Türkiyə ilə Azərbaycan arasında fikir ayrılığı?

3-12-2022, 09:03           
Türkiyə ilə Azərbaycan arasında fikir ayrılığı?
Ekspert: “Qazdan qazanan tək biz deyilik...”

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilmiş beynəlxalq konfransda Prezident İlham Əliyevin Türkiyə ilə qaz tranzitinə dair əlavə razılaşmanın hələlik əldə olunmadığı barədə fikirləri müzakirələrə səbəb olub. Nə baş verir, strateji müttəfiqlərin arasında fikir ayrılıqları nə ilə bağlıdır?

Prezident çıxışında bildirmişdi ki, Avropaya əlavə qaz nəqlinin həyata keçirilməsi üçün mövcud boru kəməri sistemi genişləndirilməlidir. O, xatırladıb ki, iki il əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərini tamamlanıb. Prezident vurğulayıb ki, bu gün həcmin iki dəfə – 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı var. “Bunun üçün, əlbəttə ki, bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. Buna görə biz ümid edirik ki, tərəfdaşlarla həmin məqama çatacağıq. Həmçinin TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi. Çünki demək olar ki, TANAP-ın bütün tutumu cəlb olunub. Əlbəttə ki, bütün bunlara əlavə sərmayə lazım olacaq. Bunun üçün bizə, əlbəttə ki, türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq”,-dövlət başçısı qeyd edib.

İlham Əliyev vurğulayıb ki, vaxt itirmədən Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var: “Biz hazırıq. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Beləliklə, biz ola bilsin, bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Əfsuslar olsun ki, biz hələ o mərhələyə çatmamışıq. Danışıqlar davam edir. Danışıqlar gözlədiyimizdən daha çox vaxt aparır. Ümid edirik ki, biz bu razılığa gələcəyik. Çünki müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcək”.

Prezident ümid edib ki, iyul ayında Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumunu tam icra edə biləcəyik. “Lakin bunun üçün biz türk dostlarımızla razılaşmalarımızı yekunlaşdırmalıyıq. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq”, – o qeyd edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Presklub.az-a şərhində Türkiyə-Azərbaycan arasında yaranmış problemin səbəblərini belə izah edib:

“Azərbaycanla Türkiyə arasında Azərbaycan qazının tranzit nəqlinə dair ilk saziş 2013-cü ildə “Şahdəniz–2” layihəsi üzrə imzalanmışdı. Bu saziş konkret həcmlərin ötürülməsini ehtiva edirdi. Yəni, 6 milyard kubmetr qazın Türkiyənin Qərb hissəsində TANAP vasitəsi ilə ona təhvil verilməsini, ikincisi, Türkiyə üzərindən 10 milyard kubmetr qazın Avropaya nəqlinə dair anlaşma idi. Hazırda bu anlaşma çərçivəsində işlər uğurla davam etdirilir. Azərbaycanla Avropa İttifaqı arasında 18 iyulda imzalanmış Memorandumdan doğan müddəalara görə, Azərbaycan bu həcmləri iki dəfə artırmalıdır. Bunun üçün də əlavə həcmlərin Türkiyə üzərindən Avropaya nəqlinə dair saziş lazımdır. Hazırda bu sazişin üzərində danışıqlar davam etdirilir. Təbii ki, danışıqlarda tərəflər öz maraqları çərçivəsindən çıxış edir. Əlbəttə, biz həmişəki kimi, “Bir millət iki dövlət” prinsipindən çıxış edirik. Lakin kommersiya məsələlərində biznes maraqları ilə əvəzlənir. Bu da normal haldır. Bir ailədə də belə olur, övladlar özləri ailə sahibi olduqdan sonra öz xərcləri, maraqları olur. Türkiyə-Azərbaycan arasında da gedən müzakirələrə fərqli rənglər verilməsini düzgün saymıram”.

Ekspert xatırladır ki, bu ilin oktyabrında Rusiya gözlənilməz halda Türkiyəyə qaz qovşağı yaratmaq təklifi verib: “Bundan sonra hadisələrin inkişafı göstərir ki, bazara İsrail qazı, Xəzərin o tayından hasil olunan qaz da daxil olacaq. Ona görə də məsələyə daha geniş aspektdən baxılır, çünki uzunmüddətli dövr üçün anlaşmalar olmalıdır. Burada təkcə Azərbaycanın hasil etdiyi deyil, onun operatorluğu ilə nəql ediləcək qazdan da söhbət gedə bilər. Təbii ki, detallar ictimailəşdirilmir. Məsələ bundadır ki, Azərbaycan və Türkiyənin birgə səyləri ilə əldə olunan razılaşmalar qaz idxalçısı olan Türkiyəni 2020-ci ildən başlayaraq tranzit qaz ölkəsinə çevirib. 2023-cü ildən Türkiyə həm də qaz hasilatçısına çevriləcək. Avropaya satılan Rusiya qazının həcmləri azaldıqca və Azərbaycan məhsulunun ixracı artdıqca Türkiyə üzərindən Cənub Qaz Dəhlizi ilə 20-25 milyard kubmetr qaz nəql etmək mümkün olacaq. Bu, Türkiyə üçün də böyük nailiyyətdir, o cümlədən qaz hasilatçısı olan Azərbaycan üçün də. Prezident İlham Əliyevin dediyi kimi, qazdan təkcə biz qazanmırıq, qaz haradan keçirsə, o ölkələrin də marağı nəzərə alınır və qazancı olur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.