Beynəlxalq Əlillər gününündə replika: "Belə , ölümə yaxın insanları ölümün qucağına atmaq doğrudurmu?"

3-12-2023, 12:29           
Beynəlxalq Əlillər gününündə replika:
Bu gün Beynəlxalq Əlillər günüdür... İstəyirəm bu münasibətlə Qarabağda əlil olmuş, durmadan intihar xəbərləri ilə canımızı yaxan-yandıran qazilərimizi Qazi Xaliq Məmmədovun simasında təbrik edəm.
Yazmağa, deməyə ehtiyac yoxdur ki, 44 günlük müharibədə və sonrakı lokal döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti çanlarını heçə sayaraq döyüşə atıldılar. Atıldılar və məhz elə buna görə də, qələbə qaçılmaz oldu!Kim idi o şəxsi heyyət? Xaliq kimi Vətənindən başqa heç bir varidatı olmayan VƏTƏN oğulları!
Vəzifəsi, titulları, xaricdə, Azərbaycanda mülkləri , obyektləri, unomarka maşın kolleksiyası olan PAPA ogullar isə həmin dövrdə harda oldu, harda qaçdı gizləndi məlum olmadı. Amma ordu Qələbə qazananda məlum oldu ki, inomarkalarına bayraq taxıb Bakının küçələrində şadyanalıq etdilər, "Yaşasın, bizim ordumuz! " deyib hoqqa verdilər.
Nəisə....söhbətə dönək; Mən gedib həmkəndlim, qohumum Qazı Xaliqlə görüşəndə o hospitaldan evinə yenicə dönmüşdü, el-obasının onunla fəxr etməsini sevinclə qarşılayırdı.
2018-ci ildən orduda olan Xaliq MAXE işləyirdi , gizir idi. Döyüş yoluna isə Suqovuşanda başlamışdı. Hərbçilər ən dəhşətli döyüşlərin o bölgədə keçdiyini bilirlər. O, 3 oktyabr Ağdərə uğrunda döyüşdə yaralanıb. Qəlpə sol qasıq nahiyəsindən girmiş, sol sarğı nahiyəni parçalamışdı. Parçalanmış hissədə xeyli sayda qəlpə qalmaqdadı. Ölum vəziyyətin də döyüş meydanından onu çıxardıblar. 5 oktyabrda Sarıcalı Hərbi Hospitalına çatdırdılar. Orada əməliyyat olundu, qəlpələr bədənindən çıxarıldı və sonra Bakıya-hospitala yola salındı.
Hazırda onu psixoloji travmaları ilə bərabər aldığı yaralar yaşam tərzini ağırlaşdırıb
30-32 yaşı olmasına baxmayaraq özünü 90 yaşlı insan kimi hiss edir, yerindən çətinliklə qalxır, yeriyəndə yox e, addım atanda necə deyərlər zülüm çəkir. Övladlarına görə işləmək, onlara çörək qazanmaq istəyəndə isə çarəsizcəsinə onların üzünə baxmaqdan başqa əlindən heç nə gəlmir. Paytaxtda zavodu-fabriki olmayan ölkənin görün ucqar bir kənddə nəyi ola bilər?
Övladları da, xanımı da, özü də yaşlı ata-anasının əllərinə baxır. Övladlarına yeni geyim ala bilməyəndə susur, evdə istənilən ərzaq ləvazimatı, gündəlik tələbat malı çatışmayanda susur, evin ehtiyacları ödənməyəndə susur, ata-anasının pensiyası həkimlərə, apteklərə axır , necə desin ki, ata, ana, həyat yoldaşıma ayaqqabı lazımdır, özüm 3 ildir ancaq hərbi geyim geyinirəm, mənə yeni paltar alın, uşaqlar məktəbə gedəcək onların məktəb geyimləri və dərs ləvazimatları yoxdu...
Bax, problemlər Xaliqin üzərinə beləcə gəlir, Döyüşdən, düşməndən qorxmayan, müharibənin hər an onun həyatına son qoyacağını bilə-bilə, ailəsinin başsız, uşaqlarının yetim qalacağı təqdirdə nə böyük məhrumiyyətlər yaşayacağını anlaya -anlaya geri çəkilmədi, Ölümcül yaralanana qədər Vətən uğrunda döyüşdü.
Görək Vətən ona neylədi?-söhbətinə! Əslində Vətən qarşılıqsız sevilən bir məfhumdu. Bilirəm Xaliq də, 1000-lə Xaliq kimi Vətən oğlu da bu dəqiqə eyni vəziyyət yaransa yenə də müharibəyə sevinə-sevinə gedərlər... Vallah!!Heç ata-anası, balaları, həyat yoldaşı onu bu yoldan dayandıra bilməz!
Bəli, hazırda Vətənin oğlu Vətənin ən yüksək vəzifəli məmurunun hədəfində inləyir. Aradan 3 il keçməsinə baxmayaraq Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirirliyi- bir başa Sahil Babayev hələ də Xaliqə eyni zamanda minlərlə müharibədə döyüşən əbədi şikəstlik qazanan oğullara əlillik dərəcəsi verməyib.
Niyə axı? 3 il az zaman deyil axı? Nəyi araşdırıblar- axtarıblar düz çıxmayıb, şübhələr yaranıb ki, bu əlillik o igidlərə verilməyib? Müdafiə Nazirliyi bilmir ki, hansı əsgəri harda yaralanıb? Bilirsə, yəqin ki, məlumatları ƏƏSM nazirliyinə çatdırıb. Çatdırmayıbsa çox ayıb!Necə olur ki, müharibə bitməsindən cəmi 5-6 ay sonra MN-yi təsbit edir ki, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər burnunu Bakıdan çölə çıxartmadan paytaxtda böyük "qəhrəmanlıqlar"a imza atıb?Bəli , "Qəhrəman" o "qəhrəmanlıqlara" görə Fəxri Fərmanla təltif edilib.
Yox əgər Ənvər iş adamı olaraq "44 günlük Vətən müharibəsi zamanı orduya, müharibədən sonra isə şəhid və qazi ailələrinə imkanları daxilində kömək edib"sə bunu adi vətəndaşlar artıqlaması ilə edib.Mənim bir həmkəndlim var bir TIR dolusu vacib ləvazimatı orduya təslim etdi, onun kimi 1000-lə insan 44 gündə yemədi, geymədi yalnız əlindən gələni orduya elədi. Görəsən, MN onları niyə mükafatlandırmadı? Qaşı-gözü qara bircə Ənvər oldu? Bir də müğənni Natavan Həbibi ?
Yox, əgər MN döyüşçülərin sənədlərini ƏƏSMN vaxtında göndəribsə, bəs onda bu nazirliyin bu döyüşçülərlə qərəzi nədir? Niyə axı bu 3 ildə 80-dən çox igid ya özünü yandırıb , ya asıb öldürüb?Axı onlar cəmiyyətin ən həssas zümrəsidir. Onları niyə çörəklə imtahana çəkirsiniz? Niyə balalarınn xanımının ata-anasının gözünün içinə baxa bilməyən bu çarəsiz gəncləri niyə ölümün ağuşuna atırsınız! Axı onların psixologiyası tam fərqlidir. Təsəvvür edin ipin üzərində yeriyirlər.. Belə , ölümə yaxın insanları ölümün qucağına atmaq doğrudurmu?
Xaliq də dəfələrlə canına qəsd etməyə çalışıb, yaxşı ki anası xəbər tutub. Xaliqin bir qardaşı da-Sadiq universitet tələbəsi olarkən xəstəlikdən vəfat edib. Yəni ana -ata hər gün gündəlik işlərindən əlavə Xaliqi güdürlər ki, birdən özünə qəsd edər! Çünki iki oğulun itkisini, ağır yükünü çəkə bilməzlər. Bax, qohumum, həmkəndlim, igidimiz hazırda nazik ipin üstü ilə addımlayır, hər an qorxduğumuz hadisə baş verə bilər!
ƏƏSMN sənin fikrin nədir, 3 ildir gözlətdiyin, çörək imtahanında məhv etdiyindən başqa növbədə olan qurbanlara neçə ildən sonra əlillik dərəcəsi verib, onları heç olmasa balası üçün yaşamağa məcbur edəcəksən?
Cavab gözləyirik!
Sonda: Beynəlxalq əlillər günü münasibəti ilə müharibə, igidlik, vətənə sevgi imtahanından ƏLA alan Azərbaycan oğullarını-daha dəqiq, canı, sağlamlığı, psixologiyası yerlə yeksan olmuş, çörək imtahanından, qayğı və rifah tələbindən dolayı özünü asan, yandıran, canına qəsd edib ölən bütün əlilləri təbrik edirəm!
Əntiqə Rəşid Aslan
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.