Şirvandakı hərbi zavodda partlayışın səbəbi bilindi FOTO VİDEO Yenilənib
26-07-2016, 23:17
Son məlumata görə, partlayış zamanı iki nəfər həlak olub. Belə ki, partlayış zamanı iki nəfər itkin düşüb. Eyni zamanda Şirvan şəhər morquna iki nəfərin yanmış meyiti gətirilib.
***
Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus “Araz” zavodunda baş verən partlayışda yaralanan şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın verdiyi məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib.
Onlardan 14 nəfərə ambulator yardım göstərilərək evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə alır. Onlardan 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.
7 nəfərin isə xəsarətləri yüngüldür.
***
Bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodundakı partlayış hazır məhsullar anbarında baş verib.
Trend-in əldə etdiyi məlumata görə, partlayış hərbçilər silah götürmək məqsədilə zavoda daxil olarkən baş verib.
Hadisə nəticəsində yaralananların hamısı hərbçilərdir.
***
Baş Prokurorluğun yüksək rütbəli əməkdaşları partlayış baş verən Şirvan şəhərinə gedib.
Şirvanda baş verən partlayışla bağlı baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov və prokurorluğun daha bir neçə əməkdaşı hadisə yerindədir.
Hazırda baş vermiş hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.
***
Bu gün Şirvan şəhərində baş vermiş partlayışla bağlı Azərbaycan fövqəladə hallar nazirinin iki müavini hadisə yerinə ezam olunub.
Fövqəladə hallar nazirinin müavinləri, Faiq Tağızadə və Etibar Mirzəyev artıq hadisə yerindədirlər.
Baş vermiş hadisə ilə bağlı aparılan ilkin araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
***
Nazir Yavər Camalov özü hadisə yerinə yollanıb.
***
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan və Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilənlərin sayı 20-yə çatıb.
Hadisə nəticəsində yaralanan şəxslərin daşınması üçün ətraf 4 rayonun mərkəzi xəstəxanalarının təcili tibbi yardım maşınları da cəlb olunub.
***
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan 20 nəfər yaralı gətirilib.
Yaralılardan birinin vəziyyəti ağırdır. Beş nəfər isə ambulator yardım göstərildikdən sonra evı buraxılıb.
Xəstəxanadan o da bildirilib ki, partlayış baş verən əraziyə gedən və gələn yollar tıxac olduğundan “Təcili yardım” maşınlarının hərəkətində ciddi problem yaranıb.
***
Bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına artıq 11 nəfər xəsarət almış şəxs çatdırılıb. Hadisə yerində təcili yardım briqadaları işini davam etdirir.
***
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralıların sayı 10-a çatıb. Xəstəxanadan bildirilib ki, yaralılardan birinin vəziyyəti ağırdır.
***
Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı ilkin məlumat yayıb.
Məlumatda deyilir ki, bu gün saat 15:35 radələrində nazirliyinin Şirvan ”Araz” zavodunda yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək: “Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat xidməti ilə əlaqə saxlanılsın”.
***
Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunub.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.
Hadisə yerinə əlavə olaraq Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) artıq göndərilib və 3 həkim briqadası da göndərilməkdədir. Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım göstərilir.
Sosial şəbəkələrdə isə rayon sakinləri 1 nəfərin öldüyünü, ondan çox yaralının olduğunu yazıblar.
***
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib. Bu barədə xəstəxanadan məlumat verilib.
***
Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş verən dəhşətli partlayış nəticəsində yaralananlar xəstəxanalara daşınır.
Bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bildirib. Onun sözlərinə görə, xeyli sayda yaralı var. Hələlik yaralıların sayı dəqiqləşdirilməyib. Ölənlər barədə məlumat verilmir.
***
Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib. Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda dəhşətli partlayış olub. Zavodda silah-sursat istehsal olunur.
Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil. Partlayışın səsi bir neçə kilometr məsafədən eşidilib. Partlayışın gücündən hətta bir neçə kilometr aralıda yerləşən binaların şüşələri qırılıb. Zavoda yaxın ərazidə yaşaya sakinlər təxliyyə olunur.
Məlumata görə, ölən və yaralılar var.
Hazırda zavodda partlayış səsləri gəlməkdədir.
Qeyd edək ki, zavodda 46-ya yaxın işçi çalışır. Onlardan 5 rəhbər, 41-i işçi personaldı.