1967-ci il müharibəsi: Yaxın Şərqi dəyişmiş altı gün

15-10-2023, 00:04           
1967-ci il müharibəsi: Yaxın Şərqi dəyişmiş altı gün
Jeremy Bowen BBC-nin Yaxın Şərq redaktoru
50 il bundan əvvəl, iyun ayında İsrail və onun qonşuları arasında müharibə olub. Bu toqquşma cəmi 6 gün çəkib, amma nəticələri bu günə qədər yerindədir.

1948-ci ildə İsrailin ərəb qonşuları bu ölkəyə müdaxilə etmiş və yeni dövləti məhv etməyə cəhd göstərmişdilər. Misir ordusu əzilmişdi, lakin Fəluca dalanına sığınmış qüvvə təslim olmaq istəmirdi.

Gənc Misir və İsrail zabitləri yaranmış vəziyyətdən çıxmaq istəyirdilər. Onların arasında 26 yaşlı hərbi istedad Yitzak Rabin də vardı. O cənub cəbhəsində əməliyyatların başçısı idi. Burada misirli mayor Cəmal Əbdül Nasir də vardı. Onun 30 yaşı yenicə tamam olmuşdu.

Nasistlər 6 milyon yəhudini qırdıqdan bir neçə il sonra bu xalqın İncildə adı çəkilən torpaqlarda dövlət yaratmaq arzusu gerçəkləşmişdi.
Fələstinlilər isə, əksinə 1948-ci ili "əl-Nəqba" - "Fəlakət" adlandırırdılar. 750 min fələstinli bu torpaqlardan qovulmuş və onların geri qayıtmasına heç vaxt imkan verilməmişdi.

Ərəblər üçün təzəcə yumurtadan çıxmış İsrail dövləti qarşısında məğlub olmaq seysmik siyasi məqam idi və illərlə davam edən qiyamlara səbəb olmuşdu.

Nasir Süveyş böhranından sonra bütün Ərəb dünyasının qəhrəmanına çevrilmişdi.

Özlərinə qarşı xəyanət edildiyini düşünən hərbçilər hakimiyyəti ələ aldılar. Suriyada davamlı hərbi çevrilişlər olurdu. Müharibədən dörd il sonra Nasir başda olmaqla bir qrup gənc hərbçi Misirdə kralı devirdi.

1956-cı ildə Nasir artıq Misirin prezidenti idi. Elə həmin il Nasir Britaniya, Fransa və İsraili Süveyş böhranında dəf edərək Ərəb dünyasının qəhrəmanına çevrilmişdi.

İsraildə isə Rabin özünün hərbi karyerasını davam etdirirdi. 1967-ci ilədək o artıq qərargah rəisi olmuşdu. Bu, ən böyük hərbi vəzifə idi.

Lakin ərəblər məğlubiyyətin acısından xilas ola bilmirdilər. İsraillilər isə unutmurdular ki, qonşuları onları məhv etməyə qalxmışdı. Hər iki tərəf başa düşürdü ki, gec ya tez, başqa bir müharibə olacaq.

Pis qonşular
İsrail və ərəblərin bir-birlərinə nifrət etməsi və inanmaması üçün qarşılıqlı əsaslar çox idi. Lakin 1950 və 1960-cı illərin Soyuq Müharibəsi bu qarşılıqlı düşmənçilik odunun üstünə benzin tökmüşdü.

Sovet İttifaqı Misiri müasir hərbi hava qüvvələri ilə təmin etmişdi. İsrail Birləşmiş Ştatlarla isti münasibətlərə malik idi, hərçənd o vaxtlar hələ Amerikadan ən böyük hərbi yardım alan dövlət deyildi. 1960-cı illərdə İsrail həm də Fransadan təyyarələr, Britaniyadan tanklar almışdı.

1948-ci ildən sonra İsrail özünün kövrək strateji mövqeyini möhkəmlətmək üçün dayanmadan çalışırdı. O həm də bu müddətdə 1 milyon yəhudi mühaciri qəbul edə bilmişdi.

İsrail çevik, hərəki və öldürücü zərbə vuran ordu quruculuğu ilə məşğuldu. Ölkə 1967-ci ilədək artıq özü nüvə silahı yaratmaq səviyyəsinə çatmışdı

Yitzak Rabin (solda) 1967-ci ildə İsrail ordusunun qərargah rəisi idi.

İvritcə "tikanlı armud" mənasını verən "sabralar", yəni köklü israillilər diasporada yaşayan yəhudilərin səhvlərini təkrar etməməyə and içmişdilər. Onlar döyüşə döyüşlə və hətta bəzən önləyici döyüşlə cavab verməyə hazır idilər.

Rabin arxayın idi ki, İsrail ordusu yaxşı vəziyyətdədir. Bu ordunun missiyası hər bir döyüşdə qalib gəlmək idi, çünki İsrailin bircə məğlubiyyətə də haqqı yoxdu.

Misir ordusu və onun müttəfiqi Suriya hərbi cəhətdən daha az təlim görmüşdü. Bu ordular qürrələnir və unudurdular ki, 1956-cı il Süveyş böhranı zamanı qazanılmış siyasi qələbədən əvvəl böyük məğlubiyyət olub.

Nasir öz diqqətini pan-Ərəb hərəkatının inkişaf etdirilməsinə vermişdi. Onun tərəfdarları inanırdılar ki, bu hərəkat ərəblərin köhnə qüdrətini onlara qaytaracaq. O özünün yaxın müttəfiqi marşal Əbdül Hakim Ameri özünün baş komandanı elan etmişdi.

Əbdül Hakim Amer Misir qoşunlarının baş komandanı idi.

Misir təhlükə hissi olmayan qədim bir dövlət idi. Amerin bir komandan kimi ən böyük missiyası qoşunların hökumətə sadiqliyini təmin etmək, qiyam cəhdlərinin qarşısını almaq və zabitləri məmnun saxlamaq idi. Onun üçün hərbi sənət önəm daşımırdı.

1967-ci ilədək Misir artıq Yəmən müharibəsinə cəlb olunmuş və bu müharibə onun Vyetnamına çevrilmişdi. Ordu yaxşı döyüşmürdü, lakin Nasir Ameri daha yaxşı əsgərlə dəyişə bilməzdi.

Suriya ordusu da kifayət qədər siyasiləşmişdi. Misir kimi o da Sovet İttifaqının müştərisi idi. Burada bir neçə silsilə çevrilişlər bir silsilə generalı hakimiyyətə gətirmişdi.

Ərəblər birlik, sosializm və millilik barədə bol söhbət edirdilər, lakin reallıqda dərindən parçalanmışdılar. Suriya və Misir rəhbərliyi İordaniya və Səudiyyə Ərəbistanı kimi monarxiyaların qurduğu qəsdlərdən ehtiyat edirdi. Krallar isə, əksinə qorxurdular ki, Suriya və Misirdə hakimiyyətə gəlmiş hərbi populistlər onların da səltənətini qarışdıra bilər.

İordaniya kralı Hüseyn Britaniya və Amerikanın yaxın müttəfiqi idi. İordaniya 1948-ci il müharibəsindən qalib çıxan yeganə ərəb ölkəsi olmuşdu.

İordaniya kralı Hüseyn

Hüseynin babası, kral Abdulla Britaniyanın mandatında olan Fələstində yəhudiləri təmsil edən əsas orqan Yəhudi Agentliyi ilə gizli əlaqələrə malik idi. Onlar 1948-ci ildə Britaniya qoşunları Fələstini tərk edən kimi öz aralarında torpaq bölüşdürmək barədə razılığa gəlmişdilər.

1951-ci ildə Fələstin millətçisi Abdullanı Yerusəlimdəki əl-Əqsa məscidində sui-qəsdlə qətlə yetirdi. 15 yaşlı şahzadə Hüseyn kral babasının ölümünü gözləri ilə gördü. Hüseyn ertəsi gün ilk dəfə olaraq üstündə silah gəzdirməyə başladı. Bir il sonra o artıq kral idi.

1948-ci il müharibəsindən sonra İordaniya ilə İsrail arasında yaxınlaşma baş vermişdi, lakin bu yaxınlaşma sülh sazişi olacaq qədər deyildi. Məxfi danışıqlar Hüseynin krallığı dövründə də davam edirdi. Hüseyn öz ölkəsinin ən böyük zəifliyini bilirdi. İordaniya səhrada yerləşirdi və bu səhrada fələstin qaçqınlarından ibarət böyük və narahat əhali məskunlaşmışdı.

Suriya sindromu
1967-ci il müharibəsi ərəblərlə israillilər arasında illərlə artmaqda olan gərginlik və sərhəd toqquşmalarının nəticəsində alovlanmışdı.

Ən qaynar xətt İsrailin Suriya ilə şamal sərhədindən keçirdi. Burada onların arasında mübahisəli torpaq vardı və Suriya İordan çayının ağzını İsrailin su şəbəkəsindən kənara yönəltməyə can atırdı.

Bundan başqa suriyalılar fələstinlilərə sığınacaq vermişdilər və onlar da tez-tez İsrail üzərinə basqınlar edirdilər.

1967-ci il müharibəsinin ərəfəsində Qərb güclərinin Yaxın Şərqdəki bu qarşıdurmada hansı tərəfin daha güclü olmasına şübhəsi yox idi. ABŞ qərargah rəisləri komitəsinin rəhbəri belə nəticəyə gəlmişdi ki, ən azı qarşıdan gələn beş ildə ərəb dövlətlərinin istənilən kombinasiyası İsrailə bata bilməyəcək.
Britaniyanın Tel-Əvivdəki hərbi attaşesi 1967-ci ilin yanvarında hazırladığı hesabatda yazırdı: "Komandanlıq, təlim, avadanlıq və xidmətlər baxşımından İsrail ordusu müharibəyə indi həmişə olduğundan daha çox hazırdır. Yaxşı təlim görmüş, özünəinamlı İsrail əsgərinin güclü döyüş ruhu var və o öz vətəninin müdafiəsi üçün müharibəyə getməyə hazırdır".

Sərhəd toqquşmaları gərginliyi artırırdı. Fələstin partizanları sərhəd çəpərini aşırdılar. İsrail onları terrorçu kimi pisləyirdi və bilirdi ki, onların qarşısını almaq və cəzalandırmaq üçün əks-zərbəyə ehtiyac var.
İsrailin İordaniyanın işğalında olan Qərb Sahili ərazisindəki Samua kəndinə 1966-cı ilin noyabrında endirdiyi ağır zərbənin ardınca, İsrailin öz içərisində mina partlayışı baş vermişdi.

İsrailin hücumu Qərb Sahilindəki fələstinlilər arasında hiddət oyatmışdı. Hüseyn sarsıntı içində idi. O ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bildirmişdi ki, üç il ərzində İsraillə məxfi danışıqlarda olub və israillilər onu əmin etmişdilər ki, heç bir cəzalandırıcı hücum etməyəcəklər.

Amerikalılar bu məsələdə ərəblərə rəğbətli idilər. Onlar BMT Təhlükəsizlik Şurasının Samua kəndinə hücumu pisləyən qətnaməsini dəstəkləmişdilər.

Hüseyn Qərb Sahilində fövqəladə vəziyyət elan etmişdi. O indi tamamilə əmin iidi ki, taxtı-tacı üçün ciddi təhlükə mövcuddur. Onu qəzəblənmiş fələstinlilər devirə bilərdilər. O həm də ordudakı nasirpərəst radikal zabitlərin çevrilişindən narahat idi. Belə bir çevriliş İsrailin, Qərb Sahilini və Şərqi Yerusəlimi işğal etməsi üçün bəhanə verə bilərdi.

Kral Yaxın Şərqdə haşimilər nəslindən olan başqa bir monarxın - İraq kralı Feysəlin taleyini yaşamaq istəmirdi. Onun əmisi oğlu və dostu olan Feysəl 1958-ci ildə baş vermiş hərbi çevrilişlə devrilmişdi.
Müharibəyə doğru yürüş İsrail-Suriya sərhədi boyunca eskalasiyanın artması ilə qoşa gedirdi. Amerikalıların düşüncəsinə görə Hüseyn Suriya liderliyindən fərqli olaraq düzgün siyəsət yürüdür, fələstinlilərin sərhəd üzərindən İsrailə hücumlarını önləyirdi. Suriyalılar isə əksinə fələstinliləri İsrailə basqınlar törətməyə təhrik edirdilər. Bu müddətdə isə İsrail zirehli traktorlarla mübahisəli həmsərhəd torpaqları şumlayıb, əkin yerləri salırdı.

Bütün bunlar 1967-ci il aprelin 7-də İsrail və Suriya arasında tammiqyaslı artilleriya və aviasiya müharbəsinə yol açdı.

Ertəsi gün Yerusəlimdəki gənc fələstinlilər britaniyalı diplomatın sözlərinə görə "İsrailin qüdrətini və ərəblərin gücsüzlüyünü vurğulayan bir sual verdilər: "Misirlilər hardaydılar?"

Nasirin nəhayət sözdən əmələ keçməsi üçün ona göstərilən təzyiq beləcə artırdı.

İsraillilər müzəffər əhval-ruhiyyədə idilər. Lakin bir çox yaşlı siyasətçi və hərbçilər həyəcanlanmışdılar. İsrail parlamenti Knesstin dəhlizində keçmiş qərargah rəisi Moşe Dayan təsadüfən Rabindən sonra ikinci yüksək rütbəli şəxs olan, aviasiya komandanı Ezer Veysmanla rastlaşmış və soruşmuşdu: "Siz ağlınızı itirmisiniz? Siz bu ölkəni müharibəyə sürükləyirsiniz…"

Moşe Dayan çevik həmlənin tərəfdarıydı

Suriya və onun maliyyələşdirdiyi Fələstin partizanları israilliləri təxribata çəkmək üçün əllərindən gələni edirdilər.

Suriya və Misirə, eləcə də Britaniya və ABŞ-a elə gəlirdi ki, İsrail böyük bir hərəkətə hazırlaşır.

Bu arada xəbər agentliklərindən birinin "yüksək vəzifəli İsrail mənbəyinə" istinadən yaydığı məlumatda deyilirdi ki, İsrail, əgər Suriya terrorçuları onun ərazisində təxribat reydlərini dayandırmasalar, Dəməşqin hərbi rejimini devirmək üçün məhdud hərbi əməliyyat keçirə bilər.

Bu xəbərin mənbəyi hərbi kəşfiyyatın başçısı, briqada generalı Aharon Yariv idi. O rejimin devrilməsinin yalnız ən fövqəladə bir halda gündəlikdə olacağını demişdi, lakin xəbəri Suriyada, eləcə də İsrail mətbuatında çox ciddi qarşılamışdılar.

Amma bu anda Sovet İttifaqının müdaxiləsi hər şeyi dəyişdi. Mayın 13-də Moskva Misirə belə bir xəbərdarlıq verdi ki, İsrail Suriya ilə sərhəddə boyük qoşun cəmləşdirir və bir həftə müddətində hücuma keçəcək.

Sovet İttifaqının niyə bu müharibənin ilk gülləsini atdığı indiyədək mübahisələr mövzusudur. İki İsrail tarixiçisi - İzabella Ginor və Gideon Remez yazırlar ki, SSRİ böhranı qəsdən kəskinləşdirirdi. Onlar İsrailin nüvə proqamını bloklamaq istəyirdilər və hətta buna görə qoşun da göndərə bilərdilər.

O vaxt orta vəzifəli sovet rəsmilərindən biri MKİ-yə demişdi ki, Sovet İttifaqı ərəbləri bilərəkdən ayağa qaldırırdı. Bundan məqsəd amerikalılar üçün, Vyetnam müharibəsinin getdiyi bir vaxtda yeni problemlər yaratmaq idi.

1967-ci ildə İsrail və onun ərəb qonşularını qızışdırmaq üçün çox da zəhmət çəkməyə ehtiyac yox idi. Onlar illərdir gözlədikləri bu böhrana baş vurmağa hazır idilər.

Nasirin qumarı
Sovet İttifaqının xəbərdarlığından 24 saat sonra Misirin ali komandanı feldmarşal Amer ordunu hərbi hazırlıq vəziyyətinə gətirmişdi.

Əməliyyatlar rəisi general-leynenant Ənvər əl-Qadi Amerə demişdi ki, ordunun demək olar yarısı, həm də ən yaxşı birləşmələri Yəməndə ilişib qalıb və belə bir şəraitdə İsraillə döyüşə girmək olmaz.

Amer onu əmin etmişdi ki, döyüşmək bu plana daxil eyil. Bu, sadəcə olaraq Suriyanı hədələyən İsrailə "qüvvə nümayişi" olmalıydı.

İki gün sonra Misir artıq bu böhrana daha dərin girmişdi. Qahirə 1956-cı ildən İsraillə sərhədə keşik çəkən BMT sülhyaradıcılarını qovmuş, qoşunlarını Sinay səhrasına yeritmişdi.


Misir Sinay və Qəzzadakı BMT qüvvələrini qovmuşdu.

Hələlik başı Suriyaya qarışan İsrail ordusu əvvəlcə Misirə səbrlə yanaşırdı.

Hərbi kəşfiyyatın təhlil bölümünə başçılıq edən Şlomo Gazit Amerika diplomatlarına demişdi ki, İsrail Misirin belə dava-dava deməsindən təəccüblənib, lakin bu sadəcə olaraq "hərbə-zorba" gəlməkdir. O demişdi ki, Misir əgər Tiran boğazını bağlamaqla Qırmızı dənizdəki Eylat portunu blokadaya alarsa, məsələyə ciddi baxıla bilər.

Ab-havanı Nasirin hər yerə burun soxan "Ərəbin Səsi" radiosu qarışdırırdı.

Qahirədə yerləşən bu radiostansiya Nasirin həyati xarici siyasət aləti idi. Böhran ərzində radionun əsas aparıcısı Əhməd Səid İsrailə qan qaynadan hədələr səsləndirirdi.

İsraillilər Nasirin BMT əsgərlərini qovmasına və Sinaya daha çox qoşun göndərməsinə məhəl qoymamışdılar. Onda Nasir stavkaları iki dəfə artırmışdı.

Mayın 22-də o İsrail gəmilərinin Tiran boğazından keçməsini qadağan etdi və beləliklə, Əqəba körfəzinin girişində Eylat portuna blokada qoydu. Buranın blokadası son dəfə 1956-cı ildə qaldırılmışdı.

Sinay səhrasındakı hərbi hava bazasında çıxış edən Nasir demişdi: "Əgər İsrail bizi müharibə ilə hədələyirsə, ona xoş gəlmisən deyirik". Burada xoşbəxt pilotların arasında çəkdirdiyi fotoda Nasirin üzündən ənənəvi nəciblik yağırdı.

Nasirin bu fotosu bütün dünyanı dolaşdı. Ərəblərin lideri hərəkətə hazır olan müasir hərbi texnika - təyyarələrin fonunda İsrail dövlətinə meydan oxuyurdu. Nasir bu şəkildə həyəcanlı görünürdü, sanki aşdığı hasarın böyüklüyündən bir uşaq kimi məst olmuşdu.

Nasir Sinaydakı Bir Gifqafa hərbi hava bazasında. 22 may 1967

Amerikalılar Qahirədən səslənən bəyanata 42 dəqiqədən sonra reaksiya vermişdilər. Prezident Lyndon Johnson acıqlı idi.

BMT-nin baş katibi U Thant artıq havada idi və o sülh missiyası üçün uçuşda olduğu vaxt Nasir yeni hədə səsləndirmişdi. Bununla belə Nasir amerikalılara və sovetlərə Misirin birinci atəş açmayacağı barədə vədinə sadiq qaldığını demişdi.

Lakin U Thant bu nəticəyə gəmişdi ki, Eylatın blokadası vəziyyətindən çıxış yolu tapılmasa, müharibə qaçılmaz olacaq.

Zərbə üçün təzyiq
Nasirin körfəz boğazını bağladığı gün İsrailin baş naziri Levi Eşkol kabinetə tam səfərbərlik əmrini vermişdi. 48 saat ərzində döyüş meydanına 250 min əsgər çıxarıla bilərdi. İcbari müddətli hərbi xidmətdən sonra da bütün İsrail kişiləri hərbi mükəlləfiyyətli sayılırdılar.

Bir neçə günün içində 50 yaşından aşağı bütün israillilər müəyyən bir şəkildə hərbi formada idilər.

Təzyiq general Rabini əzirdi. Bütün hərbi hazırlıqlara baxmayaraq o əmin idi ki, ölkəsini fəlakətə aparır. O siqareti-siqaretə calayırdı və nəhayət əsəb sarsıntı keçirmişdi.

Amma 24 saatı tam yatıb yuxusunu aldıqdan sonra Rabin işə yollanmışdı.

Beynəlxalq diplomatiya böhranın tammiqyaslı müharibəyə keçməməsi üçün cəhdlər edirdi. İsrailin xarici işlər naziri Abba Eban prezident Johnson-la görüşmək üçün təcili Vaşinqtona uçmuşdu.

1956-cı ildə İsrail əvvəlcədən Britaniya və Fransa ilə razılıq əldə etdikdən sonra Misirə hücum etdikdə amerikalılar onu təcavüzkar adlandırmış, tutduğu ərazilərdən geri çəkilməyə məcbur etmişdilər. Bu dəfə Eban icazəni ABŞ prezidentindən almaq istəyirdi.

ABŞ prezidenti isə İsrailə xəbərdarlıq edirdi ki, atəşi birinci onlar açmasınlar. O Ebana deyirdi ki, Misirin hücumundan narahat olmasın. Bu hücum dərhal gözlənilmir və əgər misirlilər hücum etsələr, onda İsrail onların başına cəhənnəm odu tökər.

ABŞ prezidenti Lyndon B. Johnson israilliləri birinci atəşi açmamağa çağırmışdı

Johnson bildirmişdi ki, Tiran boğazının təkrar açılması üçün bir yol tapacaq. O ilk növbədə beynəlxalq dəniz qüvvəsindən istifadəni düşünürdü. Amma bunun üçün ona vaxt lazım idi.

Abba Eban qərara gəlmişdi ki, İsrail ABŞ-ın ona qoyduğu sürətlə hərəkət etməlidir. Lakin ordu döyüşə hazır idi və generallar artıq darıxırdılar.

Eban hərbçiləri qıcıqlandırırdı. Onun yekəxanalığı və özündənrazılığı hərbçilərin canını boğazına yığmışdı.

Mayın 28-də hökumət kabineti daha iki həftə gözləmək barədə qərar qəbul edəndə generallar artıq partlama dərəcəsinə çatmışdılar. Onlar üçün buradakı söhbət təkcə Tiran söhbəti deyildi.

Nasir bütün ərəb dünyasını onlara qarşı çevirmişdi. O sərhədə ordu birləşmələri yığmışdı və İsraili hədələyirdi.
ardı var












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.