Bakıdan İrəvana edilən zəng: - BMT-nin "gizlənən" ÜZÜ

13-10-2023, 18:19           
Bakıdan İrəvana edilən zəng: -
Ruben Vardanyan həyat yoldaşına zəng edib. Qarabağda separatçılığı maliyyələşdirmə və digər ittihamlarla həbs edilərək Bakıya gətirilən qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” Ruben Vardanyan oktyabrın 11-də həyat yoldaşına zəng edərək vəziyyətinin normal olduğunu bildirib. Bunu Azərbaycan tərəfi yox, bu barədə onun oğlu David Vardanyan “News.am”a açıqlamasında bildirib.

“Dünən və ötən çərşənbə axşamı anama zəng etdi, zəng zamanı mən olmamışam. Dedi ki, vəziyyəti normaldır” - D. Vardanyan qeyd edib. Göründüyü kimi, Azərbaycan nəyinki Qarabağdan könüllü çıxaraq Ermənistana gedən mülki sakinlərlə, eyni zamanda separatçılarla da beynəlxalq hüquqa, konvensiyalara uyğun şəkildə davranır. Azərbaycanın Qarabağ iqtisadi rayonunda ələ keçirdiyi istər Vardanyan olsun, istərsə də digər separatçı quldur başçılarına qarşı beynəlxalq hüquqla nəzərdə tutulan şəkildə davranmasına səbəb ilk növbədə özünün qanunvericiliyində bu məsələlərə olan həssaslıqla bağlıdır.

Elə buna görə də Qarabağda saxlanılara Bakıya gətirilən digər erməni separatçılarına da ailələri ilə əlaqə imkanı yaradılıb. Bu barədə “Alpha News” “Hayastan” fraksiyasının deputatı Geqam Manukyana istinadən məlumat yayıb. Deputatın sözlərinə görə, qardaşı, qondarma "Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının sabiq birinci müavini" Davit Manukyan iki gün əvvəl övladları ilə əlaqə saxlayıb. Eyni zamanda, 2015-2018-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş Lyova Mnatsakanyana yaxınları ilə əlaqə imkanı yaradılıb.

Bütün bu faktlar bir daha Azərbaycanın həbsdə olan ermənilərə qarşı beynəlxalq hüququn bütün norma və prinsiplərinə yüksək səviyyədə əməl etdiyini, beynəlxalq hüquqla tənzimlənən ən kiçik məsələlərə belə həssaslıq göstərdiyi əyanı şəkildə ortaya qoyur. Azərbaycan qanuni ölkə olduğu üçün beynəlxalq konvensiyalarla nəzərdə tutulan qanunlara da diqqətlə və dəqiqliklə əməl edir.

Lakin bu gün Qərbdən rəsmi Bakıya qarşı fərqli reaksiyanın, ittihamların, böhtanların ardı-arası kəsilmir, səngimək bilmir. Aydın məsələdir ki, bu, Cənubi Qafqazda maraqları kəsişən Qərbin Azərbaycana qarşı təzyiq növüdür. Təəssüflər olsun ki, ermənipərəst dairələrin və siyasətçilərin proseslərə ikilistandartlara söykənən yanaşması əsassızdır və ikrah doğurur. BMT-nin ötən gün Beynəlxalq Məhkəməsində Qarabağ məsələsinin müzakirəyə çıxarılması kimi..

Baxmayaraq ki, artıq 2 dəfə BMT missiyası ərazilərə səfər edib və Azərbaycan onların səfəri üçün bütün lazımi şəraiti yaradıb, bu gün anti-Azərbaycan təbliğatına meydan açması heç də anlaşılan deyil. Nəzərə alınsa ki, BMT missiyası Qarabağa səfərdən sonra oradakı erməni sakinlərə qarşı hər hansı bir etnik təmizləmə, böhran, zorakılıq hallarına rast gəlmədiyini bəyan etdi, o zaman indi BMT-də Azərbaycan əleyhinə aparılan müzakirələrnədir, onun arxasında nə dayanır?

Təəssüflər olsun ki, bu gün erməni təssübkeşliyi ilə məşğul olan Qərb və onun ermənipərəst dairələri (UNESCO, BMT institutları) nə Azərbaycan toraqlarının işğal altında olduğu onilliklər boyu, nə də 44 günlük müharibə nəticəsində ərazilərin azad olunmasından sonra bölgəyə səfər etmədi. BMT gözü qarşısında hər şey dağıdıldı, mədəni və dini irsimiz məhv olunub, şəhərlər və kəndlər yer üzündən silindi. Amma bu faktları görmək üçün heç bir missiya ərazilərə baş çəkmədi.

Bunu edənlərin bəziləri isə təbii ki, bu gün Qarabağda həbs edilərək Bakıda təcridxanalara yerləşdirilib. Lakin bu günə kimi BMT-də onların Azərbaycan ərazilərində törətdikləri cinayətlər, qətlimlar, vandallıqlar müzakirə edilmədiyi halda, Azərbaycana necə təztyiq etməyin yolları axtarılır.

Təhməz Əsədov
Trend












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.