Rusiyanın Qarabağda son akkordları - GƏLİŞMƏ

22-07-2023, 00:01           
Rusiyanın Qarabağda son akkordları - GƏLİŞMƏ
Rusiya heç bir zaman Cənubi Qafqazda xalqlararası barışığın və dostluğun formalaşmasına imkan verməyəcək.

Son otuz il ərzində bu regionda etnik zəmində baş verən münaqişələrin mənbəyi, məhz Rusiyanın post-sovet regionu üzrə imperalist siyasətindən qaynaqlanır. Ermənistan ilə Azərbaycan arasında münaqişənin, o cümlədən Qarabağda qeyri-stabil vəziyyətin davam etməsi Rusiyanın Cənubi Qafqazda geostrateji və geosiyasi mövcudluğunun dayanıqlığına zəmin yaradır.

Eyni zamanda buraya Gürcüstanın işğal altında olan Cənubi Osetiya və Abxaziyadakı münaqişəli vəziyyəti də ehtiva etmək lazımdır. Kremldə, habelə Rusiyanın müəyyən hərbi-siyasi dairələrində hesab edirlər ki, Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması Rusiyanın Cənubi Qafqazda geosiyasi nüfuzuna ciddi zərbə vuracaq. İki dövlət arasında sülh müqaviləsinin imzalanmasına əngəl törətmək üçün Kreml həm sərhəd ərazilərdə, həm də Qarabağda hər vəchlə qeyri-stabil vəziyyəti davam etdirəcək.

Çox yaxşı bəllidir ki, rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində baş verən siyasi proseslər yalnız Moskva tərəfindən koordinasiya olunur. Məhz Moskvanın göstərişi ilə bölgədə yerləşən rus sülhməramlılarının rəhbərliyi erməni separatçılarının fəaliyyətinə və qeyri-qanuni erməni silahlı birləşmələrinin təxribatlarına şərait yaradır. Bundan əlavə, Rusiyanın erməni əsilli milyarderi Ruben Vardanyanın qeyri-qanuni yolla Qarabağa gəlməsi və ərazilərimizdə min cür hoqqalardan çıxması Moskvanın bölgə ilə bağlı məkrli niyyətini aydın sübut edir.

Erməni separatçılarına ilk növbədə rus sülhməramlıları, ondan sonra Ruben Vardanyan istiqamət verir. Bu baxımdan Qarabağda yerli erməni icmasında Azərbaycana qarşı düşmənçiliyin təbliğ olunmasında Vardanyanın rolu danılmazdır. O ki qaldı, Xankəndi, Əsgəran və Ağdərədə keçirilən nümayişlərə, erməni separatçıları, məhz Rusiya sülhməramlı kontigentinin müəyyən dəstəyi ilə bu kimi vasitələrə əl atırlar.

Elə bu yaxınlarda Ruben Vardanyanın yaratdığı təşkilatın üzvləri tərəfindən Ağdam-Əsgəran yolunda keçirilən aksiyada hərəkatın təsisçisi Arşak Abramyan qeyd edib ki, onlar Ağdamdan Xankəndiyə humanitar yüklərin daşınmasına və yerli əhalinin Azərbaycana reinteqrasiya olunmasına imkan veməyəcəklər. Hazırda Xankəndidə nümayişlər davam etməkdədir. Ancaq yaxın zamanda rus sülhməramlılarının rəhbərliyinin təhriki ilə bölgədə növbəti siyasi oyunların baş verməsinin şahidi ola bilərik.

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, xalqlararası münaqişələrin həll olunması Rusiyanın Cənubi Qafqazda geosiyasi maraqları ilə ziddiyyət təşkil edir:

“Rusiya Cənubi Qafqazda mövcud geosiyasi vəziyyətin onun nəzarətindən çıxdığını aydın görür. Moskvada çox yaxşı başa düşürlər ki, Qarabağın Azərbaycanın ərazi bütövlüyü tərkibində həll edilməsi və bu bölgədə sülhün bərqərar olunması Rusiyanın Qafqazda təsir imkanlarını azaldacaq.

Ona görə də Rusiya son nəfəsinə kimi nə Azərbaycanın bütün Qarabağ üzərində suverenliyinin bərpasına, nə də Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına imkan verəcək. Rusiya XİN rəhbərliyinin son bəyanatı onu göstərir ki, Moskva regionda qeyri-stabil vəziyyətin davam etməsində maraqlıdır. Moskvada hesab edirlər ki, Ukraynaya qarşı müharibə bitdikdən sonra Rusiya istənilən halda Şərqi Avropa üzərində bütün təsir imkanlarını itirəcək.

Məhz bu səbəbə görə Rusiya Cənubi Qafqazda geosiyasi nüfuzunu qorumaq üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hər vəchlə maneçilik törədəcək. Hər iki dövlət arasında münaqişənin davam etməsi üçün bütün vasitələrə əl atacaq. Çünki münaqişə Rusiyanın postsovet regionunda geosiyasi mövcudluğunu saxlayan mühüm və münasib amil hesab olunur”.

Ekspert bildirib ki, hazırda Qərbin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin intensivləşməsinə doğru addımlar atılır:

“Bundan ciddi narahatçılıq keçirən Rusiyanın müəyyən hərbi-siyasi dairələri müxtəlif vasitələrdən istifadə etməklə regionda vəziyyətin gərginləşməsinə çalışır”.

Politoloqun sözlərinə görə, Xankəndi və İrəvanda sülhün əleyhinə keçirilən nümayişlərin arxasında Rusiya dayanır:

“Azərbaycan və Ermənistanın üzərinə düşən vəzifə ondan ibarətdir ki, Moskvanın bu siyasətinin qarşısının alınmasına çalışmalıdırlar. Ən əsası da Ermənistanın Rusiya ilə müttəfiqlikdən imtina edib Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması Moskvanın regiondakı nüfuz dairəsinə ciddi zərbə vuracaq”.

Azərbaycanın hərbi-siyasi rəhbərliyi tərəfindən Qarabağda görüləcək tədbirlərə münasibət bildirən X.Cəfərli vurğulayıb ki, Azərbaycan Respublikası beynəlxalq hüquq çərçivəsində öz əraziləri üzərində suverenliyini tam təmin etmək üçün istənilən addımı ata bilər:

“Beynəlxalq hüququn normaları çərçivəsində Azərbaycan Ordusu Qarabağda sülhə məcburetmə adı altında hərbi əməliyyatlar keçirə bilər. İkincisi, əgər Azərbaycan ərazisində qeyri-qanuni silahlı birləşmələr fəaliyyət göstərirsə, ölkəmizin konstitusiyası və qanunvericiliyinə uyğun həmin birləşmələr mütləq zərərsizləşdirilməlidir. Ona görə də bu məsələdə tərəddüd etmək lazım deyil.

Lakin hərbi əməliyyatları keçirməmişdən əvvəl bu kimi məsələləri diplomatik masada həll etmək lazımdır. Ermənistanı fakt qarşısında qoymaq lazımdır ki, ya İrəvan həmin silahlı birləşmələri özü zərərsizləşdirsin, ya da buna imkanı olmadığını etiraf etsin. Əgər Ermənistanla bu məsələ masada həll olunmazsa, o zaman Azərbaycan hüquqi-siyasi imkanlardan istifadə edib ərazilərində hərbi əməliyyatlar keçirməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.