Eldar Mahmudov deyəsən hələ də söz sahibidir - İTTİHAM VAR
26-07-2016, 16:31
Məlum olduğu kimi, bu ilin 09 fevralında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Gəncə şəhərinin “Zazalı-İmamzadə” Kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı, əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Gündəm Xəbər”in əldə etdiyi məlumata görə, “Zazalı-İmamzadə” Kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə, 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılıb. Hal-hazırda adıçəkilən yolun tikintisinin əsas hissəsindən biri olan “Dairəvi yol”un yenidən qurulması işi, Gəncə şəhərinin “Poct qəsəbəsi” adlanan ərazisində davam etdirilir. Şəhərin “Azərbaycan” kücəsindən kecib "Poct qəsəbəsi”nə dönən yol, əvvəlcə dəmir yolunu iki dəfə kəsir və şəhərin cıxış istiqamətinə, yəni, Bakı-Qazax magistral avtomobil yoluna çıxır. Yolun "dairəvi" adlanan hissəsi əvvəl dəmir yolunu kəsirdisə, indi məcburi qaydada özəl bir obyektin başına fırlanmalı olur. “Zazalı-İmamzadə" Kompleksi Gəncə avtomobil yolunun çəkilişi zamanı, bir çox obyektlərin, o cümlədən sıravi vətəndaşlara məxsus mənzillərin söküldüyü halda, həm avtomobil, həm də dəmir yolunun mühafizə zolağında yerləşən və üzərində "Ucuzluq" yazılan obyektin sahibi, daha dəqiq desək, "ADY"QSC-nin Təmir-Tikinti Departamentinin sabiq rəisi Cingiz Məmmədovun həyat yoldaşı olan Sevil Məmmədovaya məxsusdur ki, həmin obyekt dairəvi yola ciddi maneə törətsə də, obyekt heç bir halda sökülmür və həmin yol obyektin başına fırlanır. Adıçəkilən obyekt dəmir yolu ərazisində "İşgüzar həyət" adı ilə tanınan yerdə yerləşir ki, həmin obyekt də Çingiz Məmmədov təmir -tikinti departamentinin rəisi olan zaman, dəmiryolçular tərəfindən inşa olunub, sənədləşmə isə onun həyat yoldaşının adına sənədləşdirilib. Hal-hazırda Sevil Məmmədovaya məxsus obyektin idarəçiliyi, onun qardaşının ixtiyarındadır. Necə deyərlər sabiq departament rəisi, əldə edəcəyi “para”nı bir cibindən götürüb digərinə qoyur. Ortada mənimsənilən isə, "ADY"QSC-nin ərazisi olur. "ADY"QSC-nin sabiq rəisi Cingiz Məmmədov haqqında qısa arayış: C.Qurbanov "ADY"QSC-yə sədr təyin olunana qədər, o, dəmir yolunda təmir-tikinti departamentinin rəisi olduğundan, bu sahəyə məxsus, xüsusilə də Gəncə istiqamətində olan yararlı və dəyərli obyektlərin çoxunu öz yaxınlarının adına sənədləşdirmiş, halhazırda isə bazara çıxarıb xırıd etməklə məşğuldur. Deyilənlərə görə həm o, "qara polkovnik" ləqəbi ilə tanınan Hacı Məmmədovun, həm də Rusiyada yaşayan azərbaycanlı iş adamı Söyün Sadıxovun yaxın qohumudur. Eyni zamanda onun, bütün zamanlarda Eldar Mahmudovu dəstəkləyən, ona dost olan Əli Əsədovla bağlı olması, yəqin ki, respublikada heç kimə sirr deyil. Bütün bunlardan sonra, belə qənaətə gəlmək mümkündür ki, hələ də kifayət qədər gücü, təsir imkanları olan Çingiz Məmmədovla, "Azəravtoyolservis" ASC-nin rəhbərliyi hesablaşmağa məcbur edilir. Əks halda prezident İlham Əliyevin 12 milyon ayırdığı və yük maşınlarının gediş-gəlişi üçün nəzərdə tutulan yolun dairəvi hissəsində Eldar Mahmudov qruplaşmasının üzvlərindən olan Çingiz Məmmədova məxsus obyekt sökülərdi ki, yol mühafizə zolağında yerləşən obyektin başına fırlanmazdı. Əsasən yük maşınlarının gediş-gəlişi üçün nəzərdə tutulan yolun dairəvi hissəsində, yük maşınlarının dönməsi zamanı nəzərdə tutulan diametrin kiçikliyi, "Azəravtoyolservis"i,deyəsən heç narahat etmir. Yaxud da “Zazalı- İmamzadə" Kompleksi -Gəncə avtomobil yolunun çəkilişi ilə bağlı layihə hazırlanan zaman, görünür Eldar Mahmudovun və Əli Əsədovun “qılıncının dalı-qabağı kəsən zamana düşüb”, əks halda yolun çəklişinə mane olan qeyri-qanuni tikiliyə görə, yolda narahatçılıq yaranmazdı, yol sabiq rəisə məxsus obyektin də "başına fırlanmazdı". Hörmətli oxucular! Növbəti saylarımızda Çingiz Məmmədovun Gəncə Dəmir Yoluna məxsus ərazilərdə, bu günədək sahib olduğu obyektlərin varlığı barədə ətraflı məlumatlar verməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.