Avropa Brüssel görüşündə də Qranadada Azərbaycanın iştirakı olmadan qəbul edilən bəyanatı irəli sürəcək və bunun qəbuluna çalışacaq

26-10-2023, 10:34           
Avropa Brüssel görüşündə də Qranadada Azərbaycanın iştirakı olmadan qəbul edilən bəyanatı irəli sürəcək və bunun qəbuluna çalışacaq
Əliyevlə Paşinyanın Brüssel görüşü baş tutmayıb. Avropa İttifaqı bu görüşün təşkilinə ciddi hazırlaşırdı və tərəflərdən razılıq aldıqlarını bildirmişdilər. Buna rəğmən, görüşün keçirilməməsi suallar doğurur.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar səbəb kimi vaxt azlığını göstərib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iddia edib ki, “görüşün baş tutmasının səbəbi Azərbaycan Prezidentinin vaxt azlığıdır”. Rəsmi Bakı məsələyə münasibət bildirməyib.
Hərçənd, Bakının görüşdən imtinası ehtimalı mümkün görünür və bu, səbəbsiz deyil.
Klaarın açıqlamasına diqqət etdikdə səbəbləri görmək olar. Brüssel təmsilçisi bəyan edir ki, “Aİ-nin məqsədi Qarabağ ermənilərinin öz “evlərinə” qayıtmasıdır” və onlar “Əliyevin iştirak etmədiyi Qranada görüşünü əsas götürərək, Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməyə çalışırlar”.
Daha öncə də yazmışdıq: Avropa Brüssel görüşündə də Qranadada Azərbaycanın iştirakı olmadan qəbul edilən bəyanatı irəli sürəcək və bunun qəbuluna çalışacaq.
Qranada bəyanatında Qarabağdan çıxan ermənilərin heç bir şərt olmadan geri qayıtması yer alır və bu, bölgdə erməni separatizminin yenidən baş qaldırması riskini yaradır. Çünki “heç bir şərt olmadan” qeydi Azərbaycanın qayıtmaq istəyən ermənilərə “vətəndaşlığın qəbulu” tələbinə qarşıdır. Bəyanat kommunikasiyanın açılması və sərhədin delimitasiyasının da İrəvanın istədiyi formada həyata keçirilməsini özündə əks etdirir. Əliyevin Fransanın təşəbbüsü ilə keçirilən həmin görüşdən imtinasının səbəblərindən birinin mətni öncədən hazırlanmış bu bəyanat olduğu istina edilməməlidir.
Aİ-nin Qranada bəyanatını, yaxud buna uyğun mətni Brüssel formatına daşımaq istəyi aydın görünür. Klaarın “məqsədimiz Qarabağ ermənilərinin öz evlərinə qayıtmasına nail olmaqdır” sözləri də bunu deməyə əsas verir. Ermənistanın mövqeyinin qəbul etdirilməsi məqsədi daşıyan bu yanaşma dəyişməyəcəyi təqdirdə Bakı Brüssel formatını da sıradan çıxara bilər.
Asif Nerimanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.