Fraqmental dünyaya aparan ikili standartlar.

4-12-2023, 00:02           
Fraqmental dünyaya aparan ikili standartlar.
Söhbətə futboldan başlamaq istəyirəm – dünyada 3,5 mlrd. insan futbolla maraqlanır, 2 mlrd. insan imkan düşəndə, 1 mlrd. insan isə daim futbol izləyir. Bu oyunu sevdirən (ümumiyyətlə, idmanı sevdirən) əsas amillərdən biri oyun qaydalarının hamıya eyni olmasıdır. Yəni, bütün komandalar bilir ki, aut əllə atılır, küncdən zərbə ayaqla vurulur, qapıçıdan başqa əllə oynamaq cərimədir, cərimə meydançasında qaydanı pozanda penalti olur və s. Hə, bəli, bəzən haqsız hakimlik də, danışılmış oyunlar da olur – amma bu istisnalardır, ümumən hamı qaydalara əməl etməyə çalışır. “VAR” sistemi tədbiq ediləndə bir çoxları etiraz etdi, bu futbolun dinamikasını öldürəcəyini söylədi, amma haqsızlıqların 99% aradan qalxması “VAR” sisteminə güvəni, bəyəni də artırdı.
İndi gələk siyasətə, təəssüf ki, burada “VAR” sistemi tədbiq edilmir, ölkələr qafasına, öz maraqları görə “həqiqətləri” görür və dilə gətirirlər.
Məsələn, Rusiya Peskovun dili ilə deyir ki, Ermənistan müstəqil dövlətdir, onların istəlilən ölkə ilə əlaqələr qurması, istənilən beynəlxalq quruma üzv olmaq üçün çalışmaları normaldır, Ermənistanın haqqıdır. Elə həmin Rusiya Ukrayna AB və NATO-ya üzv olmaq, öz müttəfiqlərini özü müəyyən etmək istədikdə Ukraynaya təcavüz etdi, torpaqlarını işğal etdi, separatizmi alovlandırdı – yaxşı, niyə Ermənistana öz müttəfiqlərini özü təyin etmək olar, Ukraynaya olmaz?!
Və ya ABŞ, Qərb ölkələri haqlı və hüquqi mücadilə verən, separatizmi yenməyə, öz ərazi bötövlüyünü təmin etməyə çalışan Ukraynaya hərtərəfli dəstək göstərir, son 2 ildə 108 mlrd. dollarlıq silah-sursat, maddi yardım göstərir – doğru olanı edir, amma nədən Azərbaycan separatizmin kökünü kəsib ərazi bötövlüyünü bərpa edəndə buna etiraz edib ölkəmizi suçlamağa çalışır?!
Ya da Qərb Cənubi Qafqazdan Rusiyanı zəiflətmək, qovmaq istəyir – eyvallah, bizim də arzumuz budur və Azərbaycanın son 3 ildə atdığı bütün addımlar Rusiyanı bölgədə zəiflətdi, Qərbin strateji maraqları çərçivəsində oldu. Azərbaycanın bütün iqtisadi əlaqələri Qərblədir, Qərbə doğrudur, rəsmi Bakı MDB-dən başqa Rusiyanın başında durduğu heç bir quruma üzv olmadı, Ermənistanın 72% iqtisadiyyatı, 60% ixracatı, bütün stateji infrastrukturu Rusiyaya bağlıdır, KTMT-nin, Avrasiya və Gömrük İttifaqlarının rəsmi üzvüdür, amma Qərbin bəzi dairələri deyir ki, Ermənistan Qərbyönümlüdür, Azərbaycan isə Rusiyaya meyl edir (hətta bizdə də bəzi təkhücüyrəli “müxalifət” nümayəndələri var ki, onlar Xənkəndi və ətrafında olan bir ovuc rus əsgərini misal çəkib deyirlər ki, Azərbaycan Rusiyaya bağlıdır, çünki rusların əsgəri burdadır, amma həmin məntiqlə, yəni məntiqləri olsa, Ermənistanda 11 minə yaxın Rusiya qoşunu, bir böyük, 4 kiçik hərbi bazası var, sərhədləri tam Rusiyanın nəzarətindədir – yaxşı, bəs necə olur ki, Ermənistan Qərbpərəst olur?!).
Xub, gələk məmləkətimizə, bizim hökumət deyir ki, qrant pisdir, qrant alanlar dövlətə, xalqa qarşıdırlar – amma elə bu hökumət son 30 ildə Qərbdən 1,9 mlrd. dollarlıq yardım, qrant alıb. Tənqid etdikləri USAID təşkilatı hökumətin də yararlandığı layihələrə 410 mln. dollar ayıranda yaxşı idi, qrant pisdirsə nədən alırsınız?! Və ya hökumət deyir ki, səfirliklərdən qrant, yardım almaq pxxxıdır, pisdir, amma elə həmin səfirliklər ölkədə onlarla məktəb tikib, su probleminin həllinə yardımlar ayırıb, hökumət üzvlərinə yüzlərlə dəfə treninqlər keçib, onları ABŞ-a, Avropaya səfərlərə aparıb – bunun adı nədir bəs?!
Dünyanın çivisi çıxandan bəri fraqmentallaşır, fraqmentallaşdıqca da hər bölgə üzrə öz oyun qaydaları yaranır və bu Qərbin, ABŞ-ın liderliyinin zəifləməsinə görə baş verir, maraqlar dəyərlərdən üstün olur, yəni, yenə futbol misalına qayıtsaq, indi hər yerdə futbolu bir cür oynayırlar, autu kəllə ilə atanlar da var, əl ilə qol vurub bunu haqlı saydıranlar da – hələ ki, yeni “VAR” sistemi də yoxdur, ona görə dünyanın var-yoxu ağlar qalıb...
Natiq Cəfərli
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.