Böhran maliyyə boslarını bitirə bilər

23-07-2016, 09:29           
Böhran maliyyə boslarını bitirə bilər
Samir Şərifov, Fazil Məmmədov, Aydın Əliyev və Səlim Müslümovun karyerasını təhlükə gözləyir

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib. Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda nazir Samir Şərifov bildirib ki, ölkə başçısı Ilham Əliyev hökumətin gələcək fəaliyyətində prioritet istiqamətlər kimi sənaye istehsalını və kənd təsərrüfatının inkişafını önə çəkmiş, iqtisadiyyatın aparıcı sahələrinin modernləşməsinə və şaxələnməsinə, iqtisadi səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına dair hökumət qarşısında mühüm vəzifələr qoyub.

Samir Şərifov həmçinin qənaət rejimində fəaliyyət göstərməyin zəruriliyini diqqətə çatdırıb.


“Azadlıq”a daxil olan məlumata görə, son 1 neçə ayda dövlət büdcəsinə daxilolmaların azlığı hökumətin narahatlığına səbəb olub. Məlumat üçün deyək ki, may ayında dövlət büdcəsinə 740 milyon manat vəsait daxil olduğu halda, iyun bu məbləğ 680 milyona enib. Hakimiyyət nümayəndələri böhrandan uğurla çıxdıqlarını desələr də, real vəziyyətin acınacaqlı olduğunun fərqindədirlər. Dolların hər gün cüzi də olsa artması, artıq prosesin qarşısıalınmaz mərhələyə qədəm qoyması hökuməti çətin vəziyyətə salıb.

Ona görə də ölkənin maliyyə boslarının qarşısında büdcəni doldurmaqla bağlı qəti tapşırıq qoyulub. Bu baxımdan Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyində narahatlıq yaşanır. Mənbəmiz bildirir ki, sözügedən qurumlar qarşılarına qoyulan tapşırığı yerinə yetirə bilməsələr, Fazil Məmmədov, Aydın Əliyev, Səlim Müslümov və Samir Şərifovun karyeraları təhlükə altına düşə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.