Rusiyanın Zaporojye AES-dəki terroru: dünya isə susur – SƏBƏBLƏR

6-12-2023, 09:24           
Rusiyanın Zaporojye AES-dəki terroru: dünya isə susur – SƏBƏBLƏR
Ukrayna naminə heç kim belə “qurbanlar” verməyə hazır deyil

Zaporojye Atom Elektrik Stansiyasının (AES) ətrafında baş verən son hadisələr, rusların hərəkətləri və atəşi nəticəsində stansiya fəlakətin astanasındadır. Bu, yeni xəbər deyil. Vəziyyət bir ildən çoxdur ki, belə davam edir: stansiyanın yaxınlığındakı ərazidən işğalçılar Nikopol və Dnepr çayının qarşı sahilində yerləşən digər şəhərləri müntəzəm olaraq atəşə tuturlar. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) belə halları qeydə alır və vəziyyətdən narahatlığını bildirir, lakin atəş kəsilmir. Artıq MAQATE-nin Rəhbərlər Şurasından Rusiyaya hərbi və digər rus personalını Zaporojye AES-dən çıxarmaq barədə dəfələrlə çağırışlar edilib, lakin bu da heç bir nəticə verməyib.

Təbii ki, Rusiya nüvə energetikası sahəsində bütün beynəlxalq normaları pozur və ona istiqaməti - çıxışı göstərmək düzgün olardı. Amma bu gün onun MAQATE-nin Rəhbərlər Şurasının üzvlüyündən çıxarılmasının mümkünlüyündən danışmaq real deyil. Təşkilat üzvləri bu cür radikal qərara tamamilə hazır deyillər.

Hətta bizim bu yaxınlarda Rəhbərlər Şurasının üzvü olmağımız da Ukraynaya MAQATE-yə təzyiq göstərməyə kömək etməyəcək. Doğrudan da, bu, bizə səsvermədə iştirak etmək, öz nöqteyi-nəzərimizi bildirmək, problemlərimizi bu beynəlxalq təşkilata üzv olan ölkələrə çatdırmaq imkanı verir. Və bu, müsbət haldır. Amma iki məqam var ki, onları da unutmaq olmaz.

Birincisi, MAQATE BMT-nin nəzdində fəaliyyət göstərən bir təşkilatdır. BMT isə kifayət qədər mənasız bir quruma çevrilib. Yəni bəyanat verə bilər, amma heç nəyə qərar vermir. MAQATE haqqında da eyni şeyi demək olar - onlar bəyanat və nəzarət edə bilərlər, lakin heç nəyə qərar vermirlər. Onlar Zaporojye AES ətrafında baş verənlərə təsir edə bilmirlər. Baxmayaraq ki, Zaporojye AES-in terrorçular tərəfindən ələ keçirildiyi açıq-aydın görünür və bu, dünyada ilk dəfə baş verib.

İkincisi, Rusiya qlobal zənginləşdirilmiş uran bazarının 25 faizdən çoxunu tutur. Qazaxıstanla birlikdə Rusiya Federasiyası dünya uranın təxminən 40 faizinin istehsalına nəzarət edir. MAQATE üzvlərinin əksəriyyətinin bu məsələdə öz narahatlıqları var, onların elektrik enerjisi istehsal edən nüvə sənayesinin işində öz maraqları var. Yəni təəssüf ki, indi dünyanın bir çox ölkəsi məhz nüvə enerjisi sahəsində Rusiyaya bağlıdır.

Bundan əlavə, zaman-zaman Rusiyanın Zaporojye AES-də törətdiyi terror aktlarına görə cəzalandırılmasına heç də kömək etməyən yeni hallar yaranır. Belə hadisələrdən biri Nigeriyada hakimiyyət dəyişikliyidir. Əslində bu ölkədə çevriliş oldu, hakimiyyətə ruspərəst və çinpərəst mövqedə olanlar gəldi. Nigeriya isə nüvə yanacağı - uranın, xüsusən də Fransanın tədarükçülərindən biridir. Yəni bu hadisələrə görə dünyanın Rusiyadan uran tədarükündən asılılığı daha da artıb.

Anlamaq lazımdır ki, məsələn, neft və neft məhsullarının tədarükünü diversifikasiya etmək mümkündür, hətta bir təchizatçı ölkəni digəri ilə əvəz etmək böyük çətinliklə olsa da, zənginləşdirilmiş nüvə yanacağının tədarükünü əvəz etmək mümkün deyil. Bunun üçün müvafiq texnoloji imkanlar yaratmaq lazımdır və bu, uzun illər çəkəcək.

Məhz buna görə - zənginləşdirilmiş nüvə yanacağının bir çox ölkələrə Rusiyadan tədarükündən asılı olduğuna görə beynəlxalq ictimaiyyət Zaporojye AES ətrafındakı vəziyyətə kifayət qədər ləng reaksiya verir. Baş verənlərin hamısı Rusiya tərəfindən MAQATE Nizamnaməsinin, BMT və ATƏT-in beynəlxalq konvensiyalarının, xüsusən də Nüvə Terrorçuluğu Aktlarına Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyanın pozulması olsa da, dünya ona qarşı çox sərt sanksiyalar tətbiq etməyə hazır deyil.

Xatırladım ki, işğalçı dövlətə qarşı bu cür qəti addımlar artıq müzakirə olunub, lakin bir çox ölkələr buna qarşı çıxıblar. Ukrayna naminə heç kim belə “qurbanlar” verməyə hazır deyil.

Ona görə də dünyanın Rusiya nüvə kompleksinə sanksiyalarla zərbə vuracağı ilə bağlı illüziyalara qapılmağa ehtiyac yoxdur. Bəli, qismən ola bilər, ancaq illüstrativ sanksiyalar mümkündür. Ciddi məhdudiyyətlər olmayacaq. Səbəb isə yenə deyirəm, dünyanın Rusiyanın uran və zənginləşdirilmiş uran tədarükündən ciddi asılılığıdır.

Müəllif: Vladimir Omelçenko – Ukrayna Razumkov Mərkəzinin enerji proqramlarının direktoru.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.