“BU, KREMLİN ƏSAS MESAJIDIR...” - Zaxarovanın bəyanatı nədən xəbər verir?

16-12-2023, 07:24           
“BU, KREMLİN ƏSAS MESAJIDIR...” -
“Rusiya Xarici İşlər Nazirliyinin dünən axşam yaydığı məlumat həm forma, həm də məzmun baxımından maraqlıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Rusiya XİN-dən verilən açıqlamaları şəırh edərkən deyib.

Xatırladaq ki, M.Zaxarova uzun müddətdən sonra ilk dəfə həqiqətləri dilə gətirib. O, bildirib ki məhz rəsmi İrəvanın hərəkətləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının bir sıra bəndlərinin həyata keçirilməsinin mümkünsüzlüyünə gətirib çıxarıb.

Zaxarova vurğulayıb ki, İrəvanın üçtərəfli razılaşmaları tam yerinə yetirməyə imkan verməyən bir sıra hərəkətlərini qeyd etməyə bilməzlər: “Ermənistan tərəfinin üçtərəfli razılaşmaları pozaraq, Laçın dəhlizindən Qarabağa silah tədarükü üçün istifadə etməsi və rəsmi İrəvanın erməni silahlı birləşmələrinin bölgədən tam çıxarılmasını təmin etmək istəməməsi duruma mənfi təsir göstərdi və bu, 2023-cü ilin sentyabrında silahlı toqquşmalara səbəb oldu”.

Fərhad Məmmədov deyir ki, Mariya Zaxarova həftədə bir-iki dəfə müxtəlif mövzularda çıxış etmək imkanına malikdir və o, indi səsləndirdiyi fikirləri mətbuat konfransları zamanı da deyə bilərdi: “Yəqin ki, Rusiya XİN-in rəsmi nümayəndəsinin xüsusi bəyanat verməsinin ayrıca bir səbəbi var. Bu, Ermənistana indiki şəraitdə üçtərəfli formatdan çıxmasının onun üçün fəsadlarla dolu olduğu və Qərbin kömək etməyəcəyi ilə bağlı xəbərdarlıqdır. Bu, ilk dəfə daha açıq şəkildə ifadə edildi”.

Bəs niyə Rusiya Xarici İşlər Nazirliyinin bu açıqlamanı məhz dünən verdi?

Politoloq xatırladır ki, Rusiya Prezidenti dünən MDB, Aİİ və KTMT-dən çıxmasının Ermənistanın maraqlarına uyğun olmadığını dedi: “Hesab edirəm ki, bu, Kremlin əsas mesajıdır və Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı da məhz bununla bağlıdır. Rusiya Paşinyanın Aİİ və MDB sammitlərinə gözlənilən səfərinə və Putin-Paşinyan görüşünə belə hazırlaşır. Digər tərəfdən, Moskva Bakı ilə İrəvan arasında ikitərəfli razılaşmalardan, o cümlədən, yenə də sülh müqaviləsi və sərhədə dair danışıqların ikitərəfli formatından çox da mənun deyil. Burada Rusiyanın mövqeyi Qərbin - ABŞ və Aİ-ni mövqeyinə paraleldir. Qərb də ikitərəfli formatı həzm etməkdə çətinlik çəkir. Mişelin Qarabağdan köçən ermənilər və Azərbaycanın birtərəfli öhdəlikləri ilə bağlı bəyanatı da məhz bununla bağlıdır. Belə bir hiss yaranır ki, vasitəçilər Azərbaycan və Ermənistanın onların iştirakı olmadan nəsə razılaşa biləcəyini qəbul etmək istəmirlər”.

F. Məmmədov deyir ki, bundan sonra prosesləri müşahidə etmək lazımdır.

“Görək, Azərbaycan və Ermənistan vasitəçilərin bütün ədəb qaydalarını aşan təzyiqlərini neytrallaşdıra biləcəkmi. Ermənistanın indi Rusiya ilə münasibətlərdə üzləşdiyi təzyiqləri Azərbaycan mahiyyətcə ay yarım əvvəl ABŞ və AB ilə münasibətlərdə yaşayıb”, - ekspert qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.