Biz Laçın yolunun açılmasına razıyıq, bir şərtlə ki, Zəngəzur yolu açılsın. - Partiya sədri

19-08-2023, 17:14           
Biz Laçın yolunun açılmasına razıyıq, bir şərtlə ki, Zəngəzur yolu açılsın. - Partiya sədri
10 noyabr 2020-ci ildə rus qoşunlarının Azərbaycana yerləşməsinə razılıq verilməsini tarixi səhv kimi qiymətləndirmişdim. Amma həmin günlər xalqımız küçələrdə bayram edirdi. Hər ötən gün o vaxt bu hadisəyə verilən qiymətin düzgün olduğunu təsdiq edir.
Bu gün xalqımız Azərbaycan diplomatiyasının BMT TŞ -da ermənilərin və onun havadarlarının üzərində qələbəsini bayram edir. Düzdür, bu "atəşfəşanlıq" diplomatiyamızın "Lissabon uğuru" zamanı təşkil olunan kampaniya səviyyəsində deyil. Görünür, bu da indi iqtidarın Ramiz Mehdiyev səviyyəsində piar təşkilatçısı olmaması ilə bağlıdır. Məqsədli şəkildə gözlədim ki, bəlkə kimsə reallığı düzgün təhlil edib, obyektiv mövqe bildirər. Gördüm yox, hamı eyni düşüncədədir. Əksəriyyət belə hesab edir ki, əgər həmin toplantıda Ağdam Xankəndi yolu barədə kimsə danışıbsa, bizə sanksiya yoxdursa, artıq qələbə qazanmışıq.
Təəssüf ki, belə deyil. laçın yolunun bağlanması məsələsinin ən ali səviyyədə müzakirəyə çıxarılmasının özü artıq bizim diplomatiyamızın və siyasi rəhbərliyimizin məğlubiyyətidir. Bu müzakirələrdə biz müdafiə olunduq. Müdafiəmizi də düzgün qurmadıq. Deməli, biz ermənilərə yardım göstərmək istəyirik, yol veririk, onlar da bunu qəbul etmir. Nə olsun? Bizim ərzağı bəyənmirlərsə, bəyənməsinlər. Azərbaycanda bu ərzağa ehtiyacı olan adamlar kifayət qədərdi.
Bizim tələbimiz başqa olmalıdı. Bunun üçün ilk növbədə Həkəri çayının o biri sahilindəkı maşın karvanınındakı yükləri qəbul edib bu mövzunu birdəfəlik bağlamaq lazımdır. Gələcəkdə də həmin yoldan ərzaq və yaxud dərman vasitələrinin, o cümlədən mülki əhalinin ümumi qaydada (digər qonşu ölkələrlə olduğu kimi) hərəkətini təmin etmək üçün Ermənistan və Rusiya qarşısında konkret şərtlər qoyulmalıdr:
1. Rusiya hərbiçilərinə Ermənistan ərazisindən yüklərin daşımasını, o cümlədən helekopterlərin bizim nəzarətimizdən kənar uçuşlarını qadağan etmək lazımdır. İki minlik hərbi kontingendə lazım olan vəsaiti dəmir yolu ilə Ağdamdan, təyyarə ilə Gəncə, yaxud Fizuli aeroportundan daşıya bilərlər. Bax, bu məsələdə siyasi qətiyyət, yaxud deyildiyi kimi, dəmir yumruq nümayişi həqiqətən vacibdir.
2. BMT TŞ-nın toplantısında ən böyük səhvimiz onda oldu ki, biz Laçın yolunun alternativi kimi Ağdam yolunu göstərdik. Söhbət 10 noyabr razılaşmasından gedirsə, orada Ermənistanın zəif damarı Zəngəzur yolu ilə bağlıdır. Bununla bağlı Ermənistan üzərinə götürdüyü öhdəliyi icra etmir. Zəngəzur yolu bizə həqiqətən lazımdır. Ermənistana bildirilməlidir ki, Laçın yolunun açılmasını istəyirsinizsə Zəngəzur yolunun açılışna razılıq verin və yolu təmir edin.
İndi iqtidar mətbuatı və yandaş mətbuat səfir Yaşar Əliyevin çıxışını çox tərifləyir. "Ermənilər ac deyil, onlar tort yeyir" mülahizəsi daha çox ermənisayağı bir mövqedir. Bunun əvəzində səfir orda deyə bilərdi ki, burada Ermənistan səfiri Qarabağda ermənilərə qarşı qenosid siyasətindən, onların yaşadığı yurdlardan qovula biləcəyindən danışdı. Amma fakt ondan ibarətdir ki, Ermənistanda yaşayan azərbaycanlı əhali oradan qovulub, indi Ermənistan həmin əhalinin öz doğma yurdlarına qayıtmasına və Ermənistanda təhlükəsiz yaşamasına təminat vermir. Bu da onunla bağlıdır ki, ərazisində etnik təmizləmə siyasəti aparmaqla bəşəriyyət əleyhinə cinayət törədən Ermənistan barəsində indiyədək beynəlxalq aləmdə heç bir qınaq yoxdur. Biz Laçın yolunun açılmasına razıyıq, bir şərtlə ki, Zəngəzur yolu açılsın. Biz Qarabağda erməni millətindən olan vətəndaşlarımıza istənilən statusu verməyə hazırıq, bir şərtlə ki, Ermənistandan qovulan azırbaycanlıların Ermənistana qayıtmasına və onlara Qarabağda məskunlaşan ermənilərlə eyni status verilməsinə razılıq verilsin.
Vaxt vardı simmetrik status ideyasını gündəmdə saxlayan və bu mövzuda ardıcıl açıqlamalar verən tək mən idim. Son illərdə bu ideya artıq ümummilli ideyaya çevrilib, Qərbi Azərbaycan İcması yaranandan sonra isə həm də rəsmi sviyyədə legitimləşən bir ideyadır. Cənab səfirin BMT-nin yüksək tribunasından bu mövzuda danışması həmin ideyanın artıq beynəlxalq aləmdə yayılmasına rəvac verə bilərdi. Səfirin ardınca Türkiyə də bu mövzunu dəstəkləyə bilərdi. Biz bu ideyanı beynəlxalq səviyyədə siyasi gündəmə gətirə bilsək, bu halda, diplomatiyamızın həqiqi uğurundan danışa bilərik.
Vaqif Hacibeyli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.