Naxçıvanın statusu barədə

28-11-2022, 09:53           
Naxçıvanın statusu barədə
Naxçıvanın statusu barədə arqumentlər o qədər əsassızdır ki, cavab vermək belə əlavə zəhmətdir.
Əvvəla, Naxçıvanın indiki statusu düşünüldüyü kimi, Moskva və Qars müqavilələri ilə təsbit edilməyib. Əksinə Moskva müqaviləsində Naxçıvanın statusu muxtar ərazi kimi göstərilib. Muxtar dövlətdən və ya respublikadan bəhs olunmayıb.
İkincisi, Naxçıvanın statusu o dövrün şərtlərinə uyğun şəkildə müəyyənləşdirilib. Çünki Nərimanov və ətrafındakı daşnak-kommunist hökuməti Naxçıvanı ermənilərə vermək istəyirdi, Türkiyənin dirənişi ilə bu prosesin qarşısı alındı. İndi isə Azərbaycan müstəqildir və müasir Nərimanov Bakıda yox, Naxçıvanda oturub. Şərtlər dəyişdiyi üçün Naxçıvanın da statusu dəyişməlidir.
Üçüncüsü, bu status Naxçıvan üzərində təkcə Türkiyəyə deyil, Ermənistan, Gürcüstan, Rusiya kimi qeyri-dost olan ölkələrə də söz haqqı tanıyır. Bu isə Azərbaycanın suverenlik haqlarına ziddir.
Dördüncü, düşünüldüyü kimi, sovet hakimiyyəti illərində Naxçıvanın ermənilərə verilməsini xilas edən heç də Türkiyənin qarantorluq haqqı deyildi. Türkiyə xüsusilə II Dünya müharibəsindən sonra özünü rus işğalından qorumaq üçün NATO-nun üzvlüyünə baş vurmuşdu. Özünü qorumaqda belə çətinlik çəkən bir ölkə Naxçıvanı potensial işğaldan necə xilas edə bilərdi? Naxçıvanı qoruyan II Dünya müharibəsinin çıxması və Moskvanın başının özünə qarışması idi. Müharibədən sonra Stalinin quruculuq işləri ilə məşğul olmağa üstünlük verməsi və ardınca da ölməsi Naxçıvan üzərində planlaşdırdığı siyasəti həyata keçirməyə imkan vermədi. Onun xələfi Xruşşov isə ermənilərin iddialarını xoş qarşılamırdı və əksinə bu iddiaları təhlükəli hesab edirdi.
Beşincisi, Naxçıvanın statusu Azərbaycan Konstitusiyasına ziddir və unitar dövlət maddəsi Anayasamızın dəyişdirilməsi mümkün olmayan prinsiplərdəndir. Deməli, Naxçıvanın statusu da bu prinsipə uyğunlaşdırılmalıdır.
Altıncısı, Vasif Talıbovun 27 illik hakimiyyəti sübut edir ki, Naxçıvanın istənilən rəhbər şəxsi statusdan Azərbaycana tabe olmamaq üçün istifadə edə bilər və bu təhlükə ortadan qaldırılmalıdır.
Yeddincisi, Naxçıvanın statusu ərazi bütovlüyümüz üçün məkrli niyyət güdən beynəlxalq və yerli anti-milli qüvvələrə bəhanə verə bilər.
Səkkizincisi, anklavlara muxtar status verilməsi arqumentinin heç bir tarixi və hüquqi əsası yoxdur.
Doqquzuncusu, rus imperiyasının müstəmləkəçilik siyasəti tarixinə nəzər salsaq, muxtar statusun müstəqilliyini elan edən bütün ölkələrdə dövlətçilik təməllərinə basdırılmış mina olduğunu görə bilərik.
Onuncusu, Naxçıvan üçün hər hansı işğal təhlükəsi yaranarsa Türkiyə onu Şuşa Bəyannaməsinə söykənərək qurtara bilər.
Heyder Oguz
Teref.az












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.