Eldar Mahmudovun generalları istintaqla əməkdaşlıq edir
26-07-2016, 09:08
Öldü-qaldısı bilinməyən Mahmudov özü haradadır?
İddialara görə, əlində 2800-dən çox seks videosu olan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun öldü-qaldısı haqda rəsmi xəbər yoxdur. Ötən ilin oktyabrın 17-də vəzifəsindən çıxarılandan sonra E.Mahmudovun telefonları əlindən alınaraq nəzarət altında Badamdardakı imarətinə aparıldığı, orada saxlanıldığı xəbəri yayılmışdı.
Sonrakı məlumatlarda E.Mahmudovun Bilgəhdəki bağ evində ciddi nəzarət altında saxlanıldığı bildirilirdi. Bununla belə, bu gün sabiq nazirin konkret olaraq harada olması məlum deyil.
Onun adına “MTN işi” üzrə həbsə alınan 10-a yaxın xüsusi xidmət generalının adlarının sırasında rast gəlinmir. Ona görə də E.Mahmudovun istintaqdan kənarda qalmağı bacardığı haqda xəbərlər də dolaşmaqdadır.
Belə xəbərlər də var idi ki, E.Mahmudov əlindəki 2800 seks videosu, şantaj materiallarından dolayı özünü istintaqçıların sorğu-suallarından yayındıra bilir. Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdən yayına bilən iki yüksək rütbəli vəzifə daşıyıcısı - Eldar Mahmudov yaxın kadrlar olan Hilal Əsədov və qurumun istintaq idarəsinin rəisi Mövlam Şıxəliyev də azadlıqdadırlar.
Bu 2 şəxs vaxtilə DİN sistemində, E.Mahmudovun rəhbərliyi altında çalışıblar. 2004-cü ildə E.Mahmudov nazir təyin ediləndən sonra hər iki şəxsi MTN-ə işə götürüb, yüksək vəzifələr verib. Bu baxımdan sabiq nazirə yaxın 2 kadrın azadlıqda qalmaları suallar yaradıb.
Gələn məlumatların təhlili belə nəticə çıxarmağa əsas verir ki, Hilal Əsədov istintaq tərəfi ilə əməkdaşlıq yolunu tutub və məsuliyyətdən kənar qala bilir. Onun dolayısı ilə sabiq nazirin əleyhinə ifadələr verməsi azadlıqda qalmasını təmin edib.
“MTN işi” başladılandan sonra belə məlumatlar da vardı ki, Hilal Əsədov Eldar Mahmudov vəzifəsindən azad olunmazdan təxminən 3 ay öncə qarşı tərəflə - MTN-dəki qəfil əməliyyatı hazırlayan qrupla əməkdaşlığa başlayıb. Bu “gedişi” onu həbsdən kənarda qoyub.
H.Əsədovun adı ölkə rəhbərliyinə daxil olan şəxslərin qanunsuz dinlənilməsində hallanır. Ümumiyyətlə isə MTN-də dinləmələrə göstəriş vermək səlahiyyəti olan 2 şəxsdən biri də məhz H.Əsədov olub.
E.Mahmudov özünün xüsusi blankında dinləmələr üçün qurumun Monitorinq Xidmətinə göstəriş verə bildiyi kimi H.Əsədov da tutduğu vəzifəyə görə belə səlahiyyət sahibi olub. MTN yüksək rütbəlilərinin şəxsi maraqlarına uyğun qeyri-rəsmi dinləmələrə göstəriş vermələri haqda kifayət qədər ciddi məlumatlar da var. İddialar var ki, H.Əsədov Eldar Mahmudovun qanunsuz dinləmələrlə bağlı qeyri-rəsmi göstərişlərini icraçılara çatdırıb, qanunsuz yolla əldə edilmiş informasiyaları da sonradan sabiq nazirə ötürüb.musavat.com
Hazırda qanunsuz dinləmələrlə bağlı MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev həbsdədir. H.Əsədov kimi T.Quliyev də E.Mahmudovun DİN sistemindən xüsusi xidmət orqanlarına transfer etdiyi kadrdır. “MTN işi” başlandıqdan dərhal sonra həbsə alınan T.Quliyev 1970-ci ildə Bakıda anadan olub. Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib. Teymur Quliyev daha sonra DİN sistemində çalışıb. DİN-in İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində gələcək MTN rəhbəri Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevin də iş yeri dəyişib. O, MTN-də təchizat şöbəsinin rəisi postuna gətirilib. Tezliklə daha yüksək posta - MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb. 2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilib. Qanunsuz dinləmələr ittihamı ilə üz-üzə qalaraq müstəntiqlərin suallarını cavablandırmalı olan T.Quliyevin ifadələri E.Mahmudov və H.Əsədovun gələcək talelərini müəyyən etmək çəkidədir. İstintaqçılar T.Quliyevdən qanunsuz dinləmələrlə bağlı ifadə ala bilsələr, həmin ifadələr onun tabeçiliyində olduğu Hilal Əsədov və Eldar Mahmudovu “içəri” aparmaq gücündədir.
T.Quliyevin böyük bir məsuliyyətin altına girərək ölkə rəhbərliyini özbaşına dinləməsini söyləməsi də real görünmür. Bu xüsusda H.Əsədovun azadlıqda qalmasını diqqət mərkəzinə alsaq, belə nəticəyə gəlmək olar ki, qanunsuz dinləmələrlə bağlı Eldar Mahmudova uzanan zənciri istintaqçılar ortaya qoya biliblər. Başqa sözlə, Teymur Quliyevdən Hilal Əsədovun qeyri-rəsmi göstərişləri əsasında dinləmələrin baş tutmasını təsdiqləyən ifadə alıblar. Həmin ifadəni H.Əsədov da təsdiqləyib və ona da göstərişin Eldar Mahmudov tərəfindən verilməsini istintaqçılara deyə və bunun müqabilində həbsdən yaxa qurtara bilərdi.
Mümkündür ki, “MTN işi” məhkəməyə göndəriləndən sonra orada H.Əsədov və Eldar Mahmudovun üzləşdirilməsi, sonradan həbsləri baş tutsun. MTN-in İstintaq İdarəsinin sabiq rəisinin hazırda azadlıqda olmasının səbəbi haqda da ən müxtəlif məlumatlar var. Sahibkarlara qan uddurulmasında adı qırmızı xətlə keçən M.Şıxəliyevin həbs edilməməsinin arxasında onun hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslərdən biri ilə qohumluq əlaqələri göstərilir. Qeyd edilir ki, M.Şıxəliyev də H.Əsədov kimi “MTN işi” başlanan ilk gündən istintaqla əməkdaşlıq yolunu tutub. Onun ifadələri əsasında E.Mahmudovun bir çox gizlinləri aşkar olub.
Bu arada Hilal Əsədovun 14 saylı uşaq poliklinikasının baş həkimi işləyən həyat yoldaşı Nüşabə Əsədovanın tutduğu vəzifədən kənarlaşdırılması da diqqət çəkir. “MTN işi” başlayandan sonra ərizə yazaraq öz hesabına uzunmüddətli məzuniyyətə gedən Nüşabə Əsədova məzuniyyətdən geri qayıtmamaq qərarı verib.
Belə görünür ki, N.Əsədovanın geri qaytarılması üçün lazım olan, Əsədovların gözlədiyi durum yaranmayıb. Vəziyyət Əsədovların hesablamalarında diqqətə aldıqları kimi olmayıb. Odur ki, N.Əsədova daha bir ərizə yazıb illərlə çalışdığı vəzifə ilə vidalaşmaq məcburiyyətində qalıb.