Regionda böyük oyun gedir

11-11-2023, 11:54           
Regionda böyük oyun gedir
Azərbaycanda da, Ermənistanda yolunu müəyyən edib. Pat vəziyyəti yarana bilər...
“Qərb ölkələri dünyadakı nüfuzunu itirir və arzuolunmaz hesab etdikləri ölkələrdə böhran
yaratmağa çalışırlar”. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çərşənbə
günü Moskvada MDB-dən olan həmkarları ilə görüş zamanı deyib.
“Qərb ölkələri öz hərbi potensialını sürətlə artırır, məcburetmə, şantaj və konstitusiyaya zidd
hakimiyyət dəyişikliyi cəhdlərindən istifadə edərək, onlardan asılı olan dövlətlərə getdikcə daha
aqressiv şəkildə öz şərtlərini diktə edirlər”, – Patruşev deyib və bu zaman rəhbərliyində təmsil
olunduğu ölkənin nə etdiyini unudub.

Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Cənubi Qafqaz məsələsinə toxunaraq, “kollektiv Qərbin
mənfi rolunu” da qeyd edib.
“Azərbaycanla Ermənistan arasında nizamlanma o zaman mümkündür ki, qeyri-regional
qüvvələr münaqişəyə müdaxiləni dayandırsınlar. Hələlik isə Qərbin addımları vəziyyəti daha da
gərginləşdirir.
Qərb ölkələrinin addımları regionda vəziyyətin pisləşməsinə səbəb olur və orada ziddiyyətlərin
qalmasına şərait yaradır”, – o, bəyan edib.
“Biz Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməsində, onun inkişafı üçün şəraitin
yaradılmasında, qarşılıqlı inam və əməkdaşlığın gücləndirilməsində maraqlıyıq”, – Patruşev
iddia edib.
Onun sözlərinə görə, Rusiya sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və
nəqliyyat kommunikasiyalarının açılması maraqlarından çıxış edərək, Ermənistan-Azərbaycan
münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır.
Rusiya Təhlükəsizlik Şurası rəhbərinin bu parlaq ifadələri Kremlin Cənubi Qafqazda, xüsusən də
Ermənistan-Azərbaycan münasibətləri baxımından faktiki olaraq həyata keçirdiyi siyasətlə necə
uzlaşır? Patruşevin bu çıxışında həqiqətə yaxın bir kəlmə varmı? Moskva reallıqda Bakı ilə İrəvan
arasındakı vəziyyəti necə görmək istəyir?
Tanınmış politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu fikirlərini
Pressklub.az-la bölüşüb.
“İlk növbədə qeyd etmək istəyirəm ki, Patruşev Ermənistan-Azərbaycan münasibətlərinin
nizamlanması baxımından Rusiya diplomatiyasının roluna cavabdeh olan şəxslər arasında heç
də düzgün seçilmiş fiqur deyil”, – o deyib.
Analitikin sözlərinə görə, Rusiya, təbii ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə
edilməsi məsələsində Qərblə rəqabət aparır. Baxmayaraq ki, Rusiyanın sülh müqaviləsinin əldə
olunmasında həqiqətən nə dərəcədə maraqlı olması ciddi sual doğurur.
“Əlbəttə, istisna etmirəm ki, Cənubi Qafqaz uğrunda gedən geosiyasi mübarizənin gündəngünə daha da kəskinləşdiyi bir vaxtda (bu isə göz qabağındadır) sülhün əldə olunmasında və
iki ölkə arasındakı sülhün bağlanmasında vasitəçi kimi çıxış edəcək tərəf bundan
faydalanacaq.
İstənilən münaqişə geosiyasi prosesin tərkib hissəsidir. Qərbin regionda maraqları
başadüşüləndir. Yaxın Şərqdə vəziyyətin pisləşdiyi bir zamanda Rusiyanın yolunu kəsmək və
Moskvanın ora müdaxiləsinə mane olmaq istəyirlər. Rusiya isə təbii ki, Yaxın Şərqə öz yolunu
açmaq istəyir. Ona görə də Rusiya Federasiyasına indi Cənubi Qafqazda təkcə siyasi deyil,
həm də hərbi cəhətdən güclənmək lazımdır.
Ermənistanla Azərbaycan arasında sülh sazişinin əldə olunması onlara yalnız bir halda faydalı
ola bilər – tərəflər hər şeyi müstəqil şəkildə danışsınlar, fikir ayrılıqlarını aradan qaldırsınlar və
müqavilə imzalasınlar.
Təbii ki, Rusiya da var gücü ilə buna nail olmağa çalışır, ancaq onun öz şərtlərinə və maraqları
uyğun şəkildə. Eyni zamanda, düşünmürəm ki, Moskvanın Azərbaycanla Ermənistan arasında
sülhə nail olmaq üçün həqiqi və ciddi istəyi var. Görünür, Kreml Ermənistanla Azərbaycan
arasındakı sərhəddə silahlı qüvvələrini yerləşdirməklə, təhlükəsizlik zəmanəti vermək istəyir.
Bu o deməkdir ki, hər iki ölkə Rusiyanın nəzarəti altında olacaq.
İkincisi, Rusiya təhlükəsizliyi təmin etmək adı altında kommunikasiyalara nəzarət etmək
istəyir. Prinsipcə, bu, həm Azərbaycanın, həm də Ermənistanın suverenliyinin
məhdudlaşdırılması və Rusiya Federasiyasından asılı qalması üçün kifayət edəcək”, – tədqiqat
mərkəzinin rəhbəri bildirib.
Oruclu deyir ki, bütün bunlar prosesin görünən hissəsi olsa da, hadisələrin görünməyən tərəfi də
var.
“Prinsipcə, Avropa da oxşar maraqları güdür. Azərbaycan Avropanın vasitəçilik xidmətlərindən
imtina edib. İndi Ermənistanın Rusiyanın xidmətlərindən imtina etməsi təhlükəsi var və bu, çox
realdır. Və hər iki platformanın iki ölkə arasında sülhün əldə olunması baxımından faydasız və
ya qeyri-funksional olduğu ortaya çıxanda, çox güman, Bakı ilə İrəvan arasında hansısa neytral
ərazidə ikitərəfli danışıqlar başlayacaq. Məsələn, Gürcüstanda. Və bununla bağlı artıq
müəyyən işartılar var. Bu, Ermənistan və Azərbaycanın baş nazirlərinin bu yaxınlarda Tiflisdə
keçirilən görüşüdür. Bu, ikitərəfli sülh müqaviləsi imzalanmasının mümkünlüyü barədə
Əliyevin bəyanatıdır.
Belə bir oyun gedir və bu, Rusiyanı narahat edir. Çünki Azərbaycanla Ermənistan arasında
birbaşa sülh əldə olunarsa, o zaman nəinki Qərb Cənubi Qafqaza girə bilməyəcək, eyni
zamanda Rusiya da regiondan çıxmalı olacaq. Hesab edirəm ki, cənab Patruşevi məhz bu
narahat edir. Unutmayaq ki, onun özü və rəhbərlik etdiyi Təhlükəsizlik Şurası məhz cənub
istiqamətində işləyir. Təsadüfi deyil ki, bu adam tez-tez İrana səfər edir və İran liderləri ilə sıx
əlaqələrə malikdir. Yəni, görünür, Cənubi Qafqazda hadisələrin son inkişafı Moskvanı qane
etmir və ona görə də Patruşevin bu bəyanatı ortaya çıxıb. Bunun nə dərəcədə effektiv
olacağını və tərəflərə təsir edib-etməyəcəyini zaman göstərəcək. Amma mənə elə gəlir ki,
Ermənistan və Azərbaycanda kurs artıq az-çox müəyyənləşib”, – deyə Oruclu yekunlaşdırıb.
Rauf Orucov
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.