Yaxın Şərqdə daha geniş müharibə ilə bağlı narahatlıqlar artır

27-10-2023, 10:14           
Yaxın Şərqdə daha geniş müharibə ilə bağlı narahatlıqlar artır
Birləşmiş Ştatların regiona daha çox hərbi avadanlıq göndərdiyi, amerikalılara və ABŞ-ın bölgədəki obyektlərinə əhəmiyyətli təhlükələr barədə xəbərdarlıq etdiyi zaman Yaxın Şərqdə daha geniş müharibə ilə bağlı narahatlıqlar artır.

İsrailin qurudan hücumu gözləndiyi bir vaxt İsrail hərbi qüvvələri Qəzzaya hava hücumlarını artıraraq, bütün məhəllələri məhv edir.

Daha genişmiqyaslı müharibə başlayacağı təhlükəsi fonunda Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi ABŞ-ın bölgədəki maraqlarına qarşı hücumların artdığını deyib.

"Biz İranın HƏMAS və Hizbullahı dəstəkləməyə davam etdiyini bilirik. Və biz İranın bu hadisələri diqqətlə izlədiyini, bəzi hallarda bu hücumlara fəal şəkildə kömək etdiyini və münaqişədən özləri və ya İranın xeyrinə istifadə etmək istəyən başqalarını təhrik etdiyini bilirik. Biz bilirik ki, İranın məqsədi bunları müəyyən dərəcədə inkar etməkdir, lakin biz onlara bunu etməyə yol verməyəcəyik. Biz həmçinin regionda maraqlarımıza qarşı hər hansı təhlükənin cəzasız qalmasına imkan verməyəcəyik".

Bazar günü ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABC kanalının "Bu həftə" verilişində Birləşmiş Ştatların Yaxın Şərqdəki hərbi mövcudluğunu artırdığını bildirib.

"Bildiyiniz kimi bu yaxınlarda biz İraq və Suriyadakı qüvvələrimizin yerləşdiyi bazalara raket və pilotsuz uçuş aparatlarının hücumlarını gördük. Biz mümkün eskalasiyadan narahatıq. Əslində biz bütün regionda qüvvələrimiz və insanlarımıza qarşı hücumların əhəmiyyətli dərəcədə artması ehtimalını görürük. Və buna görə də biz qüvvələrimizin yaxşı vəziyyətdə olmasına və onların qorunmasına əmin olmaq üçün lazım olan hər şeyi edəcəyik".

Oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu nəticəsində 1400-dən çox israilli, İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində isə azı 5000 fələstinli həlak olub.

Birləşmiş Millətlər Təşkilatı və humanitar qruplar döyüşlərə "humanitar fasilə" verilməsinə çağırır.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bununla bağlı bazar ertəsi bunları deyib: "İstənilən atəşkəs HƏMAS-a dincəlmək, gücünü bərpa etmək və İsrailə qarşı terror hücumlarını davam etdirməyə hazırlaşmaq imkanı verəcək".

Avropa İttifaqının xarici siyasət rəhbəri Cosep Borrell bazar ertəsi deyib ki, o, qrup liderlərinin Qəzzaya yardımın daxil olmasına icazə vermək üçün "humanitar fasilə" çağırışını dəstəkləyəcəklərinə inanır.

Qəzza zolağına daha 20 yardım maşını daxil olduqdan sonra oraya humanitar yardımlar keçməkdə davam edib. Lakin mühasirədə olan 2 milyondan çox fələstinlinin yardım gözlədiyi vaxt yardımların çatdırılması üçün yanacaq çatışmazlığı əməliyyatın dayanması təhlükəsi yaradır.

amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.