Rusiya MN hələ də Laçın şəhərini öz məsuliyyət zonası sayır... - BU NƏDİ BELƏ?!
4-12-2023, 10:38
AzTV başda olmaqla telekanallarımızın, qəzet və saytlarımızın, eləcə də deputat, siyasətçi, politoloq, hərbi ekspertlərin və s. başı Qərbi, ABŞ-ı, Avropanı, Fransanı söyməyə, ABŞ kimi nəhəng bir dövlətin ölkəmizdəki “casus şəbəkəsi”ni ifşa etməyə qarışdığı bir vaxtda ən böyük və yaxın qonşumuz, strateji müttəfiqimiz(!) olan Rusiyanın “sülhməramlı” sayılan hərbi qüvvələri Qarabağın dağlıq hissəsində, yəni suveren(!) ərazimizdə qalmaqla dövlətimizə qarşı ən azı virtual təxribatlarını davam etdirirlər.
Moderator.az-ın son araşdırmasından bəlli olur ki, əvvəlki aylarda olduğu kimi, Silahlı Qüvvələrimizin 19-20 sentyabr əməliyyatlarından sonra da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı”lara aid bölmədə təxminən bir həftəni çıxmaq şərti ilə qalan günlərə aid dislokasiya xəritələrində Laçın şəhəri bu ölkənin hərbi qüvvələrinin məsuliyyət zonasına daxil edilir. Bu, 3 dekabr 2023-cü il tarixindəki sonuncu xəritədə də belədir. Dəqiq araşdırma aparmaq çətindir. Çünki Rusiya MN-in saytının hımin bölməsində bir neçə dəqiqə izləmə apardıqdan sonra sayta giriş bloklanır. Lakin biz gündəlik olaraq bəhs edilən saytın xəbər bülletenləri və dislokasiya xəritələrini izlədiyimizdən deyə bilərik ki, maksimum 7-8 gün istisna olmaqla son 3 aya yaxın müddətdə Rusiya MN Laçını öz “məsuliyyət zonası”dan çıxarmayıb...
Ümumiyyətlə, dəfələrlə qeyd etdiyimiz kimi, Laçın şəhəri 2022-ci il avqustun 26-dan, yəni qanunsuz məskunlaşdırılmış ermənilər həmin rayon mərkəzi, eləcə də rayonun Zabux və Sus kəndlərini tərk etdikdən və Ali Baş Komandan İlham Əliyev özü şəxsən bu şəhərə daxil olaraq həmin məkanın da Azərbaycan dövləti və ordusunun bilavasitə nəzarətinə daxil olduğunu elan etdikdən bəri keçən müddətdə də hansı səbəbdənsə Rusiyanın “hədəf”ində olub. Və Kreml 1 il 3 aydan çox müddətdəki günlərin böyük əksəriyyətini Laçını virtual “işğal” altında saxlayıb. Artıq bunun səbəbini təsadüf, texniki səhvlə və ya Rusiya MN-in həmin xəritələri tərtib edən Moskvadakı əməkdaşlarının sərxoş vəziyyətdə olmasıyla izah etmək çox gülüncdür. Təəssüf ki, bəhs edilən vaxt ərzində bu haqda yazdığımız xəbər və araşdırmalara, həmçinin Müdafiə Nazlirliyinə müraciətlərimizə rəğmən hərbi ekspertlər Üzeyir Cəfərov və Ədalət Verdiyev istisna olmaqla hansısa rəsmi və ya qeyri-rəsmi şəxsin bu məsələ haqda ciddi açıqlama verməsinə rast gəlməmişik. Halbuki, Rusiya MN-in belə uzun bir müddətdə Laçın kimi hərbi strateji və hazırda güclü və geniş bərpa və yenidənqurma işlərinin getdiyi, böyük maliyyə və insan resurslarının xərcləndiyi bir şəhəri virtual “işğal”da saxlamasını yalnız müstəqil(!) Azərbaycan dövlətinə və xalqına müəyyən bir mesaj kimi dəyərləndirmək mümkündür...