“Ömürlük verin...”- Nardaran məhbuslarının məhkəməsi başladı
23-07-2016, 09:25
Məhkəmə vəkillərin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib; Taleh Bağırzadə: “Kitabça bütün bu işin taleyini həll eləyir”
“Müsəlman birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, hərəkatın 16 üzvü və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edib.
Prosesin əvvəlində Fuad Qəhrəmanlı və digər təqsirləndirilən şəxslər məhkəmə heyətindən üzlərini çeviriblər. Buna səbəb AXCP sədri Əli Kərimlinin və Milli Şura sədri Cəmil Həsənli zala buraxılmaması olub.
Təqsirləndirilən şəxslər bildiriblər ki, onlar zala buraxılana qədər aksiyanı davam etdirəcəklər. Xatırladaq ki, onların sonuncu məhkəmə prosesinə Ə.Kərimli və C.Həsənli buraxılmamışdı.
Aksiyanın davam etməsi ilə hakim Ə.Kərimli və C.Həsənlinin zala buraxılmasını tələb edib. Və onlar məhkəmə prosesinə buraxılıblar.
Bu günkü prosesdə təqsirləndirilən şəxslərdən bir neçəsinin vəkilləri onların barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər qaldırıblar.
Ötən məhkəmə prosesində təqsirləndirilənlərdən Şamil Abduləliyevin vəkili onun səhhətində ciddi problemlərin olmasını əsas gətirərək, müvəkkili barəsində seçilmiş həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişdi.
Təqsirləndirilən şəxslərdən Taleh Bağırzadə də həmin prosesdə iki vəsatət qaldırmışdı. O, Fuad Qəhrəmanlının günahsız olduğunu, onun azadlığa buraxılmasını və iş materiallarından “Hacı Taleh Bağırzadənin müraciəti” adlı kitabçanın çıxaılmasını istəmişdi.
F.Qəhrəmanlının vəkilləri cinayət işinin ayrılıb istintaq orqanına qaytarılması, cinayət işinə xitam verilməsi, həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, yolverilməz sübutların işdən xaric edilməsi, məhkəmədə audio və video çəkilişlərin aparılması ilə bağlı vəsatətlər qaldırmışdılar.
Məhkəmə prosesində çıxış edən “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırov çıxışında bir daha "Hacı Tale Bağırzadənin müraciəti" adlı kitabçadan danışıb.
O, iş materiallarında olan həmin kitabçanın müəllifi olmadığını və çıxarılmasını tələb edib: “İstintaq bizə 23 maddə ilə ittiham verib və bunların da hamısı o ktabçanın üzərində qurulub. Bütün tutulan adamların evindən o kitabçanı guya çaxarıblar. Keçən dəfə də dedim ki, o kitabça 26 noyabrdan sonra hazırlanıb. Bu da istintaqın quramasıdır. Kitabça bütün bu işin taleyini həll eləyir".
Məhkəmə günün ikinci yarısında davam etdirilib. Hakimlər vəkillərin qaldırdığı vəsatətlərin heç birini təmin etməyiblər.
Nardaran hadisələri zamanı yaralanan, ölüm xəbəri yayılan Abbas Hüseynov vəsatətlərin təmin edilməməsinə etiraz edib.
O, məhkəmənin tamaşa kimi hazırlandığını və bir daha bu prosesə gəlmək istəmədiyini deyib: “Mənə ömürlük verin, çıxım gedim. Sizin üçün oyuncaq deyiləm. Məhkəməyə gəlmək istəmirəm. Məni gətirməsinlər”.
Hakim A.Hüseynova xəbərdarlıq edərək qaydaları pozduğunu deyib.
Prosesin davamında hazırlıq iclası başa çatıb və iş məhkəmə baxışına göndərilib. Növbəti məhkəmə prosesi avqustun 3-də keçiriləcək.
Xatırladaq ki, ötən ilin noyabr ayında T.Bağırzadənin saxlamılması üçün Nardaranda keçirilən əməliyyat zamanı polislə dindarlar arasında silahlı qarşıdurma baş vermişdi. Silahlı qarşıdurma zamanı 2-si polis olmaqla, 6 nəfər dünyasını dəyişib.
Nardaranda həbs edilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-cü (qəsdən adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.3-cü (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd), 28,214.2.1-ci (terrorçuğa hazırlıq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28,214.2.3-cü (terrorçuğa hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 283.2.3-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.
F.Qəhrəmanlı isə Nardaran hadisələrindən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1-ci (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur.