ERMƏNİ LOBBİSİNİN AVROPADAKI KABUSU – Budapeşt ermənilərin havadarlarının planlarını pozur

25-09-2023, 07:25           
ERMƏNİ LOBBİSİNİN AVROPADAKI KABUSU –
Bir neçə gün öncə, Azərbaycan öz ərazilərində lokal anti-terror əməliyyatlarına başlarkən, Avropa İttifaqının (Aİ) müxtəlif strukturlarında kök atan erməni lobbistləri və “sorosçular”Azərbaycana qarşı qarayaxma kampaniyasına başladılar.

Hətta Aİ-nin 27 dövlət adından Azərbaycanı pisləyən bəyanat da qəbul olunacaqdı. Ancaq Macarıstan nümayəndəsi buna veto qoydu və bəyanat yalnız Aİ nümayəndəsi Cozepp Borelin şəxsi adından yayıldı.

Maraqlıdır ki, Bakıya gələrkən, yüksək səviyyədə olan Aİ-Bakı əlaqələrindən dəm vuran, suverenlikdən və beynəlxalq hüquqdan danışan Aİ ölkələrinin əksəriyyəti, bu məsələdə Macarıstanın göstərdiyi cəsarəti və qətiyyəti göstərə bilmədi.

Hazırda Macarıstanın Türkiyə və Azərbaycana olan dəstəyi, vacib məsələlərdə öz mövqeyini ortaya qoyması Avropadakı erməni lobbisinin kabusuna çevrilib.

Viktor Orban hökuməti Türkiyə və Azərbaycan üçün əhəmiyyətli məsələlərdə stabil xətt yürüdür. Qətiyyən hər hansı manevr etmədən, hər hansı bazarlığa getmədən haqlı olanın yanında yer alır. Nə Yunanıstana, nə də Ermənistana “xoş gəlməyə” çalışmır. Hətta müxətlif Avropa ekspertləri bildirir ki, Fransa prezidenti Makron üçün Avropada ən çox “baş ağrısı” yaradan, onun “Avropa lideri”nə çevrilmək arzusuna “mane olan” siyasətçilərdən biri Ərdoğandır, digəri Urbandır.
Lakin Macarıstanın bu siyasi xətti yalnız bir nəfərlə, bir hökumətlə bağlı deyil. Bu ölkə 2004-cü ildə Aİ-yə üzv olduğundan bəri, Türkiyənin də ittifaqa qoşulması üçün səylər göstərib, sözün yaxşı mənasında “lobbiçilik” edib. İstər sağ, istərsə də sol yönümlü hökumətlər dövründə rəsmi Budapeştin Ankaraya münasibəti bəli olub. Budapeşt hər zaman Brüsseli inandırmağa çalışıb ki, Türkiyənin ittifaq üçün əhəmiyyəti böyükdür. Qeyd edib ki, müxtəlif qərəzli bəyanatlar vermək yerinə, Türkiyənin Avropa regionuna inteqrasiyasına dəstək olmaq lazımdır.
Macarıstan həm də Türk Dövlətləri Təşkilatında müşahidəçi üzvdür. Macarıstan təkcə Türkiyə və Azərbaycanla yox, digər Türk dövlətləri ilə də yüksək səviyyəli əlaqələr saxlayır.
Hələlik, Macarıstan Türk dövlətləri ilə bu qədər yaxın olan ilk və son Avropa ölkəsi olaraq qalır. Elə Avropa İttifaqında “səlib yürüşü” əhvalında olanların qarşısında da Macarıstan durur.

Bu gün Macarıstan erməni lobbisinin hər vəchlə ələ keçirməyə çalışdığı, amma yol tapa bilmədiyi azsaylı ölkələrdəndir. Ramil Səfərovun Azərbaycana ekstradisiyası məsələsində ermənipərəst Avropa siyasətçilərinin qaldırdığı hay-küyünə qarşılıq Budapeştin təmkini və qətiyyəti hamıya məlumdur.

Əlbəttə ki, Azərbaycan və Türkiyə xalqları bu qətiyyəti, bu xarakteri gözdən qaçırmır... Və heç vaxt unutmayacaq.

Rüfət Əhmədzadə

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.