Ölkədə qələbədən əvvəl və sonrakı siyasi səhnə - ARAŞDIRMA

4-12-2023, 08:34           
Ölkədə qələbədən əvvəl və sonrakı siyasi səhnə - ARAŞDIRMA
2023-cü il başa çatır və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bu ilin əsas əlamətdar hadisəsi kimi tarixə düşdü. II Qarabağ müharibəsindən əvvəlki 3 il və müharibədən sonrakı 3 ilin nəticələrinin təhlil olunması olduqca əhəmiyyətlidir. Bu mövzu ayrıca təhlil edilməlidir. Amma bəzi məqamlara diqqət çəkmək faydalı olardı.
Müharibədən öncə ölkədəki “5-ci kolon”un təsnifatı daha çox və yalnız Rusiya xətti üzərindən aparılırdısa, müharibədən sonrakı bu təsnifat öz bəndlərini genişləndirib. Ölkədə “milli elita”nın formalaşdırılmaması hələ də əsas problem olaraq qalmaqdadır. Müharibədən əvvəl hökumət üzvlərinin, yüksək ranqlı məmurların (köhnə komandanın) daha çox “Rusiyanın adamı” olduğu müzakirə olunurdusa, indi onların (yeni komandanın) Rusiya ilə yanaşı, ABŞ, İsrail və Türkiyəyə bağlı olduqları barədə rəylər formalalaşıb.
Müharibədən öncə sosial şəbəkələr daha çox siyasiləşmiş və narazı elektoratın mövcud olduğu platforma kimi diqqət çəkirdisə, müharibədən sonra “sosial ixtisaslaşma” yarandı. Məsələn, hazırda “Facebook” daha çox siyasiləşmiş, ciddi platformaya çevrilib. Bu platformada əvvələr müşahidə olunan “fake”lər azalıb. “İnstaqram” alış-veriş, ticarət, maqazin platformasına, “Tik-Tok” isə bütün regionları əhatə edən, əsasən kütlə platformasına çevrilib. Cəmiyyət 3 hissəyə bölünüb, “Facebook” 5-10 min adamın aktiv fəallığı ilə diqqət çəkir, “İnstaqram” orta təbəqənin reklam və ticarət limitlərini formalaşdırır, “Tik-Tok” isə yüz minlərlə insana təqdimat, çıxış və s. azadlığı verib. Hökumət “Facebook” üzərindən faydalı iş prinsipləri qurmağı bacarsa da, kütlənin “Tik-Tok”dakı xaotik hərəkətlərinə nəzarət mexanizmləri formalaşdıra bilmir.
Xarici təhdidlərə qarşı hərbi və diplomatik müstəvidə nümayiş olunan həssaslıq daxildə yaranan təhdidlərlə mübarizə ilə müqayisədə daha qabarıq görünür. Bir müddət əvvəl USAİD rəhbəri Samantha Powerin Azərbaycanın antiterror əməliyyatından sonra “100 min erməninin qaçqın düşməsi” barədə fikirləri Azərbaycan hökumətinin ciddi təpkisi ilə nəticələnib, hətta bu təşkilatın Azərbaycandakı nümayəndəliyinin bağlanması gündəmə gətirilib. USAİD təkcə Azərbaycan müxalifəti ilə deyil, hökumət qurumları ilə də uzun illərə söykənən əməkdaşlıq yolu keçib. Münasibətlərin pisləşməsi ölkə ictimaiyyətinin tanımadığı bu qurumun fəaliyyətini müzakirəyə çıxarmış oldu. 1990-cı ildən başlayaraq, ABŞ-ın FLEX, Edmund Muskie, Hubert H. Humphrey, Fulbright təhsil proqramları çərçivəsində hər il onlarla azərbaycanlı ABŞ-da təhsil alıb. Bu şəxslərin içərisində xeyli sayda müxalif fəallar və hökumət üzvləri var. USAİD-in saytında qeyd olunur ki, 1991-ci ildən (32 il ərzində) bu günə qədər qurum Azərbaycanda müxtəlif sahələrə 431 milyon dollar sərmayə qoyub. Hazırda hökumət Azərbaycanın başqa bir ölkənin yardımına ehtiyacı olmadığını bildirir.
Müharibədən sonra ölkənin daxilində təhdid yaradan problemlərin strateji həlli istiqamətində atılan addımların nəticələrini qənaətbəxş hesab etmək olarmı?! Müharibədən sonrakı ilk bir-iki il ərzində narkomaniya və narkotik maddələrin dövriyyəsinə qarşı başlanmış effektiv tədbirlər tormozlanıb, bu tədbirlər müharibədən öncəki fazaya yenidən geri dönüş edib.
İrana casusluq edən dindarlarla ölkənin əsas dini-ideoloji bazasını, sosial elektoratını təşkil edən şiələri fərqləndirə bilmədik. Nəticədə ölkədə “şiələrə qarşı hücum başlayıb” fikri formalaşmış oldu.
Hələ Sovet dövründən başlayaraq, mədəniyyət xadimlərinin Rusiyaya olan bağlılıqları deyil, jurnalistlərin, ekspertlərin Rusiyaya “işlədikləri” ictimai fikirə yeridildi. Əslində isə Rusiyanın Azərbaycanda 300 il yaşı olan və oturuşmuş casus şəbəkəsi var. Bu şəbəkəyə nəsillər və ailələr xidmət edir.
İdeoloji cəbhənin əsas döyüş artilleriyası sayılan ədəbiyyat və media sahəsində durğunluq daha da dərinləşib. Ədəbiyyat adamlarının yazdığı əsərlər ölkənin ədəbi-siyasi güzgüsünə çevrilə bilməyib, “kim daha yaxşı yazıçıdır, şairdir” qovğası istedadlı ədəbiyyat adamlarının gündəlik vədrişlərinə çevrilib. Hökumətdən ev, medal və digər imtiyazlar almaq uğrunda döyüşən yazıçı-şairlər dövlət və xalq qarşısında heç bir öhdəlik, məsuliyyət hiss etmirlər.
Media rəhbərləri dövlət vəsaitlərini ənənəvi “xəbərçilik” klaviaturasına, şou xəbərlərinin tirajlanmasına və şəxsi mənfəətlərinə sərf edirlər. Gərginləşən ABŞ-Azərbaycan münasibətləri mətbuatda qarşı tərəfin küstar üsullarla ittiham olunması ritorikasından o tərəfə keçmir. Məsələn, bu münasibətlər daha da gəriginləşsə, ABŞ-ın Azərbaycana hansı sanksiyalar (real arqumentlərlə) tətbiq edəcəyi, hansı məkrli planlar həyata keçirmək istəkləri açıq təhlil olunmur.
Ədəbiyyatda və mediada “mafiyalaşma” daha da mütəşəkkil hal alıb.
Müharibədən sonra ideoloji olaraq, bir neçə region ölkədən qopub. İkinci paytaxt hesab olunan Gəncə şəhəri ilə Bakı arasında ideoloji bağ tamamilə qırılmaq üzrədir. Qarabağ müharibəsindən əvvəl regionlara siyasi, ideoloji baxımdan az da olsa, mərkəzləşmiş nəzarət mövcud idi, indi bütün resurslar Qarabağın bərpasına yönəlib. Hüquq-mühafizə orqanlarının ayıq fəaliyyəti mövcud problemlərin sosial partlayışla nəticələnməsinin qarşısını almaqdadır. Əhali ilə təmas, ideoloji iş sıfırlanıb. Qarabağ geri aldıq, amma digər bölgələri itiririk.
Müəllif: Samir Feyruzov
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.