Bakının BAŞ PLANI... niyə DALANA DİRƏNİB?

26-10-2023, 11:06           
Bakının BAŞ PLANI... niyə DALANA DİRƏNİB?
Bir neçə gün əvvəl Türkiyədə “Şəhərləşmə Müdirliyi” yaradılıb. Belə ki, bundan sonra bu qurum Türkiyənin bütün bölgələrinin yenilənməsini təmin edəcək. TEREF.AZ-ın xəbərinə görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2018-ci ildə Azərbaycanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılıb.

“Bu yeni bir qurum idi. Və Bakı Şəhəri İcra Hakimiyyəti və bir çox səlahiyyətli dövlət qurumlarının tikintilərə sərəncamların, icazələrin verilməsi ilə bağlı və baş planların hazırlanması həmin quruma həvalə olundu. Hal-hazırda da Bakı-Abşeron və digər böyük şəhərlərdə çoxmərtəbəli binaların inşası zamanı mütləq şəkildə tərtib olunmuş layihələri, yəni tikiləcək binanın bütün layihəsini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təsdiqləyir. Bu qurumun təsdiqi və icazəsi olmasa, böyük tikintilər aparıla bilməz”-deyə ekspert bildirib.

Elnur Fərzəliyev vurğulayıb ki, gözləntilər çox böyükdür olsa da, uzun illərdir ki, paytaxt Bakı şəhərinin baş planı hazır deyil. Baş plan hazırlanması ilə bağlı müəyyən işlər görülsə də amma ortada real gözə görünən real bir nəticə yoxdur. Ekspert hesab edir ki, baş planın hazır olmaması səbəbindən paytaxt Bakıdakı tikintilər tam bərbad bir vəziyyətdədir.

“Sıxlıqlar, binaların bir-birinə yaxın tikilməsi, binaların sayının artması və s. problemlər var ki, bunların da kökündə baş planın olmaması durur. Bakının ən son baş planı 1986-cı ildə hazırlanıb. Təqribi 20 illik plan nəzərdə tutulmuşdu ki, bu baş plan üzrə 2005-ci ilə qədər işlər görülüb. Lakin 90-cı illərdən başlayaraq, 1988-ci ildə Ermənistandan gələn məcburi köçkünlərin böyük hissəsi paytaxt Bakıya axın etdi. Daha sonra 90-cı illərdə Birinci Qarabağ müharibəsi başladı və bölgədən Bakıya kütləvi köç başladı”-deyən Elnur Fərzəliyev əlavə edib ki, bu günə qədər insanların axını davam edir.

Ekspert vurğulayır ki, baş planın olmaması səbəbindən artıq bütün tikililər pərakəndə şəkildə tikilib. Onun sözlərinə görə, artıq baş plan təkcə paytaxt Bakı üçün yox, Azərbaycanın bütün bölgələri üçün hazırlanmalıdır. Ölkənin hər bir yerində tikiləcək, yeni salınacaq yaşayış massivlərin baş planı hazırlanmalıdır.

Elnur Fərzliyev qeyd edib ki, hal-hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti işləri Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən aparılır.

“Həmin ərazilərdə salınan bütün kənd və qəsəbələrin yeni baş planları hazırlanır. Boş ərazilərdə baş plan işlərini görmək daha asandır”-deyə Elnur Fərzliyev əlavə edib.

P.S. Bəzən Bakının halına baxarkən düşünürsən ki, deyəsən Bakının “kitabı bağlanıb”. Yollar dolu, ucu-bucağı görünməyən tıxaclar, dib-dibə binalar... Bir tıxaca düşüdüyün zaman, avtomobili söndürüb, saatlarla gözləməli olursan. Bəzən düşünürsən ki, bir yanğın olsa, bu binaların həyətinə yanğınsöndürən avtomobilləri necə daxil olacaq? Görəsən, həqiqətənmi Bakının “kitabı bağlanıb?” Və bu “kitab” kimin əlindədir?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.