İlham Əliyevdən yeni sərəncam
25-07-2016, 19:50
Prezident İlham Əliyev Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 4,6 milyon (dörd milyon altı yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.