Cəhalətin anatomiyası

25-10-2023, 11:18           
Cəhalətin anatomiyası
Azərbaycan mediası xəbər verir ki, AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun qardaşı oğlu Cəlal Əsgərovun şikayəti əsasında 4 avqust 2023-cü il tarixdə barəsində axtarış elan edilən, sentyabrın 30-da saxlanılaraq həbs olunan ekstrasens barəsində məhkəmə qərar verib.
Məsələnin mahiyyəti qısaca belədir ki, Cəlal Əsgərov dostunun vasitəsilə tanış olduğu "ekstrasens" "Katyaya" öz işlərini, əmisi Cahangir Əsgərovla və hətta həyat yoldaşı ilə münasibətlərini normallaşdırmaq üçün filan qədər pul verib. Nəticədə "esktasensin" onu aldatdığı üzə çıxıb və Katyanı tutublar.
"Katya"nın qurbanı hətta onun 20 min dolları hansısa möcüzə ilə 200 min dollara çevirəcəyinə də inanıb, amma "elstrasensin" gücü dolların doğub-törəməsinə çatmayıb və nəticədə onu tutublar.
Deyəcəksiniz ki, təəccüblü nə var ki, və haqlı olacaqsınız.
Həqiqətən, "ekstrasens" xidmətlərinə 2 milyon investisiya etməklə prezident koməkçisinin öz şefi ilə qohum olmaq istəyinə düşdüyü ölkədə hansısa məmur qohumunun 30-40 min xərc çəkdiyi "Katya"nın köməyilə bütün problemlərini həll edəcəyini düşünməsində təəccüblü heç nə yoxdur.
Çünki mahiyyət budur, çünki "düşüncələri" bunu daha böyük gəlirlərə nail olmaq üçün investisiya kimi qəbul edir və bütün bunlar hələ üzə çıxan misallardır. Ranq böyüdükcə "esktrasenslərin" brendi də dəyişir, "Məlahəti", "Katyanı" İsraildən xüsusi gətirilmiş qeyri-adi davranışlı, baxışlı "Aaronlar", "Moşelər" və digərləri əvəzləyir.
Mahiyyətcə dəyişən də ancaq elə bu olur. İndiki "elita" İrandan gələn "Şeyx Nəsrullahları" özünə yaraşdırmır, onları ancaq qara xalqa layiq bilir. Amma dediyim kimi, mahiyyət dəyişmir. Daha doğrusu, nəticə dəyişmir, çünki katyalar, aaronlar, moşelər də ölüləri elə şeyx nəsrullahların diriltdiyi qədər dirildirlər.
Hə, bir də cahillər dəyişmirlər, amma onların yerləri, imkanları və mövqeləri dəyişir. Şeyx Nəsrullahın qurbanlarının səlahiyyətləri öz ölülərini diriltmək həddinə qədər idisə, katyaların və moşelərin kliyentləri bir xalqın, bir ölkənin müqəddaratını həll etmək gücündədirlər.
Onda təəccüblənmək lazım deyil ki, niyə Afrikanın ən qəliz və problemli ölkələrindən olan Keniyada insanlar ortalama 70, "çiçəklənən" Azərbaycanda isə 66-67 il yaşayırlar. Təəccülü bu rəqəmlərin yerlərini dəyişməsi olardı. Buna isə heç ümid də yoxdur və bu, hanısa skeptisizm, pessimizim deyil.
Çünki həmin Keniyanın 17 milyard dollara "smart city" yaratdığı bir dövrdə Azərbaycanın ABŞ təhsilli "islahatçı" naziri təmsil etdiyi zümrəyə xarakerik qədim peşə sahibi həyasızlığı ilə regionların inkişafına 105 milyard xərcləndiyini iddia edib üzümüzə durur. Özü də əhalisi ildırım sürətilə azalan regionların inkişafının.
Dünən pensiyalardan qənaət edilərək büdcəyə qaytarılan 600-700 milyonu öz uğuru kimi təqdim edən onun düşmən mahiyyətli başqa bir həmkarı isə bu gün ölkədə pensiyaçıların sayının və pensiyaların həcminin artdığını qırmızı-qırmızı səsləndirir. Cəmi 66-67 iı yaşayan azərbaycanlı pensiyaçı isə cəmi 2-3 il pensiya alacaq. Ölənə kimi...
Bu günlərdə Sierra-Leone prezidentinin müsahibəsinə baxırdım. 2019-cu ildə çevriliş yolu ilə hakimiyyətə gəlmiş Afrika diktatoru jurnalistin "təhsilə niyə 20% xərcləyirsiniz?" sualına cavabında deyir ki, çünki təhsil xalqın, ölkənin gələcəyidir, çünki təhsilı olmayan xalqın gələcəyi də yoxdur. Azərbaycanda bu rəqəm təxminən 13%-dir.
Bu yerdə etiraf edirəm ki, aşırı vətənpərvər soydaşlarımın "bizi Afrika ilə müqayisə eləmək lazım deyil" iradını qəbul etməyə hazıram. Çünki Afrikaya hələ çata bilmək lazımdır, amma heç buna da ümid yoxdur. Ölkənin elminin, təhsilinin, iqtisadiyyatının taleyinə "ekstrasenslər" əl qatmasalar əlbəttə. İndi bütün ümidlər onlaradır...
Ərəstun Oruclu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.