Diplomatlar danışıb anlaşmayanda isə silahlar danışır...

20-08-2023, 14:35           
Diplomatlar danışıb anlaşmayanda isə silahlar danışır...
Son günlər baş verən proseslərə baxanda Ermənistan tərəfinin müharibəyə hazırlıq içərisində olduğunu görə bilərik.
Qarabağ daxilində atəşkəsin pozulması halları artıb, bundan başqa separatçı rejim "hümanitar böhran" şousunu daha da dramatikləşdirir. Ötən yazılarımızda da qeyd etmişdik ki, "hümanitar böhran" şousunun sonunda hansısa erməni acından, hansısa erməni dərman çatışmazlığından öldürüləcək. Artıq bunların baş verdiyini görməyə başlamışıq. Bundan əlavə Laçın sərhəd-keçid məntəqəsinin önündə TIR-lar gözləməkdə davam edir. Beynəlxalq aləm tərəfindən Azərbaycana təzyiq vasitələri hər keçən gün artır. Ermənistan tərəfi və məsələnin bu həddə gəlib çatmasını istəyən qüvvələr daha da dramatikləşdirilmiş ssenarilər həyata keçirəcəklər.
Məsələ bununla da yekunlaşmır. Ermənistan tərəfi şərti sərhəddə mühəndis-istehkam işlərini artırıb, əraziyə əlavə canlı qüvvə, hərbi texnika və artileriya qurğuları yerləşdirir. Sual yaranır, əgər Azərbaycan tərəfində hərbi aktivlik yoxdursa, Ermənistan tərəfi niyə bu addımları atır? Bu sualın cavabına bir qədər sonra gələcəyik.
Ermənistan tərəfi son günlər bir neçə təxribata əl atıb. Bunlardan birincisi Sədərək istiqamətində kvadrokopter (kvadrokopterlər yerdən təxminən 50 metr yüksəklikdə çəkiliş aparmaq funksiyasına malikdir. PUA-lardan fərqli olaraq qiyməti çox ucuzdur - 40-500 dollar arası) vasitəsi ilə ərazinin çəkilişinin aparılması idi ki, atəş açılandan sonra ərazidən geri çəkiblər. Digəri isə bu gün baş verən hadisə. Kəlbəcər istiqamətində təxribat diversiya qurupunun sızmasının qarşısı alınıb və bir erməni diversantı yaralı vəziyyətdə ələ keçirilib. Görünən odur ki, Ermənistan tərəfi təkcə Qarabağ istiqaməti ilə yetinmək istəmir. Prosesi daha çox gərginləşdirmək və şaxələndirmək istəyirlər. Təxribatlar üç istiqamətdə aparılır - Qarabağ, şərti sərhəd və Naxçıvan. Bunun təsadüfi olduğu inandırıcı deyil. 44 günlük müharibədə Naxçıvan Əlahəddə Ümumqoşun ordusunun fəaliyyətini də nəzərə alsaq, təxribatlar şəxələndirilir ki, Azərbaycan tərəfi bir istiqamətə qüvvələrini cəmləməsin. Belə olan halda Azərbaycan ordusu üç istiqamətdə şaxələnəcək. Çünki, təxribatın hardan gələcəyi məlum deyil. Hesab edirəm ki, burada əsas məsələ Azərbaycanın kəşfiyyat orqanlarının dəqiq istiqaməti müəyyən etməsidir. Əgər bu təxribatların sonu hərbi əməliyyatlara çevriləcəksə, istiamətin dəqiq müəyyən edilməsi vacibdir. Yox, əgər mümkün olmasa, bu istiqaməti Azərbaycan tərəfi özü yaratmalıdır.
Göründüyü kimi sülhü heç kim istəmir. Hazırkı vəziyyətdə nəinki tərəflərin, maraqlı dövlətlərin də maraqları təmin edilmir. Bu yöndə hansısa uzlaşmanın olacağı da gözlənilən deyil. Hazırkı prosesi gərginləşdirən tərəf Ermənistandır. 44 günlük müharibəyə istinadən deyirik ki, Ermənistan ordusu darmadağın edilib. Bu gerçəklikdir. Belə olan halda Ermənistandakı revanşizm hissi necə qabara bilir? Çünki regionda gərginliyin artmasını istəyən ölkələr Ermənistana daha asan təzyiq edə bilirlər. Misal üçün bunu Rusiya və Fransa asanlıqla bacara bilir və bacarır da. Paşinyan guya qüvvələr nisbətin bilmir? Bu nisbətdə Azərbaycanla müharibə etməyin nə ilə nəticələnəcəyini də gözəl bilir. Ancaq Paşinyan özü də hazırkı oyunu oynamağa məhkum edilib. Təxribatların şərti sərhəddə baş verməsi bir qədər təhlükəli oyundur. Bunun bir səbəbi o ola bilər ki, Azərbaycan tərəfini Qarabağda xüsusi əməliyyat keçirməkdən yayındırıb, diqqəti sərhədə ayırmaq. Digəri isə daha təhlükəlidir. Şərti sərhəddə vəziyyət daha da gərginləşir və mövqe döyüşləri yerini əməliyyatlara verir. Bu o deməkdir ki, Tərəflərdən biri digərinin ərazisinə girir. Hazırkı qüvvələr nisbətinə baxdıqda müharibənin Ermənistan ərazisinə keçmə ehtimalı daha real görsənir. Bu isə Ermənistanla Azərbaycan arasında ikinci münaqişə ocağının yaranmasına gətirib çıxaracaq. Bunun arzuolunmaz nəticələri ola bilər. Misal üçün iqtisadi sanksiyalar, referendumlar keçirilərək ərazi dəyişikliyi, regiona Rusiyadan başqa əlavə missiyanın gəlməsinə qədər...
Hansı dövlətin, hansı beynəlxalq qurumun ictimayət üçün nə deməsindən, necə mesaj verməsindən aslı olmayaraq, sahədə vəziyyət daha mürəkkəbdir. Tərəflər, maraqlı dövlətlər və beynəlxalq qurumlar gərginliyin artması qədər sülhün əldə olunmasına vaxt və güc sərf etməlidirlər.
Diplomatlar danışıb anlaşmayanda isə silahlar danışır...
Səxavət Məmməd
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.