmin cavablar qətiyyən “gül balalar”ın fitri istedadlarına bağlı deyil...

Lakin digər yandan həyatın ironiyası ondan ibarətdir ki, günlərin birində belələrinin səsi İsa Həbibbəylinin oğlu kimi, DTX əməliyyatlarından, korrupsiya qalmaqllarından, cinayət işlərindən gəlir...
Ətraflı

Acı reallıq budur ki, bütün “təmizləmələrə”, pis-yaxşı kadr islahatlarına, idarəetmə strukturlarının gəncləşdirilməsinə baxmayaraq, gözlənilən nəticəni əldə etmək mümkün olmur. Nəsə düz getmir.

Məsələn, Mədəniyyət Nazirliyində Əbülfəs Qarayevin rəhbərliyilə həyata keçirilmiş “korrupsiya karuseli”nin ifşa olunmasından cəmi iki il sonra, yeni və gənc nazirin dövründə növbəti “DTX əməliyyatı”nın şahidi olduq. Bu dəfə yeni nazirin yeni müavini qandallandı, amma nazir yenə sələfi kimi, “sudan quru çıxdı”. Yəqin ki, gələcəkdə bir nazirliyi nazirdən xəbərsiz(?) necə korrupsiya yuvasına çevirməyin yolları ilə bağlı çox elmi araşdırmalar aparılacaq...

Yəni, görünən odur ki, korrupsiya ilə, korrupsiya mühiti ilə mübarizə adı altında aparılan işlər gözlənilən effekti vermir. Çünki kadr və idarəetmə problemlərini “nöqtə atışları” ilə həll etmək mümkün deyil və kadr bazası hələ də tam sağlam əsaslar üzərində formalaşdırılmır. Axı, kadr seçimi bazası daha saf, şəffaf, təmiz olmalıdır – onu iri məmur övladlarının “tusovka məclisləri”nə calamaq, kadr seçimi zamanı valideynlərin “əsil-nəcabəti”, vəzifəsi, hakimiyyət qarşısında xidmətləri və s. kimi kriteriyalar əsas götürülməməlidir!

Bu cür “papanın gül balası” prinsipi ilə təyin olunan kadrların ölkənin kadr bazasındakı xüsusi çəkisi ən azından indiki qədər yüksək olmalı deyil! Bunun sonu yüz milyonlarla ölçülən büdcə yeyintilərilə və həmişə olmasa da, Naxçıvandakı gömrük əməliyyatı kimi əməliyyatlarla yekunlaşır. Təkcə Naxçıvan gömrüyü ilə bağlı məsələdə söhbət 132 milyon manatlıq yeyintidən gedir. Ancaq sirr deyil ki, digər qurumlarda da “yeyilən amma səsi çıxmayan” nə qədər belə 132 milyonlar var...

Çoxları bugünkü korrupsiaynın, digər idarəçilik problemlərinin əsasını ölkədəki idarəetmə sitemində, onun köhnəlməsində axtarırlar. Lakin bir şey şübhəsizdir ki, Azərbaycanda ən müasir, hətta az qala süni intellekt əsasında hazırlanan idarəetmə sistemi tətbiq olunsa belə, ona “barmaq edən” məmurlar, yerli klan-tayfa təmsilçiləri, hətta “gənc istedadlar” tapılacaq. Çünki belələri gözlərini açandan görüblər ki, yaşadıqları kübar mühit üçün pul, var-dövlət, şan-şöhrət marağı bütün digər maraqları – dövlət, xalq, dövlətçilik və s. maraqları üstələyir.

Bütün bunlardan sonra Azərbaycandan “beyin axını”nın baş verməsindən, istedadlı, bacarıqlı, perspektivli gənclərin ölkədən getməsindən gileylənirik. Ancaq buna haqqımız yoxdur. Çünki bu gənclər yeri gələndə orta və yaşlı nəsildən daha ağıllı və geniş düşüncəlidirlər – görürlər ki, nə qədər “DTX əməliyyatları” aparılsa da, hələ də mövcudluğunu saxlamağa müvəffəq olan “qurdlar süfrəsi”ndə onlara yer yoxdur...

Cəlal Məmmədov

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.